03 fevral 2024 00:24
351

Azərbaycan regionda dayanıqlı sülh istəyir

Dövlət başçısı İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bir daha 30 illik işğal dövrünün reallıqları fonunda hazırkı mərhələnin çağırışlarını diqqətə çatdırdı

Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa heç bir nəticə əldə edilmədi

Tarixi Zəfərimizdən üç ildən artıq vaxt keçməsinə baxmayaraq Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edərkən ilk olaraq göz önünə qalibiyyətimiz, işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan üçrəngli Bayrağımız, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı gəlir. Səbirlsizliklə gözlədiyimiz bu anların 30 il uzanmasına səbəb olan amillər də diqqətdən kənarda qalmır. Bu, dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin nəticəsi kimi qeyd olunur. Dövlət başçısı İlham Əliyev bütün çıxışlarında, keçirdiyi görüşlərində 44 günlük İkinci Qarabağ müharibəsini şərtləndirən amillərdən geniş bəhs edərək bu məqamı xüsusi qeyd edir ki, məsələnin həlli ilə bağlı 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 28 il fəaliyyət göstərsə də nəticə olmamışdır.

Nəzərə alaq ki, Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Rəsmi Bakının ən yüksək tribunalardan səsləndirdiyi bəyanatlardan biri bu oldu ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Cənab İlham Əliyev 30 illik işğal dövründə, həmçinin postmünaqişə mərhələsində ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı iradlarını bildirmişdi. Qurum heç nə olmamış kimi seyrçi mövqeyində, missiyasını nəticəsiz səfərlərlə bitmiş hesab etməklə Azərbaycan dövlətinin, xalqının haqlı narazılığına səbəb olmuşdur. Diqqətçəkən məqam isə Vətən müharibəsində tarixi Qələbəmizdən sonra Minsk qrupu həmsədrlərinin dövlətimizin başçısı İlham Əliyevlə görüşmək istəyi, ölkə Prezidentinin həmin qəbulda 28 ilə yaxın dövrdə qurumun fəaliyyətsizliyini əsaslı şəkildə diqqətə çatdırması, həmsədrlərin postmüharibə dövrü ilə bağlı nəzərdə tutulan prioritetlərin icrasında fəal olacaqları ilə bağlı fikirlər səsləndirmələri və sair kimi məqamlar bir daha bu reallığa işıq salır ki, beynəlxalq hüquq normaları zamana və məkana görə tətbiq edildiyi kimi, beynəlxalq münasibətlərdə əsas amil olan güc öz aktuallığını qoruyub özünü qabarıq şəkildə büruzə verəndə maraqlar da dəyişir. Azərbaycanın döyüş meydanında Qələbəsi, 30 ilə yaxın müddətdə dünya dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə ATƏT-in Minsk qrupunun edə bilmədiyini Azərbaycan Ordusunun etməsi dünyanın bu günədək nümayiş etdirdiyi, amma özünün «duymadığı» ikili siyasətin yaratdığı problemləri dərk etmək məcburiyyətində qoydu.

Dövlət başçısı İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bu məqamlara xüsusi diqqət yönəltdi. «Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Azərbaycan tərəfi torpaqları işğal altında olan zaman haqlı olaraq Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı. Dövlət başçısı onu da vurğuladı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

