03 fevral 2024 02:17
398

Şərqdən doğan Günəşə boylanan diyar

Naxçıvan Muxtar Respublikası-100

«Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin» söyləyən Ulu Öndər Heydər Əliyevin arzuları reallaşır

9 fevral 1924-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikası Azərbaycanın Şərqə açılan qapısı olmaqla zəngin dövlətçilik tarixinə malikdir. Naxçıvanın inkişafında böyük xidmətləri olan, böyüyüb, boya- başa çatdığı doğma yurdunun tərəqqisi naminə fədakarlıq göstərən Ulu Öndər Heydər Əliyevin « Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çox əsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq məktəblərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçıvanda quruculuq posesləri gedir» sözləri muxtar respublikanın Azərbaycan üçün əhəmiyyətini əks etdirir.

Əlverişli coğrafi məkanda yerləşdiyi üçün həmişə yadellilərin işğalına məruz qalan Naxçıvan tarixən hərbi, siyasi mübarizə meydanı olsa da qəhrəman, torpağa bağlı cəsarətli oğulları heç vaxt düşmənə boyun əyməmiş, düşmənə arxa çevirməmişlər. Qala kimi düşmən qarşısında canlı sipər olaraq müqəddəs torpaqlarını qorumuşlar.

Nuh yurdu kimi tanınan, orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanan bu diyar dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qədim əlyazmalarında Naxçıvan toponiminin tərkibi, dil mənsubiyyəti, coğrafi mənşəyi haqqında saxlanılan qeydlər, səyyahların əsərlərində Naxçıvanın adının çəkilməsi bu diyarın minilliklərə şahidlik etdiyini təsdiqləyir. Coğrafi dəlillər, tarixi araşdırmalar sübut edir ki, «Kitabi-Dədə-Qorqud» dastanını qəhrəmanlarının əsas yaşayış məskənlərindən biri də Naxçıvan diyarı olmuşdur. Övliya Çələbinin « Səyahətnamə» əsərində yazılan « Qəleyi- Nəxşıvan, Nəqşi-cahan həqiqətən dünyanın ən gözəl şəhəridir» sözləri bu diyarın qədimliyini təsdiqləyən ən qiymətli mənbədir. Tarixinin bütün dövrlərində Şərqlə Qərb arasında körpü kimi səyyahların ən çox keçdikləri ərazi olan, bu missiyasını müasir dövrümüzdə də davam etdirən Naxçıvanı şöhrətləndirən tarixi abidələri, görməli yerləri çoxdur. Qədim insan məskəni olan, təsviri sənətin ilk nümunələri sayılan Gəmiqaya rəsmləri, «Əshabül-Kəhf» ziyarətgahı, dünya memarlıq sənətinə bəxş etdiyi inciləri ilə özü də əbədi yaşam haqqı qazanan Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şah əsəri olan Mömünə xatun türbəsi kimi digər abidələr də muxtar respublikanın mənəvi pasportu olmaqla xalqımızın ta qədimdən elmə, sənətə bağlılığını göstərir. Mühüm elm mərkəzlərindən olan Naxçıvan Şərqdə şöhrət tapmış görkəmli alimləri, mütəfəkkirləri, filosofları ilə tanınmış, Nəsrəddin Tusi, Fəzlullah Nəimi yurdu olan bu diyarın hər daşı, qayası neçə-neçə tarixi hadisələrə şahidlik etmişdir. Nadir ədəbi inciləri ilə tanınan Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, İslam Səfərli, Məmməd Araz kimi korifeyləri, Bəhruz Kəngərli kimi sənətkarları, hərbi sahədə tanınmış generalların- Kəngərlilərin doğma yurdu olan ulu məskən elmə, sənətə bağlı ziyalı qadınları ilə də tanınıb, seçilmişdir.

Qədimliklə müasirliyin vəhdətində inkişaf edən Naxçıvn diyarı dünya siyasətçiləri arasında adı birincilər sırasında çəkilən müdrik şəxsiyyət, dahi Ulu Öndər Heydər Əliyevin də Vətənidir. «Naxçıvan Azərbaycanın Dədə Qorqud mərkəzlərindən biridir və «Kitabi-Dədə Qorqud»”un çox izlərinin Naxçıvanda olması Naxçıvanın Azərbaycanın nə qədər qədim və zəngin diyarı olduğunu bir daha göstərir”» sözləri ilə bu qədim diyarın tarixiliyindən qürurla danışan Ulu Öndər onu da vurğulayırdı ki, mərd insanların Vətəni olan qədim yurd yerimizin sakinləri torpaq qeyrətini, namusunu hər şeydən üstün tutuklar.

