02 fevral 2024 17:06
363

Nümunəvi gənclər siyasəti

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən müstəqil Azərbaycanın gənclər siyasətinin əsası qoyuldu və gənc nəsilə diqqət və qayğının göstərilməsi dövlət siyasətinin prioritetinə çevrildi. Gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndər Heydər Əliyev, Azərbaycan gəncliyi haqqında “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir”- fikirlərini söyləmişdir.

Dahi şəxsiyyət Heydər Əliyev tərəfindən gənclərin inkşaf etdirilməsi, dövlətin və cəmiyyətin tərəqqisində rolunun artırılması istiqamətində böyük və ardıcıl tədbirlər həyata keçirilmişdir. Ulu Öndərimizin, 1994-cü il 26 iyul tarixli  Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsinin inkşaf etdirilməsi, ali məktəblərə yüksək balla qəbul olmuş abituriyentlərə Prezident təqaüdünün verilməsi, Ümummilli Liderin təşəbbüsü əsasında Gənclər Forumunun keçirilməsi, Ulu Öndərin gənclərə olan yüksək diqqət və qayğısının təzahürüdür.  Eyni zamanda Azərbaycanda 2 feval tarixinin Gənclər Günü kimi qeyd olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1997-ci ildə dahi şəxsiyyət Heydər Əliyevin imzaladığı müvafiq sərəncamla Azərbaycan Gənclərinin Forumunun keçirildiyi 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başlanıldı.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda digər ölkələrə nümunə olacaq gənclər siyasəti həyata keçirilir. Cənab Prezident İlham Əliyev gənclərin hərtərəfli inkişafını, onların düzgün, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda yetişdirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlamışdır. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan gəncliyi ölkəmizi dünya miqyasında layiqincə təmsil etməklə yanaşı, 44 günlük Vətən müharibəsində yüksək milli vətənpərvərlik ruhu, mənəvi dəyərlərə sadiqlik nümayiş etdirərək, qəhrəmanlıq dastanı yazdılar.

Azərbaycan gəncliyi hər zaman dövlət Başçımızın onlara olan etimad və güvənini doğrultmuş, möhtərəm Prezidentimiz, Ali baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, Onun həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti dəstəkləmişdir.

Əziz gənclər, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə hər birinizi təbrik edir, ölkəmizin qüdrətlənməsi, çiçəklənməsi yolunda səmərəli fəaliyyətinizdə sizə müvəfəqqiyyətlər arzu edirəm. Azərbaycan xalqı öz gəncləri ilə fəxr edir!