Reallıq budur ki, İkinci Qarabağ müharibəsində döyüş meydanında məğlubiyyətə uğrayan Ermənistan təxribatlara əl atır, mülki şəxsləri atəşə tutur, dağıntılar yaradırdı. Sentyabrın 27-dən bugünədək təcavüzkara qarşı heç bir təzyiq nəinki yoxdur, əksinə dünya birliyi Ermənistanın yürütdüyü faşizm ideologiyasına, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi və işğalçılıq siyasətinə, bütün dünyanın gözü qarşısında baş verən bu qanlı terror hadisələrinə seyrçi mövqedən yanaşır. Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin məhv edilən və qənimət kimi götürülən hərbi texnikalarının statistikasına diqqət yetirsək görərik ki, kasıb ölkə bu silahları almaq üçün vəsaiti haradan əldə edə bilərdi? İqtisadi cəhətdən zəif bir ölkə Azərbaycan tərəfindən qənimət götürülən texnikanı haradan alıb və ya bu silahı onlara kim verib? Prezident İlham Əliyevin istər müharibə dövründə xalqa müraciətlərində, istərsə də postmüharibə dövründə qatıldığı beynəlxalq əhəmiyyətli tədbirlərdə səsləndirdiyi bəyanatlarda dünya güclərinin ikili siyasəti, ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyi əsaslı şəkildə diqqətə çatdırılıb. Beynəlxalq münasibətlərdə hüququn işləmədiyini önə çəkən cənab İlham Əliyev bildirir ki, əgər işləsəydi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi çoxdan icra edilərdi. Bu qətnamələr yalnız kağız üzərində qalıb. Səbəb isə məlumdur. Çünki siyasi iradə göstərilmədi, bu qətnamələrin icra mexanizmi müəyyən edilmədi. Mənfur düşmən hesab etdi ki, o, bundan sonra da buna məhəl qoymaya bilər.

Bəzi məqamları yada salaq. İkinci Qarabağ müharibəsinin getdiyi dövrdə, oktyabr ayında BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra ATƏT-in Minsk qrupunun həmsədrləri -Rusiya, ABŞ və Fransa tərəfindən bəyanatın layihəsi hazırlanaraq razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Bəyanat layihəsində Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən qətnamələrə istinad yer almamışdı. Təhlükəsizlik Şurasında təmsil olunan Qoşulmama Hərəkatına üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin həmin layihəyə Təhlükəsizlik Şurasının qətnamələrinə istinadın daxil edilməsini təklif etmişdirlər. Lakin həmsədr ölkələr bunun qəbuledilməz olduğunu bildirmişdilər. Rusiya, Fransa və ABŞ-ın tutduğu bu mövqe onların 28 illik fəaliyyətlərinin aydın mənzərəsini yaratdı. Qoşulmama Hərəkatı ölkələrinin prinsipial mövqeyi sayəsində həmsədr ölkələr rüsvayçılıqla bəyanat layihəsini geri çəkmişdilər.

İstər 28 illik «fəaliyyətləri» dövründə, istər 44 günlük İkinci Qarabağ müharibəsi zamanı, istərsə də müharibədən sonra baş verən hadisələrə diqqət yetirsək həmsədr ölkələrin öz xislətlərinə sadiq qalaraq erməni təəssübkeşliyindən əl çəkə bilmədiklərini açıq-aydın büruzə verdiklərini görərik. Nəyə görə işğalçı ölkəyə 28 ildə təzyiqlər göstərilmədi, ona qarşı sanksiyalar tətbiq edilmədi? Ermənistan beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini ayaq altına ataraq öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmadı, əksinə, işğalı möhkəmləndirmək və yeni əraziləri ələ keçirmək üçün planlar hazırladı. Real olan budur ki, münaqişənin həlli prosesinin uzanmasında Ermənistan və ATƏT-in Minsk qrupunun həmsədrləri əsas günahkarlardır.

2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun təqdimatı kimi dəyərləndirildi. Azərbaycan Təhlükəsizlik Şurasına üzvlük müddətində beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr vermiş və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilmişdi. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi keçirilən görüşlərinin ideal məkanı kimi diqqət çəkib. Dünyada 200-ə qədər ölkənin olduğunu nəzərə alsaq, bu görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsinin onun yürütdüyü müstəqil xarici siyasətə olan hörmətin və etimadın göstəricisi olduğunu qeyd edə bilərik. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri qurur və yeni-yeni istiqamətlər üzrə inkişaf etdirir. Tamhüquqlu 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən Qoşulmama Hərəkatının məqsədi bəşəri dəyərlərin təbliğinə xidmət və bütün ölkələrin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə sadiqlik nümayiş etdirməkdir. Qurum BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır. Azərbaycan qısa müddət ərzində qazandığı nüfuz və inama görə Qoşulmama Hərəkatının sədri seçildi. Prezident İlham Əliyev quruma üzv ölkələrin adından koronavirusa qarşı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Dünyanın 130-dan çox ölkəsi bu təşəbbüsü dəstəklədi və sonda bu beynəlxalq əhəmiyyətli tədbir uğurla baş tutdu. Azərbaycan yalnız COVID-19 ilə bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımlar göstərdi. 

