04 fevral 2024 12:16
268

Uğursuz və tarixin arxivinə göndərilən Minsk qrupu...

Məlum olduğu kimi,  ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşdə Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və keçmiş Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etmək idi.
1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin "paket" (Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu) həlli, 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin "mərhələli" (münaqişənin mərhələlərlə nizama salınması) həllindən ibarət idi. 1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan "ümumi dövlət" ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən "ümumi dövlət" təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.
Ümumimilli Lidier Heydər Əliyev ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri ilə görüşdə Minsk qrupunun fəaliyyətinə böyük əhəmiyyət verdiyini və onun birbaşa görüşlərlə yanaşı aparılmalı olduğunu ifadə etmişdir: "Mən Ermənistan prezidenti ilə danışıqları yenə də davam etdirməyə hazıram. Minskdə ‎bizim görüşümüz zamanı mən bunu təsdiq etdim və prezident Koçaryan da təsdiq etdi. ‎Amma siz bilirsiniz ki, bu danışıqların istənilən nəticəyə gəlib çıxmamasının səbəbi ‎kimdədir. Ona görə mən sizə müraciət edirəm ki, həm danışıqlar aparaq, həm də siz öz ‎fəaliyyətinizi genişləndirəsiniz."
2001-ci il ərzində keçmiş münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri fəal danışıqlar aparıblar. Həmin dövrdə Heydər Əliyev və Robert Koçaryan iki dəfə Parisdə (yanvar, mart), Ki-Uestdə (ABŞ, aprel) və Soçidə (Rusiya, avqust) görüşüblər.
Aparılan danışıqlar gərgin şəraitdə keçib. Vəziyyətin həlledici mərhələyə daxil olması ehtimalı Azərbaycanda Minsk qrupu həmsədrlərinin təklif etdikləri həll variantlarının 2001-ci ilin fevralında ictimaiyyətə açılmasına səbəb olub. Paket, mərhələli və ümumi dövlət adlı layihələr ölkə parlamentindən başlayaraq bütün ictimai-siyasi təşkilatların müzakirəsinə verilib. Respublika ictimaiyyəti siyasi rəhbərliklə bərabər Azərbaycanın ərazi bütövlüyünə zidd istənilən təklifi, xüsusilə ümumi dövlət adlı variantı qəbul etməmək əzmində olduğunu bəyan edib.
Prezident Heydər Əliyev Minsk qrupu həmsədrləri ilə 4 noyabr 2001-ci il görüşündə məqbul sülh prinsiplərinin razılaşdırılmamasının müharibə təhlükəsini artırdığını, Minsk qrupunun həmsədrləri öz çıxışlarında münaqişənin hərbi yolla həlli olmadığını, hərbi yolla həll ediləcəyi təqdirdə, onsuz da çox ciddi və güclü şəkildə zərər çəkmiş insanların daha böyük və uzunmüddətli müsibətlərə məruz qalacaqlarını bildirmişdilər.
16 iyul 2004-cü ildə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə ATƏT-in Minsk qrupunun ABŞ-dan, Rusiyadan və Fransadan olan həmsədrləri Stiven Mənni, Yuri Merzlyakovu və Anri Jakoleni qəbul etmiş və Prezident İlham Əliyev Azərbaycanın mövqeyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə yaxşı məlum olduğunu, bu mövqenin prezidentlər və xarici işlər nazirləri arasında keçirilmiş görüşlərdə dəfələrlə bəyan edildiyini, Azərbaycanın mövqeyi münaqişənin yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında həll olunmasından ibarət olduğunu bildirmişdir.
2010-cu ildə danışıqlar davam etdirilib və bu danışıqlar 2009-cu ilin dekabrında Minsk Qrupu Həmsədrləri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparılıb.
2018-ci ildə Ermənistanda baş verən çevrilişdən və Nikol Paşinyan may ayında baş nazir olduqdan sonra Qarabağın danışıqlarda tərəf kimi iştirakı ilə bağlı bəyanatla çıxış edib. Bu bəyanat danışıqlar prosesində çətinliklər yaradıb və həll prosesinə zərbə vurub.
Lakin bütün bu səfərlərə, danışıqlara, ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin səylərinə baxmayaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında heç bir uğur əldə edilmirdi.
44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın mütləq qələbəsi ilə nəticələnməsi, torpaqlarımızın işğaldan azad edilməsi təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına nail oldu. Beləliklə, uzun müddət münaqişənin nizamlanması ilə bağlı vasitəçilik missiyasını yerinə yetirmək funksiyası daşıyan ATƏT-in Minsk qrupunun bu istiqamətdə fəaliyyəti nəticəsiz oldu.
Ermənistanın beynəlxalq hüququ pozmasına və aşkar şəkildə Azərbaycanı müharibəyə təhrik etməsinə görə, İrəvana təzyiq etmək əvəzinə ATƏT-in Minsk qrupunun həmsədrləri həmişəki kimi ümumi şablon bəyanatlar verməklə məşğuldurlar. Bir müddət əvvəl çıxışlarının birində Prezident İlham Əliyev bu kontekstdə Vaşinqton, Paris və Moskvaya səslənərək sual edirdi: "Nədir bunların bəyanatındakı əsas tezis?" Və bu sualın dəqiq cavabını da verir: "...hərb variantı mümkün deyil. Kim deyir? Gedin, açın BMT-nin Nizamnaməsini, baxın, görün, özünümüdafiə hüququ var ölkələrdə, yoxsa yox? Yoxsa siz özünüzü nə hesab edirsiniz?! Siz BMT-dən də üstünsünüz?! BMT-nin Nizamnaməsindən də üstünsünüz?! Belədirsə, gedin deyin, biz Minsk qrupunun həmsədrləri hesab edirik ki, BMT-nin Nizamnaməsində əks olunan bu tezis yanlışdır".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə çıxış edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyətin dəyişdiyini, hazırda regionda tamamilə yeni vəziyyətin mövcud olduğunu, Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdiyini, buna güc yolu və siyasi vasitələrlə nail olduğunu, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşduğunu,Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadığını, halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib olduğunu bildirmişdir.
Həmçinin, Prezident İlham Əliyev  son 17 il ərzində danışıqlarda iştirak etdiyini, lakin Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə vermədiyini bildirmişdir. 
8 aprel 2022-ci ildə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk qrupunun ləğv edildiyini deyib.

Ellada Hüseynli,
Xərai rayonu, 264 saylı məktəb-liseyin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü