01 fevral 2024 18:16
305

İnformasiya müharibəsinin ön cəbhəsində dayanan Azərbaycan gəncliyi

Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. Ulu Öndər vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.Gənclər, daim hər bir cəmiyyətin aparıcı qüvvəsi olub və bu gün də belədir. Gənc nəslə göstərilən diqqət və qayğı, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, dünya birliyinə inteqrasiyasına əlverişli şəraitin yaradılması dövlətin parlaq gələcəyinin təminatıdır. Gənclərin problemlərinin həllinə dəstək, onlara göstərilən dövlət qayğısı yeni və müstəqil Azərbaycan dövlətinin siyasi kursunun mühüm tərkib hissələrindəndir. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlətin gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsini hər bir gənc gündəlik həyatında hiss edir. Bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Bu da gənclərə qayğının dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilməsindən irəli gəlir. Azərbaycan gəncliyi son illər ictimai həyatın bütün sferalarında daha çox fəallığı ilə diqqəti cəlb edir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Bu gün erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması da gənclərin qarşısında duran mühüm vəzifələrdən biridir. 27 sentyabr 2020-ci il  Azərbaycan xalqının tarixində unudulmaz günlərdən birinə çevrildi. Həmin gün Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünə və təxribat cəhdinə cavab olaraq, rəşadətli ordumuz əks-hücuma keçdi və işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. 44 gün çəkən döyüşlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz erməni qəsbkarlarını diz çökdürdü.

44 günlük Vətən müharibəsi zamanı və ondan sonrakı proseslərdə Azərbaycan gəncləri də müstəsna rol oynadılar. Belə ki, gənclərimiz reallıqları dünyaya çatdırmaqda, eləcə də informasiya mübarizəsində fəal oldular. Azərbaycan dövləti tərəfindən xaricdə təhsil almağa göndərilən gənclər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayırlar. Belə ki, xaricdə yaşayan azərbaycanlı gənclər vasitəsilə dünya ictimaiyyətinə ölkəmiz haqqında məlumatların çatdırılması prosesi sürətləndirilib. 44 günlük müharibə zamanı Azərbaycan gəncləri həm hərb - döyüş meydanında, həm də informasiya məkanında mübarizə aparıblar.

Eyni zamanda, gənclər müasir informasiya texnologiyalarından səmərəli və məqsədyönlü istifadə etmək üçün müasir biliklərə yiyələnməlidirlər. Bu, olduqca vacibdir. Çünki inkişaf edən dünyada yeni reallıqlarla ayaqlaşmaq, çağırışlara cavab vermək həm də milli maraqların qorunması üçün əlavə imkanlar yaradır. Bizim isə qarşımızda çox mühüm vəzifələr dayanır. Qeyd etdiyim kimi, bu gün erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılması gənclərin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu kontekstdə sistemli və ardıcıl fəaliyyət hər birimizin borcudur. Biz, bu məsələdə  öz vətəndaşlıq mövqeyimizi nümayiş etdirməli, müsbət nümunə yaratmalıyıq.

İlahə Hüseynova,
Xətai rayonu 165№-li tam orta məktəbin müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü