03 fevral 2024 00:35
401

Həddini bilməyənlərlə öz dillərində danışmasan...

Prezident İlham Əliyev AŞPA qarşısında sərt tələb qoydu

Arxasında məlum qüvvələrin durduğu AŞPA-nın anti-Azərbaycan münasibətlərinə dövlətimiz səviyyəsində cavab verildi. Həm də bu cavab xahiş-barış mənasında deyil, sərt tələb və ultimativ xarakter daşıdı. Əlbəttə, bu cavab Azərbaycan xalqının ürəyindən oldu. Ermənistanın məğlubiyyətindən sonra bəzi Qərb ölkələri və beynəlxalq təşkilatlar sanki erməni işğalçılarını əvəzləyiblər. Azərbaycanın bunlarla heç bir problemi, mübahisəli məsələsi olmadığı halda bizi istəmədiyimiz oyunlara çəkməyə çalışırlar. Bu təzyiqlər istər xalqımızı, istərsə də onun rəhbərliyini ciddi narahat edir. AŞPA-nın bu günlərdə qəbul etdiyi məlum qətnaməsinin heç bir hüquqi əsası yoxdur və ermənilərə yarınmanın nəticəsidir. Sual oluna bilər ki, almaniyalı deputat Frank Şvabenin Azərbaycanla, onun bu qurumdakı nümayəndə heyəti ilə hansı həll olunmamış məsələsi var? Oradakı deputatların bir çoxunun ölkələrində, elə Şvabenin təmsil etdiyi Almaniyada hakimiyyətlə xalq arasında kifayət qədər kəskin problemlər və narazılıqlar mövcuddur. Təbii ki, bu, özlərinin daxili məsələləridir və bizə heç bir dəxli yoxdur. Biz heç kimin daxili işlərinə qarışmırıq və eyni yanaşmanı da onlardan gözləyirik. Lakin AŞPA öz başının dəstəsi ilə bizə qarşı əsassız ittihamlar yağdırır, ədalətsiz qərarlar qəbul edir. Azərbaycan dövləti AŞPA-nın ədalətsizliyinə və həddini aşmasına qarşı çıxmaqda tamamilə haqlıdır. Çünki AŞPA heç bir səbəb olmadan bi il müddətinə Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırdı.

"Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq."

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib. Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün qarşılıqlı dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu bildirən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa olunmayacağı təqdirdə Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

İyirmi səkkiz il müddətində işğalçı Ermənistana heç irad bildirməyən, onun cinayətkar hərəkətlərini qətiyyən pisləyib ona təsir etməyən hansısa şvabelər, makronlar və onun kimiləri indi nə xoruzlanırlar? Bunlar sanki fil qulağında yatıblar. Yoxsa düşünürlər ki, qarşılarındakı doxsanıncı illərin zəif Azərbaycanıdır? Əgər belə hesab edirlərsə, ciddi səhvə yol verirlər. Bəlkə ölkəmizin 44 günlük ildırımsürətli müharibədəki gücünü lazımınca qiymətləndirmirlər? Burada da yanılırlar. AŞPA anti-Azərbaycan mövqe tutan ermənipərəst Fransa Senatından nə ilə fərqlənir? Heç nə ilə.

Ona görə də dövlətimizin başçısı bədxahlar mərəkəsinə kifayət qədər ciddi mesajlar göndərdi. Mesajlardan göründüyü kimi, Azərbaycan güzəşt və ya təslimçilik əhval-ruhiyyəsində deyil, öz haqqını və hüququnu qətiyyətlə tələb edir. Ölkəmiz bizimlə təzyiq və ya hədə-qorxu dili ilə danışanların məkrli istəklərinə əsla razı olmamış və olmayacaqdır. Azərbaycan bu mövqeyini dəfələrlə nümayiş etdirib. Lakin hegemonluq niyyətindən və qərəzli dini təəssübkeşlikdən əl çəkməyən bəziləri öz ambisiyalarına davam etməkdədirlər. Əgər ağılları başlarında olsa düzgün nəticə çıxarar, əməllərində düzəliş edərlər. Yox, əgər olmasa, onda onlar özbaşınalıqlarına görə bədəl ödəyəcəklər. Onsuz da otuz ildən artıqdır ki, bu və bunun kimi təşkilatlar əleyhimizə çalışırlar. Ancaq bizi ali məqsədimizdən çəkindirməyə nail olmağı bacarmadılar. Onların namərd planları bizim iqtisadi inkişafımıza və Qarabağda qazandığımız möhtəşəm qələbəyə zərrə qədər də təsir etmədi. İndi nəsə dəyişəcəkmi? Xeyr. Bundan sonra da özləri deyib özləri eşidəcəklər. Həm də beynəlxalq aləmdə olan-qalan inam və etibarlarını da itirəcəklər.

Bəli, həddini bilməyənlərlə öz dillərində danışmaq lazımdır ki,  yerlərini tanısınlar, yoxsa çox baş apararlar.

Vəli İlyasov, "İki sahil"