03 fevral 2024 03:03
346

Fransanın Cənubi Qafqazda dağıdıcı siyasəti fiaskoya uğrayacaq

Azərbaycanın qırx dörd günlük Vətən müharibəsindən sonra Qarabağda lokal antiterror tədbirləri keçirərək mülki əhaliyə və infrastruktura zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməklə qanunsuz xunta rejiminə son qoyması və suverenliyini bərpa etməsi Bəzi Qərb ölkələrinin, xüsuilə də Fransanın ölkəmizin əleyhinə fəaliyyətini daha da gücləndirib. Çox təəssüf ki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra bölgədə hərbi müstəvidə yaranmış sabitliyə Fransa, işğal və münaqişə dövründə fəaliyyətsizlik nümayiş etdirən bəzi beynəlxalq təşkilatlar diplomatik müstəvidə zərər verəcək addımlar atırlar. Rəsmi Paris militarizm siyasəti və pərdəarxası çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına əngəl törədir, ardıcıl olaraq sülh üçün yaranmış imkanları məhdudlaşdırmağa çalışır.

Son zamanlar Fransanın Cənubi Qafqazda silahlanma və və hərbiləşmə siyasəti yeridərək Ermənistanı silahlandırması yuxarıda deyilənləri bir daha təsdiq edir. Uzun müddət Azərbaycanın 20 faiz ərazisinin təcavüzkar Ermənistan tərəfindən işğal edilməsinə göz yuman, hətta işğalçıya gizli dəstək verən rəsmi Paris hazırda regionla bağlı öz çirkin əməllərini pərdələmək üçün ən alçaq vasitələrə əl atır, hətta ölkəmizə qarşı yalan və əsassız böhtanlar səsləndirir. Fransa rəsmilərinin davamlı olaraq “zavallı” Ermənistan barədə “dərin narahatlıq keçirdiklərini” bəyan etmələri siyasi riyakarlığın pik nöqtəsidir. Halbuki, ölkə rəhbərliyi tərəfindən dəfələrlə bəyan edilib ki, təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycanın kimsənin torpaqlarında gözü yoxdur. Şübhəsiz, bunu bütün dünyada məkrli neoimperialist siyasəti ilə tanınan Fransanın rəsmiləri da yaxşı bilir.  

Yelisey sarayında oturanlar özləri də yaxşı bilirlər ki, qırx dörd günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilməyib. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb. Heç kimə sirr deyil ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirməyib. Əksinə son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam edib. 2023-cü il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə separatçılara göndərdiyi təbrik məktubu, həmçinin sentyabrın 9-da keçirilmiş “prezident seçkiləri” sülh prosesinə ciddi zəbrbə vurub.

Azərbaycan sülh danışıqları ilə bağlı öhdəliklərə sadiqdir və onların yerinə yetirlməsi istiqamətində səylər göstərir. Dövlətimizin başçısının bildirdiyi kimi, ölkəmiz Cənubi Qafqazda davamlı sülhün tərəfdarıdır və regional sülh gündəliyini, Ermənistanla münasibətlərin normallaşdırılmasını və sülh müqaviləsinin imzalanmasını dəstəkləyir. Belə olan təqdirdə görəsən Fransa nə üçün bütün beynəlxalq hüquq normalarını pozaraq Ermənistanı silahlandırmaq üçün dəridən-qabıqdan çıxır? Nədən Prezident Emmanuel Makron hər vəchlə bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasına qarşı çıxır?  

Prezident İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bildirib ki, Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü diqqətə çatdıran dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək cəhdlərinin əbəs olduğunu vurğulayıb.

Bu, bir gerçəklikdir ki, regionumuzda vəziyyətin gərginləşməsinin əsas səbəbkarlarından olan Fransa müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürüdərək ölkəmizin haqqında beynəlxalq aləmdə mənfi imic yaratmaq üçün daim işğalçı Ermənistanın yanında olub, ədalətsiz mövqe nümayiş etdirib. Fransa bundan əvvəl də ATƏT-in Minsk qrupunun həmsədri olaraq ötən illər ərzində keşmiş Azərbaycan-Ermənistan münaqişəsinin həll olunmasında heç bir addım atmayıb. Ölkəmizin başçısının bildirdiyi kimi, ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə bu təşkilatın üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı. Fransa keçmiş Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bu təşkilatdakı fəaliyyəti çərçivəsində hər zaman qeyri-obyektiv mövqe sərgilədi. 

Cənubi Qafqazda öz neokolonializm siyasətini reallaşdırmaq istəyən Fransa unutmamalıdır ki, artıq dünya birliyi qırx dörd günlük müharibədə Azərbaycanın tarixi Qələbəsindən sonra regionda yaranmış yeni reallıqları qəbul edir. Bu reallıqlardan biri, bəlkə də birincisi bölgədə davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunmasıdır. Fransadan fərqli olaraq Azərbaycan dövləti regionda sülhün qorunub saxlanması üçün əlindən gələni edir. Bütün bunların fonunda əminliklə demək olar ki, rəsmi Parisin regionumuzla, ölkəmizlə bağlı bütün məkrli niyyətləri, çirkin cəhd və səyləri puç olaraq yoxa çıxacaq.

Zahid Rza, “İki sahil”