Ölkə Prezidenti İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsi dövründəki müsahibələrində Minsk qrupunun həmsədrləri arasında Rusiyanın aparıcı vasitəçi kimi rolu barədə sualı cavablandırarkən Minsk qrupunun üç həmsədrinin eyni hüquqlara və eyni mandata malik olduğunu qeyd edərək bildirmişdir ki, əgər hər hansı bir ölkə vasitəçi rolunu üzərinə götürürsə, bu ölkə neytral olmalıdır. Cənab İlham Əliyev «Minsk qrupundan söz düşmüşkən, Türkiyə Minsk qrupunu tənqid edərək ona ağılsız deyir. Siz bununla razılaşardınız» sualına cavabında isə bildirmişdir ki, Minsk qrupu 30 il ərzində heç bir nəticə əldə etmədi. Əgər 30 il ərzində bir ölkələr qrupu nəticə əldə edə bilmirsə, bu özü hər şeyi göstərir.

O da məlumdur ki, amerikalı diplomat, ATƏT-in Minsk qrupunun sabiq həmsədri Riçard Hoqlandın açıqlamaları mətbuatda geniş müzakirə mövzusuna çevrilmişdi. Onun qurumla bağlı fikirləri həmsədr ölkələrin- ABŞ, Fransa və Rusiya diplomatlarının indiyədək demədikləri, dillərinə belə gətirməkdən çəkindikləri gerçəkliklərin etirafıdır. R.Hoqland həmin açıqlamasında həmsədrlərin "gərgin fəaliyyəti"nin gizli saxlanan məqamlarından bəhs edərkən etiraf etmişdir ki, gördüyümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Beşulduzlu otellərdə qalırdıq və orada bizə lüks apartamentlər ayrılırdı. Lakin etiraf etmişdir ki, çox az iş görürdük. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, son 17 ildə möhkəm təməl üzərində daha da gücləndik, bütün istiqamətlərdə hazırlıq işlərini həyata keçirdik və münaqişənin həlli üçün möhkəm hüquqi baza yarandı. Gücləndik və 44 gündə 30 ilə yaxın dövrdə yolumuzu gözləyən torpaqlarımıza qayıtdıq. Xarici siyasətində beynəlxalq hüququn norma və prinsiplərini, ədalət meyarını öndə saxlayan Azərbaycan öz müstəqil siyasəti ilə həm sözünün, həm də imzasının əhəmiyyətli olduğunu təsdiqləyir, siyasi çəkisini artırır.

Antiterror tədbirləri qaçılmaz idi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz, məğrur Azərbaycan Ordusu üzərinə düşən növbəti vəzifəni şərəflə yerinə yetirdi. Ötən il sentyabrın 19-da ölkəmiz üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Bir gün ərzində rəşadətli ordumuz qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail oldu. Azərbaycan istədiyini etdi, bütün şərtlərin qəbuluna nail oldu. Dövlət başçısı İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bir daha diqqəti antiterror tədbirlərini şərtləndirən amillərə yönəldərək bildirdi ki, əməliyyatdan bir qədər sonra vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başladı və Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır. Sentyabrın 20-si səhər beynəlxalq tərəfdaşların verdiyi məlumat bu oldu ki, qanunsuz silahlı birləşmələr, Ermənistan ordusunun bu birləşmələri artıq bizim şərtlərimizi qəbul etməyə hazırdırlar. Azərbaycan tərəfinin şərtləri bundan ibarət idi ki, Ermənistan ordusunun ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyimizi bəyan etdik.

