01 fevral 2024 22:45
231

Beynəlxalq riyakarlıq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli davranışı beynəlxalq riyakarlığın növbəti təzahürüdür. Avropada və dünyadakı bəzi qərəzli və ədalətsiz təsisatlar kimi, Avropa Şurası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı uğurları qəbul edə bilmir. 2001-ci ildə sözügedən təşkilata üzv olduqdan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edirlər. Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib. Amma, təəssüf ki, Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət yürüdülür. AŞPA-da Azərbaycanla bağlı faktlar təhrif olunmuş formada təqdim edilir. Postmünaqişə dövrünün reallıqları sırasında yer alan Ermənistanın mina terroru və bunun nəticəsində yüzlərlə insanın həlak olması və yaralanması  Avropa Şurasını hələ də narahat etmir. Ötən il AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız ermənilərə dəstəklə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan Ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib.

AŞPA-nın son qərarı bir daha sübut edir ki, qurum Azərbaycanın tarixi Zəfərini, Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanın məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.  Tarixi Zəfərimizdən ötən dövrdə qurumun bu və ya digər güclərin əlində təzyiq aləti kimi istifadəsi daha açıq müstəviyə keçib. Belə ki, bu günlərdə qurum növbəti riyakarlığını nümayiş etdirdi. Cari ilin yanvarın 24-də Avropa Şurası Parlament Assambleyasının ölkəmizlə bağlı son addımı birmənalı qarşılanmamaqla yanaşı, Azərbaycana qarşı qərəzin son həddə çatdığını bir daha ortaya qoydu. Avropa Şurasının ədalətə sığmayan, ikili standartlara əsaslanan siyasətini bir daha təsdiqləyən məlum qərarı Fransanın Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etmək cəhdini ortaya qoydu. Fransa və Avropadakı erməni lobbisi AŞPA-nı anti-Azərbaycan platformasına, Frank Şvabeninin timsalında isə Almaniyanı muzdluya çevirib. Təşəbbüs formal olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün də durduğu faktdır. AŞPA-nın sabiq və hazırkı prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Frank Şvabe  təşəbbüsü irəli sürərkən  çıxışında  guya Qarabağın 100 mindən artıq erməni əhalisnin zorakılıqla qovulmasını  və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi  qiymətləndirib.  Bu təşəbbüs almaniyalı deputat tərəfindən irəli sürülsə də heç şübhəsiz  ki, onun arxasında  AŞPA rəhbərliyinin özü dayanır. Reallıq budur ki,  bu gün AŞPA Almaniya və Fransanın əlində oyuncağa çevrilib. Fransa bu təşkilatdan bir siyasi alət kimi istifadə edərək Azərbaycana qarşı əks təbliğat  kampaniyası həyata keçirir. AŞPA-nın bu addımı Fransanın  tarixi Zəfərimizdən sonra Azərbaycana qarşı açıq müstəviyə keçən qərəzli  kampaniyasının davamıdır.

Bu təşkilat iddia edir ki, guya ötən il onların missiyalarını Laçın dəhlizinə buraxmamışıq və 7 fevral prezident seçkilərini müşahidə etməyə dəvət etməmişik. Eyni zamanda, guya ötən ilin sentyabrın 19-da  Azərbaycan Ordusunun birgünlük  lokal antiterror tədbirlərindən sonra Qarabağda erməni əhalisinin etnik təmizlənməsi həyata keçirilib. Bundan başqa, guya  Azərbaycanda «siyasi məhbus»ların sayının gündən- günə artması onları narahat edir. Məhz onların Azərbaycana qarşı belə ikili standartlarla yanaşmalarına görə Azərbaycan nümayəndə heyəti yanvarın 24-də bəyanatla çıxış edərək qurumdakı fəaliyyətini qeyri –müəyyən vaxtadək dayandırdı. AŞPA-nın bu qərarı ölkəmiz üçün ciddi əhəmiyyət kəsb etmir və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Vaxtilə Azərbaycan bu qurumun Qarabağ münaqişəsinin həllinə dəstək verməsi məqsədilə görə Avropa Şurasına üzv olmuşdu. Artıq Azərbaycan bu problemi hərbi yolla özü həll edib. Hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan AŞPA-ya Azərbaycanın heç bir ehtiyacı yoxdur. Qondarma «dağlıq qarabağ respublikası» özünü buraxdığını elan etdikdən sonra hələ də AŞPA-nın onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. AŞPA-nın anti-Azərbaycan və islamofob siyasətinin nəticəsidir ki, bu qurumla ölkəmiz arasında münasibətlər həmişə aşağı səviyyədə olub. Sanki burada təmsil olunan bir sıra deputatlar Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil edirlər. Belə davranış həm də şovinizmin, ifrat sağ düşüncənin təzahürüdür.

Regionda dəyişən reallıqları qəbul etməyən bu qurumlar bu cür ucuz gedişlər etməklə heç nəyə nail olmayacaqlar. Ümumiyyətlə, Cənubi Qafqazla bağlı proseslərə müdaxilə etməyə çalışan bütün qüvvələr anlamalıdırlar ki, 30 illik işğal dövrü geridə qalıb. Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi Zəfərlər regionda yeni geosiyasi reallıqlar yaranıb. Bu gün Azərbaycan hüquqi olaraq qalib və diktə edən tərəfdir.

Şəmsiyyə Əliqızı, «İki sahil»