01 fevral 2024 23:11
248

Cənubi Qafqazda söz sahibliyimiz bir daha təsdiqləndi

Qazax görüşünü sülh sazişinin imzalanmasına artan ümid, Azərbaycan diplomatiyasının növbəti taktiki uğuru adlandırmaq olar

Azərbaycanın Zəfəri ilə başa çatan İkinci Qarabağ müharibəsindən, Ermənistanın kapitulyasiya aktını imzaladıqdan sonra sərhədlərin delimitasiyası və demarkasiyası tərəflər arasında sülh sazişinin imzalanmasının ən başlıca məsələsi kimi aktuallığını qoruyur. Bununla bağlı Praqa, Brüssel, Vaşinqton görüşlərində müzakirələr aparılsa da başqaları tərəfindən idarə olunan Ermənistanın qeyri- konstruktiv addımları səbəbindən bu məsələ hələ də masada həllini gözləyir. Sülh sazişi üçün «Ölkələrin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, gələcəkdə hər hansı ərazi iddialarına son qoyma öhdəliyi, silah gücündən təhdid məqsədi ilə istifadə edilməməsi, dövlət sərhədlərinin delimitasiyası və kommunikasiya xətlərinin açılması» daxil olmaqla beynəlxalq hüquqa əsaslanan Azərbaycanın Ermənistana təklif etdiyi beş şərtlə bağlı müzakirələr davam etsə də hələ də məntiqi nəticə əldə olunmamışdır. Rəsmi Bakının bu təkliflərini ermənisayaq korrektə edən, Cənubi Qafqazda sabitliyin bərpasına hər vasitə ilə mane olan Fransa və ABŞ kimi bəzi dairələrin məsələyə əsassız müdaxilələri səbəbindən bu günədək delimitasiya ilə bağlı razılaşmalar baş tutmayıb.

ABŞ və Praqa görüşlərində Azərbaycanla Ermənistanın xarici işlər nazirləri tərəflərin biri-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etsələr də Ermənistanın baş naziri Nikol Paşinyanın bu məsələyə rəsmi münasibət bildirməməsi boşluq yaradır. Ermənistan parlamentdə görüşündə müxalifətin məsələ ilə bağlı sualını «Mən təsdiq edirəm ki, biz sülh gündəliyini qəbul etmişik. Və təsdiq edirəm ki, son müsahibəmdə elan edilmiş düstura uyğun olaraq sülh gündəliyinin həyata keçirilməsi üçün məsuliyyəti öz üzərimə götürürəm. Bu gündəliyin həyata keçirilməsi üçün parlament çoxluğunun və xalqın dəstəyinə ümid edirəm. Mən bu yolla gedirəm və gedəcəyəm. Son zamanlar gedən danışıqlar və onların məzmununa əsasən mən irəliyə doğru yolu görürəm. Bu, ən vacibidir» sözləri ilə cavablandıran Paşinyan bildirib ki, («Armenpress» agentliyi) Ermənistan üçün Qarabağı Azərbaycandan ayırmaq mümkün olmayacaq. «Ümid edirik, sülh sazişinin mətninin hazırlanması uzun çəkməyəcək. Biz bu ədavətə, qarşılıqlı nifrətə son qoymaq və yeni sülh səhifəsi açmaq istəyirik. Bu məsələdə nə qədər uğurlu olub-olmayacağımızı bilmirəm. Amma biz bu istiqamətdə irəliləyirik» söyləyən Prezident İlham Əliyev sülh sazişinin imzalanacağına daim nikbinliklə yanaşıb. Dövlət başçısı İlham Əliyev dəfələrlə bildirib ki, rəsmi Bakı hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli əhalini öz vətəndaşı hesab edir və onların gələcək həyatının necə təşkil ediləcəyini hər hansı beynəlxalq oyunçu ilə müzakirə etmək fikrində deyil. Qarabağda keçirilən lokal anttiterror tədbirləri ilə erməni separatizminə birdəfəlik son qoyan Azərbaycan Xankəndi də daxil olmaqla ətraf kəndlərdə yaşayan ermənilərlə danışıqlar aparılmasına tərəfdar olduğunu bildirib. Bu məqsədlə Xocalıda və başqa ərazilərdə erməni nümayəndələri ilə görüşlər təşkil olundu, təkliflər müzakirə edildi. Eyni zamanda bildirildi ki, Azərbaycanın daxili məsələlərini heç bir beynəlxalq institut, eləcə də ərazicə böyüklüyündən və potensialından asılı olmayaraq hər hansı dövlətlə müzakirələr nəzərdə tutulmur. Çünki Vətən müharibəsində qazandığımız Qələbənin məntiqi nəticəsi bu idi ki, «Dağlıq Qarabağ» adında ərazi yoxdur və və separatçı rejimin qondarma «Dağlıq Qarabağ respublikası» adlı qurumu gorbagor olub.