Şərtlərimiz qəbul edildi. Hətta bir neçə ay ərzində Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri təklif etdiyimiz yerdə - Yevlax şəhərində görüşməyə hazır olduqlarını bildirdilər və bu görüş baş tutdu. Azərbaycan hər zaman olduğu kimi, öz sözünə sadiq olduğunu lokal antiterror tədbirlərini dayandırmaqla bir daha təsdiqlədi.

Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqa bir daha birgünlük antiterror tədbirlərinin keçirilməsini şərtləndirən amillərdən bəhs edərək bildirdi ki, 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanı üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədi, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdi. Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası «prezident seçkiləri» sülh prosesinə ciddi zərbə vurmuşdu. Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli oldu.

Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur

Tarixi Zəfərimizdən üç ildən artıq vaxt keçsə də onun yaratdığı reallıqlar, 10 noyabr tarixli üçtərəfli Bəyanatda əksini tapan müddəalardan irəli gələn öhdəliklərin Azərbaycan və Ermənistan tərəfindən hansı səviyyədə yerinə yetirilməsi müzakirə olunmaqdadır. Azərbaycan bütün öhdəliklərə sadiqdir və onların yerinə yetirilməsi istiqamətində səylər göstərir. Ermənistan isə hər vasitə ilə bu öhdəliklərin icrasından yayınır, sülh müqaviləsinin imzalanmasının uzanmasında maraqlı olduğunu nümayiş etdirir. Nəzərə alaq ki, Azərbaycan dünya hərb tarixində bəlkə də birinci olar ki, belə bir addımı atdı. Tarixi Zəfərimizdən sonra Ermənistana sülh təklifinin edilməsi ölkəmizin humanist siyasətinin tərkib hissəsidir. Hansı ki, mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxladı, soydaşlarımız qaçqın və məcburi köçkün həyatını yaşadılar, bu torpaqlarda bütün tarixi və dini abidələrimiz dağıdıldı, məscidlərimizdə donuz saxlanıldı, törədilən hərbi təxribatlar nəticəsində nə qədər itkilərimiz oldu. Azərbaycanın sülh müqaviləsinin imzalanması təklifi bunları unutmaq anlamına gəlmir. Yeni dövrün reallıqlarına uyğun olaraq bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması mütləqdir. Lakin Ermənistan silahlı qüvvələri mütəmadi şəkildə sərhəddə təxribat törədərək itkilərə səbəb oldular. «Dəmir yumruq»un davamı olaraq «Qisas» və «Qətiyyətli cavab» əməliyyatları Ermənistana layiq olduğu yeri göstərdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev daim çıxışlarında bu çağırışları səsləndirir ki, əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq.

Cənab İlham Əliyev Parlamettlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Azərbaycanın Ermənitsana sülh təklifindən, qarşı tərəfdən hələ də konkret addımlar atmaq barədə düşünməməsindən danışdı. «44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi» bildirən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Gələcəkdə təhdid yarada biləcək amillər

Prezident İlham Əliyev sözügedən qəbulda diqqəti bu məsələyə də yönəltdi ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər.

Cənab İlham Əliyev onu da qeyd etmişdir ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Hadisələrin təhlili göstərir ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da siyasətində müstəqil olmaması, hər zaman havadarlarının göstərişləri əsasında hərəkət etməsi yenə də konkret addım atmasına mane olur. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistan baş nazirinin Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifini dəstəkləyib görüşdən sonra tamamilə başqa fikirlər səsləndirməsi də bunun təsdiqidir. Hər iki tərəf biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Reallıq budur ki, Fransa kimi ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən dövlətlər, AŞPA kimi Fransanın və Almaniyanın əlində oyuncağa çevrilən təşkilatlar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadıqlarını açıq-aşkar nümayiş etdirirlər. Dövlət başçısı İlham Əliyev sözügedən qəbulda bir daha bu reallığı diqqətə çatdırdı ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.

Yeganə Əliyeva, «İki sahil»