Doğma yurdunun adını daha da şöhrətləndirən Ulu Öndər Heydər Əliyevlə Naxçıvanın adının qoşa çəkilməsi təsadüfi deyil. «Naxçıvana müxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan məsələ deyildi. Amma o vaxt Azərbaycanın milli mənafeyini qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm» söyləyən Ümummilli Lider ölkəyə rəhbərliyinin bütün dövrlərində ideyasına sadiq qalaraq muxtar respublikanın çiçəklənməsini daim diqqətdə saxlamışdır.

Sovetlər Birliyinin ilk və sonuncu prezidenti, ermənipərəst Mixail Qorbaçovun qısqanclığı səbəbindən SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verməyə məcbur qalan müdrik şəxsiyyət Heydər Əliyev doğma Vətəni Azərbaycana qayıdır. Burada da Kremlin sifarişlərini yerinə yetirən rəhbərliyin təsirinə məruz qalan Ulu Öndər ata-baba yurdu Naxçıvana üz tutur. Ermənistanın torpaqlarımıza təcavüzü illərinə təsadüf edən o dövrdə sıravi deputat, sonra isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi doğma yurdunu erməni işğalından qoruyur. Həmyerlilərinə siyasi , mənəvi dayaq olur. Müdrik zəkası, dövlətçilik təcrübəsi ilə möcüzələri həqiqətə çevrən Ulu Öndər Heydər Əliyevin biri-birindən əhəmiyyətli tarixi xidmətlərinin əsas məqsədi Naxçvanı Ermənistanın təcavüzündən qorumaq idi. Dünya şöhrətli dövlət xadimi Ulu Öndərin uzaqgörənliyinin və xalqına olan sonsuz bağlılığının, məhəbbətinin ifadəsi olan atılmış hər addım bu gün Azərbaycanda yeni dövrün tələblərinə uyğun aparılan iqtisadi siyasətin təməl prinsipləridir. Ali Məclisin Sədri kimi mühüm qərarlar qəbul etməklə dünya birliyinə inteqrasiyanın başlıca şərti olan bazar iqtisadiyyatına keçid prosesinə muxtar respublikadan başlayan Ulu Öndər məhv olmaq dərəcəsinə çatdırılan aqrar sahəni dirçəltdi. Onun təşəbbüsü ilə Türkiyə və İranla iqtisadi əlaqələr genişləndi, Ermənistanın blokadasında qalan muxtar respublika əhalisinin enerji, ərzaq məhsulları ilə tələbatına olan ehtiyacı ödənildi. «Ümid körpüsü» inşa olundu. 70 ildən artıq bir müddətdə «sərhədlərimizi qoruyan» SSRİ-nin 41-ci sərhəd dəstəsinin və 75 saylı mexanikləşdirilmiş moto-atıcı diviziyasının muxtar respublikanın ərazisindən çıxarılması barədə qərar qəbul olundu. Azərbaycanda «qızıl ordu» hissələrinin qaldığı bir vaxtda Naxçıvanda belə bir cəsarətli addımın atılması, rus ordusuna məxsus silah-sursatın, əmlakın, mülkü texnikanın yeni yaradılan Milli Orduya və Azərbaycanın I Sərhəd Dəstəsinə təhvil verilməsi yalnız düşünülmüş, ağıllı siyasətin nəticəsində mümkün ola bilərdi. Məhz o illərdə yaradılan Naxçıvanın İnkişafı və Müdafiəsi Fonduna yığılan vəsait Milli Ordunun möhkəmlənməsinə sərf olundu. SSRİ-nin bərpası naminə aparılan hiyləgər siyasətin- «İttifaq referendumu»nun Naxçıvanda baş tutmaması muxtariyyətınin qorunması istiqamətində atılan daha önəmli addım oldu. Ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərini təmsil edən diplomatların Naxçıvana səfərləri o dövrdəki iqtidar tərəfindən qısqanclıqla qarşılansa da Ulu Öndərin zəka işığı hər kəsin diqqətini cəlb edirdi. Soydaşlarımızın birliyinin möhkəmlənməsini, Azərbaycanın beynəlxalq aləmdə tanınmasını nəzərdə tutan Ulu Öndərin təşəbbüsü ilə Ali Məclisin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin dövlət atributları- bayrağımız, gerbimiz, himnimiz bərpa olundu. Dünya azərbaycanlılarının həmrəyliyi günü ilə bağlı tarxi qərar qəbul edildi. Müdrik şəxsiyyət torpaqlarımızı Ermənistanın işğalından qurtarmaq, artıq tarixin arxivinə atılmış «Dağlıq Qarabağ münaqişəsi»nin həlli üçün bu birliyin əhəmiyyətini aydın, uzaqgörənliklə başa düşürdü.