Sülh sazişi ilə bağlı müzakirələrdə Azərbaycanın qəti və dəyişilməz mövqeyini diqqətə çatdıran Prezident İlham Əliyev qeyd edib ki, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan və Ermənistandan olan komissiyalar birlikdə işləyərək beynəlxalq hüquqa əsaslanan məntiqi nəticəyə gəlməlidirlər. Cenevrədə görüşən Azərbaycan və Ermənistan xarici işlər nazirləri iki ölkə arasında sülh sazişi, silahlı qüvvələrin ölkə ərazilərindən çıxarılması, hərbi və mülki əsirlər, eləcə də kommunikasiya xətləri barədə fikir mübadiləsi aparıblar. Qalib ölkənin Lideri İlham Əliyev «Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir. Əgər buna Ermənistanda mənfi reaksiya varsa, bunu da özləri bilərlər. Amma yenə də deyirəm, yenə də peşman olacaqlar. Biz isə bundan sonra ancaq və ancaq irəli gedəcəyik» söyləməklə Ermənistan rəsmilərinə yanlış və təhlükəli yolda olduqlarını dəfələrlə xatırladıb. Prezident İlham Əliyev kənar oyunçuların sülh sazişinin imzalanmasına törətdilən əngəllərin, artıq təqaüdə göndərilmiş ATƏT-in Minsk qrupunu diritlmək cəhdinin heç nəticə verməyəcəyini də qətiyətlə bildirib: «Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb… Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var.» Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradılması da bu siyasi iradənin nəticəsi, Ermənistanın isterikasına cavab oldu.

Bu günlərdə Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində Delimitasiya Komissiyasının iclasının keçirilməsi bəzi mətləblərə aydınlıq gətirir.

Azərbaycanın və Ermənistanın baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın başçılıq etdikləri danışıqlarda delimitasiya məsələlərinin müzakirəsi davam etdirilib, bir sıra təşkilati və prosedur məsələlər nəzərdən keçirilib. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyalar arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətninin ilkin variantı razılaşdırılıb. Həmin məsələlər üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılmasına başlanılması, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılıq əldə edilib. Bu görüş belə bir əminlik yaradır ki, iki dövlət arasındakı şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası istiqamətində çox çətinliklə olsa da irəliyə doğru addımlar atılır. Bundan başqa, komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yeri barədə razılıq əldə olunub.

