03 fevral 2024 00:58
325

Qalib ölkənin vətəndaşı olmaqdan qürur duyuruq

Hər kəsə məlumdur ki, 2 feval tarixinin Azərbaycan Gəncləri Günü elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra etməli olan Gənclər və İdman Nazirliyi yaradılıdı. Ulu Öndərin prezidentliyi dövründə ölkə gəncləri Onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı ilin 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı.

Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla reallaşmasının nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir. Bugünkü Azərbaycan gəncliyi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir, dahi liderin bizə bəxş etdiyi Azərbaycanın müstəqilliyini, elmin,təhsilin inkişafını, ölkəmizin siyasi,iqtisadi yüksəlişini, gənclər olan diqqəti və qayğı dərin ehtiramla xatırlayır.

Hazırda ölkəmizdə gənclər siyasəti keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini qərarları ilə təsdiqləyir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. 2003-cü ildən sonrakı dövrdə Prezident İlham Əliyev gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdi. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edildi, 2007-ci il ölkədə  «Gənclər İli» elan olundu, 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ölkədə ilk dəfə «Gənclər üçün Prezident Mükafatı» təsis olundu, Azərbaycan gənclərinin İnkişaf Strategiyası təsdiqləndi.

Dövlətimizin başçısının 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı» və «2022-2026-cı illərdə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı» bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqramlar çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında olub və bu gün də proses davam edir.

Azərbaycanın gənclər siyasətində idmanın inkişafı və onun kütləviliyinin artırılmasına da xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin böyük səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Hazırda Azərbaycanda 45-dən çox Olimpiya İdman Kompleksinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur. Heç də təsadüfi deyil ki, beynəlxalq yarışlarda qazanılan idman nailiyyətlərimizin sayı ildən-ilə artır. Azərbaycanın «Rio-2016» XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq bu göstəriciyə görə, 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bundan başqa, milli komandamızın ölkəmizdə yüksək səviyyədə keçirilən «Bakı-2015» Birinci Avropa Oyunlarında ikinci, «Bakı 2017» IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri tutması, şahmatçılarımızın üçüncü dəfə Avropa çempionu olmaları, Teymur Rəcəbovun Dünya Kubokunun qalibi olması, yeniyetmə şahmatçımız Aydın Süleymanlının 14 yaşlılar arasında dünya çempionu adını qazanması, Türkiyədə keçirilmiş V İslam Həmrəyliyi Oyunlarında 56 ölkə arasında idmançılarımızın 99 medalla 4-cü yerə layiq görülməsi, Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyli gənclər arasında dünya çempionu olması və digər böyük nailiyyətlər Azərbaycan gənclərinin son illərdə idman sahəsində qazandıqları uğurlardan bəziləridir.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində qazanılan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər.

Ötən ilin Qarabağın incisi olan mədəniyyət paytaxtımız Şuşada Diaspor Gənclərinin III Yay, Şuşa və Bakı Gənclər İncəsənət Düşərgələrinin keçirilməsi, orada müxtəlif ölkələrdən çoxsaylı gənclərin iştirakı onların təşkilatlanması və diaspor fəaliyyətinin davamlılığının təmin olunmasında əhəmiyyəti böyükdür. Xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin «Şuşa İli»ndə qədim şəhərdə vahid platforma ətrafında bir araya gəlməsini və ölkəmizlə daha yaxından tanış edilməsi müsbət hadisə kimi qiymətləndirmək olar.

2022-ci ilin fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Prezident İlham Əliyev Vətən müharibəsində gənclərin mühüm rolunu xüsusi vurğulayaraq deyib: «İndiki gənclər üçün imkanlar təbii ki, daha genişdir və gənclər bu imkanlardan istifadə etməlidirlər. Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm. Çünki bir çox hallarda, xüsusilə Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur və biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik».

İnamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq.

Bəli, bu gün hər bir gəncimiz öz sahəsindəki fəaliyyətində inamla çalışaraq onlara göstərilən etimadı ləyaqətlə doğruldurlar. Xüsusilə onlar bu gün Qalib ölkənin gənc vətəndaşı olmaq qürurunu yaşayırlar.

Elçin Zaman, «İki sahil»