Ulu Öndərin qətiyyəti sayəsində ermənilərin Naxçıvan torpaqlarına iddiasının qarşısı alındı. Sonrakı illərdə də Ulu Öndərin diqqəti sayəsində qədim, ulu diyar tanınmaz dərəcədə inkişaf etdi.

«Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır» deyimi təsadüfən səslənmir. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdu.

1993-cü ildə ölkədə yaranan xaosdan, hakimiyyətə zorla gələn AXC-Müsavat iqtidarının özbaşınalığından cana doyan xalqın tələbi ilə Bakıya qayıdan Ulu Öndər əsasını qoyduğu inkişaf strategiyasını daha da təkmilləşdirərək səbatsız iqtidarın ölkədə yaratdığı gərginliyin qarşısını aldı. Respublikanı siyasi-iqtisadi böhrandan, tənəzzüldən, vətəndaş müharibəsi təhlükəsindən qorumaqla Naxçıvanın sosial-iqtisadi inkişafı üçün də önəmli qərarlar qəbul etdi. Qədimliyini, tarixiliyini yaşatmaqla müasirliyə doğru irəliləyən muxtar respublikanın paytaxtı kimi bütün rayon və kəndlərində həyata keçirilən sosial- iqtisadi islahatlar, inşa olunan obyektlər, təhsil, səhiyyə ocaqları müasirləşdirildi.

Bu gün Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin rəhbərliyi ilə muxtar respublikada uğurla davam etdirilən islahatlar əhalinin həyat şəraitinin yaxşılaşmasına, qeyri- neft sektorunun inkişafına, sahibkarlığın genişlənməsinə töhfələr verir. Azərbaycanın islahatçı ölkə adlandırılmasında xüsusi payı olan muxtar respublikada sağlam biznes mühiti formalaşıb. İnsan amili həmişə diqqətdə saxlanılır. Rayon və kəndlər də daxil olmaqla həyata keçirilən infrastruktur layihələrinə, yol-nəqliyyat sahələrinə diqqətin artırılması, abadlıq və yenidənqurma işlərinin genişlənməsi istiqamətində görülən işlər insanların rahat yaşamasını təmin edir. Muxtar respublikada olarkən həyata keçirilən kompleks tədbirləri, əhalinin təmiz, keyfiyyətli içməli su ilə təminatını yüksək dəyərləndirən, təhsil və səhiyyə sahəsində müşahidə olunan yenilikləri əhaliyə diqqət və qayğı adlandıran Prezident İlham Əliyev «Burada aparılan işlər çox böyük qiymətə layiqdir, çox böyük zəhmət, çox böyük məhəbbət tələb edir. Görürəm ki, bütün işlər böyük məhəbbətlə , böyük zövqlə görülür ki, insanlar üçün yaxşı şərait yaradılsın. Naxçıvan Muxtar Respublikası bundan sonra da uğurla inkişaf etsin» sözləri ilə bu qədim diyarın müasir mənzərəsini yüksək dəyərləndirib.

Blokada şəraitində qalsa da qazanılan iqtisadi uğurlar, yerli əhalinin torpağa bağlılığı nəticəsində dinamik sürətlə inkişaf edən muxtar respublikanın ən ucqar kəndləri belə müasirlik nümunəsi kimi qonaqları heyran edir. Muxtar respublikanın bütün kəndləri, şəhərləri təbii qazla, fasiləsiz enerji, içməli su ilə təmin olunur. İnfrastruktur , yol- nəqliyyat layihələri uğurla davam etdirilir. Özəl sektorun inkişafına göstərilən diqqətin nəticəsidir ki, muxtar respublika sakinlərinin ərzağa, tikinti materiallarına, sənaye mallarına tələbatı yerli resurslardan səmərəli istifadə ilə təmin edilir.

