02 fevral 2024 18:58
330

Qarabağ Zəfəri İstanbulun fəthinə bərabər Zəfərdir

İstanbulun fəthi 1453-cü il mayın 29-da 21 yaşlı Osmanlı Sultanı Fateh Mehmet (Sultan II Mehmet) və onun komandanlığında olan Yeniçəri Ordusu tərəfindən həyata keçirilib. 6 aprel 1453-cü ildə Osmanlı ordusu tərəfindən mühasirəyə alınan İstanbul 53 günlük mühasirədən sonra fəth edildi.

2020-ci ildə 44 günlük müharibə ilə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu İstanbuldan fərqli olaraq Qarabağı fəth etmədi, Qarabağımızı, tarixi torpaqlarımızı 30 ildən artıq bir müddətdə olan işğaldan azad etdi.

2023-cü ildə isə 23 saatlıq lokal xarakterli antiterror əməliyatları ilə Azərbaycan ordusu Xankəndini, Xocalını, Ağdərəni, Xocavəndi tamamilə erməni ordusundan və erməni terror qruplarından tamamilə təmizlədi.

Əgər 1453-cü ildə Sultanı Fateh Mehmet (Sultan II Mehmet) İstanbulu fəth etmək üçün Beşiktaş önlərində olan Osmanlı donanmasının Qalata divarları önündən qurudan yeridilərək Qızıl Buynuza endirilməklə həyata keçirdisə, 2020-ci ildə Azərbaycan Ordusu Füzuli istiqamətində 30 ildir ermənilərin qürurlandığı Ohanyan   səddini darmadağın edərək, ön xətti açdı və  8 noyabr tarixində Şuşaya qayaları əliyalın qalxaraq azad etdi.

İstanbulun fəthindən bu günə kimi  xristian dünyası türklərə qarşı davamlı olaraq bir qisas içərisində olublar, davamlı türk dünyasını məhv etmək üçün müxtəlif planlar qurublar. Necə ki, buna uzun illər nail oldular. Osmanlı dövlətin süquta yetirib, imperiyanı param-parça etdilər. Azərbaycan dövlətini iki yerə bölüb farsın və rusların əsarətinə verdilər. 70 il ərzində Azərbaycan torpaqları rus imperiyası tərəfindən qarış-qarış ermənilərə peşkəş edilib. Zəngəzur boyda böyük mahalımız Azərbaycanımızdan qoparıldı və Naxçıvan Azərbaycandan ayrı salındı.

Amma türk milləti bunları unutmadı, zamanın gəlişin, yaraların sağalmasın gözlədi. 1923-cü ildə Mustafa Kamal Paşa öndərliyində Türkiyə Cümhuriyyəti quruldu. Doğrudur, 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulsa da, yalnız bir ildən bir qədər çox - cəmi 23 ay yaşaya bildi.

2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə 23 saatlıq lokal xarakterli antiterror tədbirləri ilə Ali Baş Komandan və onun qəhrəman ordusu təkcə Qarabağda erməni vandaliziminə və işğalına son qoymadı, əsrlərdir torpaqlarımızı bizdən qoparan xristian dünyası üzərində Zəfər qazandı.

Türk dünyası durduqca türk tarixində bu zəfər hər zaman qürurla yazılacaq, qəhrəmanlarımızın keçdiyi odlu-alovlu yol tarix kitablarında qürurla qeyd ediləcək.

Bu gün Fransa və Almaniya, eyni zamanda bu iki ölkənin hegemoniyası altındakı Avropa Şurası Parlament Assambleyası Azərbaycanın üzərinə hücumların əsl məqsədi məhz budur.

Azərbaycan dövləti Qarabağı azad etməklə, xristian birliyinə İstanbulun fəthi qədər möhtəşəm bir zərbə vurub.

Bu gün AŞPA rəsmilərinin səsləndirdiyi insan haqları, azadlıqların qorunması kimi və s. açıqlamalar sadəcə olaraq güzgünün görünən tərəfidir. Əsas bu qüvvələrin üzə çıxarmadıqları ermənilərin timsalındakı məğlubiyyətləridir. Bu gün bəlkə də bəziləri  üçün sadə görünə  bilər. Amma Qarabağımızın işğaldan azad olunması, Xankəndimizin erməni vandalizimindən təmizlənərək üçrəngli Bayrağımızın dalğalanması qədər böyük Zəfər ola bilməzdi.

Ölkəmiz 7 fevral tarixində prezident seçkilərinə gedir. Azərbaycan dövləti və xalqı olaraq 30 il sonra, ilk dəfə bütün Azərbaycan ərazilərini əhatə edəcək bu seçkilər mühüm əhəmiyyətə malikdir. Hər bir Azərbaycan vətəndaşı üzərinə düşən tarixi məsuliyyətin nə qədər vacib olduğun dərk etməlidir. Bu seçkilərdə iştirak edəcək hər bir seçki hüquqlu vətəndaşımız tarixə öz imzasını atmış olacaq.

Nahid Canbaxışlı