02 fevral 2024 16:12
329

Ermənistan səmimidirsə, Konstitusiya dəyişikliyini parlamentdə müzakirəyə çıxarılmalıdır - ŞƏRH

İrəvan həqiqətən sülh istəyirsə, Azərbaycana qarşı ərazi iddiasına dövlət səviyyəsində son qoymalıdır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai radiosuna müsahibəsində dövlət siyasətinin və Konstitusiyanın qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsinə və yaxşılaşmasına mane olduğunu etiraf etməsi və xalqa artıq dəyişikliklər etməyin zamanı olduğunu çatdırması bir neçə məqsədə xidmət edir.  
Rusiyadan müəyyən qədər uzaqlaşıb Qərbə meyilləndiyini açıq şəkildə bəyan edən Ermənistan regionda sabitlik yaranarsa, Moskvaya o qədər də ehtiyacı olmadığını demək istəyir. Çünki İkinci Qarabağ müharibəsi və sonrakı qarşıdurmalarda Ermənistanın dəstək gözlədiyi əsas ölkə Rusiya idi. 
N.Paşinyanın “qeyri-qanuni məqsədlər üçün ordunuz varsa, onu heç kim qorumayacaq” fikri də etiraf xarakterlidir. Çünki o üstüörtülü də olsa, erməni cəmiyyətinə xatırladır ki, Ermənistanın işğalçı siyasəti nəticəsində uzun illər ərzində Azərbaycan ərazilərində qanunsuz ordu formalaşdırıldı, amma müharibədə haqsız olduğumuz üçün heç kim bizə açıq şəkildə dəstək verə bilmədi. Buradakı digər bir mesaj isə Rusiyanın Ermənistanın yanında olmadığını xatırlatması ilə bağlı idi.  

Baş nazirin digər çatdırmaq istədiyi məsələ də özündən əvvəlki idarəçilərin yanlış siyasəti nəticəsində Ermənistanın inkişaf etməməsinin və onun bu səhvləri düzəlmək üçün xalqın dəstəyinə ehtiyacı olduğunun vurğulanmasıdır. 

Paşinyanın bu cür danışmağa məcbur olmasının digər səbəbi də Azərbaycan və Türkiyə tərəfindən edilən təzyiqlə bağlıdır ki, Ermənistanı səmimi davranmağa məcbur edir. Yəni, İrəvan həqiqətən də sülh istəyirsə, Azərbaycana qarşı ərazi iddiasına dövlət səviyyəsində də son qoymalıdır. Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanın, həmçinin güzəşt, təslim olmaq siyasəti həyata keçirdiyi də göz qabağındadır. Lakin bunlar hələ ki, sözdən əmələ keçməyən ifadələrdir, əgər Ermənistan səmimidirsə, Konstitusiyaya dəyişiklik parlamentdə müzakirəyə çıxarılmalıdır. Bundan əlavə, Ermənistan ölkəmizə qarşı beynəlxalq səviyyədə təzyiqlərinə son qoymalı, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndini yerinə yetirməli, mina xəritələrini dəqiq bir şəkildə Azərbaycana verməli, itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə məlumatları ölkəmizə ötürməli, 8 kəndlə bağlı razılığa gəlməlidir. Müharibədən keçən üç ildən artıq müddətdə Ermənistan tərəfindən normallaşmaya istiqamətlənən müxtəlif bəyanatlar, təkliflər səsləndirilsə də, real olaraq heç bir nəticə hasil olmayıb.

Elmir Səftərov
Siyasi şərhçi