03 fevral 2024 19:45
263

Sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoyulmalıdır

Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycana səfəri baş tutub. Görüş zamanı qarşılıqlı maraq doğuran bir çox məsələlər barədə fikir mübadiləsi aparılıb. Baş katib Martin Çunqonq cənab Prezident İlham Əliyevin qəbulunda olarkən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının bu il keçiriləcək 29-cu sessiyasına (COP29) ev sahibliyi etmək hüququnu ölkəmizin qazanması münasibətilə təbriklərini çatdırmış, bu beynəlxalq tədbirin əhəmiyyətini bir daha qeyd etmişdir.
Dövlətimizin başçısı cənab Prezident İlham Əliyev Avropada bəzi anti-Azərbaycan qüvvələri tərəfindən ölkəmizə qarşı qərəzli kampaniyaların aparıldığını qeyd edib və bunun səmərəsiz cəhdlər olduğunu vurğulayıb. Prezident İlham Əliyevin qəbul zamanı bəzi Avropa təsisatlarının ölkəmizə qarşı əsassız və yolverilməz hücumları ilə bağlı səsləndirdiyi fikirlər Qərbin anti-Azərbaycan qüvvələrinə ünvanlanmış ciddi mesaj kimi qiymətləndirilməlidir.
Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxladığı dövrdə cənab Prezident İlham Əliyev ölkəmizin bu faktla barışmayacağını və sülh yolu ilə torpaqlarımızın geri qaytarılması baş verməyəcəyi halda buna müharibə yolu ilə nail olacağımızı dəfələrlə bəyan etmişdi. Təəssüflər olsun ki, nə Ermənistan, nə də onun havadarları bu xəbərdarlığı vaxtında nəzərə almadılar. O cümlədən 28 il ərzində Azərbaycan torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin geri qayıtması istiqamətində keçmiş Minsk qrupu tərəfindən heç bir səmərəli addım atılmadı, Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. Buna görə də Azərbaycan bu məsələni özü hərbi yolla həll etməli oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində düşmən ordusunu darmadağın etməklə Vətən torpaqlarını işğaldan azad etdi. 44 günlük Vətən müharibəsi ölkəmizin qələbəsilə başa çatandan sonra da rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Buna görə də Azərbaycan 2023-cü ilin sentyabr ayının 19-da bütün beynəlxalq hüquq normalarını gözləməklə antiterror tədbiri keçirdi və özünün bütün ölkə ərazisində suverenliyini tam bərpa etdi.
Öz çıxışında cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı oldu və Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etdi. Lakin Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Bütün bunlara baxmayaraq, hazırda iki ölkənin sərhədində bir neçə aydır ki, sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına birdəfəlik son qoyulmalıdır.

Cavid Mehdizadə
YAP Xətai rayon təşkilatının fəalı