Ermənistanın blokadasında qalan Naxçıvanın müdafiə qüdrətinin artırılmasına, təhlükəsizliyinin təminatına göstərilən diqqət də yüksək səviyyədədir. Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının, Əlahiddə Ümumqoşun Ordunun hərbi texnika və avadanlıqlarla təchizatı yüksək səviyyədədir. Günnüt əməliyyatının uğurla başa çatması, düşmən işğalında qalan 11 hektar ərazinin azad olunması Silahlı Qüvvələrimizin qüdrətini göstərməklə, Naxçıvanın etibarlı müdafiəsinin, hərbi potensialının gücləndirilməsinin də nümunəsidir.

Siması dəyişilən, müasirləşən, abadlaşan Naxçıvanda keçirilən beynəlxalq idman yarışları, olimpiadalar, görüşlər muxtar respublikanın dünyada tanıdılması baxımından daha önəmlidir. Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısına ev sahibliyi etməsi qədimliyini saxlayaraq inkişaf edən bu ulu diyarın şöhrətini artırdı. 2018-ci ildə Naxçıvanın «İslam Mədəniyətinin Paytaxtı» elan olunması, ölkəmizin Gənclər Paytaxtı statusuna layiq görülməsi muxtar respublikada aparılan quruculuq işlərinə verilən dəyərdir. Keçirilən tədbirlərdə iştirak edən qonaqlar etiraf edirlər ki, füsünkar gözəlliyi , təbiəti, insanlarının səmimiliyi ilə hər kəsi məftun edən Naxçıvan həqiqi mənada Nəqşi-cahan, Şərqin incisidir. Bu «inciyə» bəzək isə yurduna, elinə obasına bağlı insanlardır. «Gözəl təbiəti, iqlimi, havası, mənzərəsi binaları, ən önəmlisi, gözəl insanları olan gözəl məkan var- bu məkanın adı Naxçıvandır» söyləyən Prezident İlham Əliyevin doğma yurda hər gəlişi onlarla obyektin açılışı deməkdir.

Prezident İlham Əliyevin «Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında» Sərəncamının həyata keçirilməsi ilə quruculuq işlərinin daha da sürətlənməsi muxtar respublikanın onsuz da gözəl simasını daha füsünkar edir. Ulu Öndər Heydər Əliyevin 100 ilik yubileyinin qeyd edildiyi, 2023-cü ilin «Heydər Əliyev İli» elan olunduğu dövrdə Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam doğma yurda, varisliyə sədaqət rəmzidir.

Sərəncamda qeyd olunduğu kimi, regionların sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. Mövcud imkanlardan, potensiallardan istifadə edilməklə muxtar respublikanın sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdəndir. Bu isə öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur. İqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədinə xidmət edən islahatlar mərhələlər üzrə həyata keçirilir.

«Naxçıvan, ulu insan məskəni Azərbaycan torpağıdır. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunların hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir... Azərbaycan Respublikasının tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının coğrafi vəziyyəti bu diyarda ölkəmizin torpaqlarının, sərhədlərinin qorunması üçün xüsusi əhəmiyyət kəsb edir.» Naxçıvanlılar Ümummilli Liderin bu tövsiyəsinə həmişə sadiqlik göstəriblər. Azərbaycanın müstəqilliyi yolunda yenə də Naxçıvanın dayandığından məmnunluğunu bildirən görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi quruculuq siyasətinə böyük sədaqət və ehtiramı bu gün hər bir sahədə görmək olar.

…Batabatı, İlanlı dağı, Salvartısı, şəfalı bulaqları, müalicəvi suları, zəngin təbiəti, ətirli, dadlı meyvələri ilə hər kəsi məftun edən, turistərin də maraq göstərdiyi, 100 yaşı olsa da gənclik siması ilə hamını valeh edən Naxçıvan həqiqətən gəlməli, görməli, sevilməli məkandır. Zəngəzur dəhlizinin bərpası ilə bir çox dövlətlərin müasir İpək Yolu olacaq ulu məskənin gələcəyi daha möhtəşəm olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»