Cənubi Qafqazda sabitliyin yaranmasına mane olan ABŞ, Fransa və Avropa İttifaqının bölgəyə müdaxilələrinin intensivləşdiyi indiki həssas məqamda Azərbaycanla Ermənistan arasındakı bu görüş gərginliyi azalda bilər. Son günlər Ermənistandan «Qarabağdan köçən ermənilərin problemləri ilə bağlı» revanşist meyillərlə bərabər «Azərbaycanla normal münasibətlər və qonşuluq mühitinin yaradılması»na keçid kimi loyal fikirlərin səslənməsi də sübut edir ki, Hayastan rəsmiləri gec də olsa reallığı qəbul etmək məcburiyyətində olduqların dərk edirlər. Laçında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə Azərbaycana qarşı təxribatlarını intensivləşdirən, sentyabrın 19-da Azərbaycan ordusunun keçirdiyi lokal antiterror tədbirlərindən sonra daha da aqressivləşən, xüsusilə rəsmi Bakının haqlı olaraq Qrenada görüşündən imtinasından sonra Qərb Azərbaycana eyni mənbədən idarə olunan təzyiqlərini gücləndirdi. ABŞ-da intensivləşən «ermənipərəstlik» tərəfdaşlığının, Konqresin Nümayəndələr Palatasında, Dövlət Departamentində anti-Azərbaycan meyillərin artdığı, ölkəmizə qarşı əsassız şərtlərin irəli sürüldüyü bir məqamda Qazax görüşünün xüsusi əhəmiyyəti var. ABŞ və Avropa İttifaqı tərəfindən qəbul olunan ermənipərəst bəyanatların, Fransanın əsası olmasa belə Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında iştirak etmək cəhdlərinin qarşısını qətiyyətlə alan rəsmi Bakı bir daha sübut etdi ki, son söz Azərbaycanındır. Ərazi bütövlüyünü ədalətli, öz gücü ilə bərpa edən Azərbaycanın separatizmə son qoyması ABŞ-ı, Fransanı və Avropa İttifaqını qəzəbləndirsə də hər kəs həddini bilməli, geosiyasi vəziyyətlə barışmalıdır.

ABŞ-la Çin arasında illərdən bəri davam edən geosiyasi qarşıdurmadan müəyyən mənada zərər görən Almaniya, Fransa, Rusiya və Hindistan kimi böyük dövlətlərin Cənubi Qafqazda yerləşmək niyyətləri də bəllidir. Ermənistandan vasitə kimi istifadə edərək öz maraqlarını gerçəkləşdirmək istəyən dövlətlərin ölkəmizə qarşı təxribatlarının qarşısını diplomatik səyləri ilə alan Prezident İlham Əliyev erməni havadarlarına bildirdi ki, Azərbaycanla razılaşmaqdan başqa variant yoxdur. Rəsmi Bakı ilə ultimatum dili ilə danışmaq dövrü keçmişdə qaldı. Qazax görüşü ölkəmizə qarşı müdaxilələrə «STOP, NO!» xəbərdarlığıdır. Rəsmi Vaşinqton da daxil olmaqla bütün erməni dəstəkçiləri aydın başa düşürlər ki, «ritorikalı mənəmlik» bu regionda heç kimə xeyir gətirə bilməz. Məhz bu səbəbdən Qazax görüşünü sülh sazişinin imzalanmasına artan ümid, Azərbaycan diplomatiyasının növbəti taktiki uğuru adlandırmaq olar. Prezident İlham Əliyevin qətiyyətlə söylədiyi «Konstruktivlik olmasa sülh olmayacaq, kommunikasiyalar açılmayacaq» sözlərindən dərs alan Ermənistan, Cənubi Qafqazın «gələcəyini öz maraqları baxımından formalaşdıran» ABŞ, Fransa, Avropa İttifaqı, Almaniya dövlət başçımızın bu sözlərini bir daha xatırlasınlar : « Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!»

Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən regionda sülhün və sabitliyin gücləndirilməsi üçün imkanlar yarandığını vurğulayan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etsə də Ermənistan tərəfindən buna adekvat reaksiya verilməməsi prosesi yubadır.

Dövlətimizin başçısı vurğulayıb ki, işğalçı dövlətin müstəqillik haqqında Bəyannaməsindəki Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönələn Qarabağ bölgəsinin Hayastana birləşdirilməsi ilə bağlı əsassız müddəaların Ermənistanın Konstitusiyasında əksini tapması erməni separatizminin davamıdır. Prezident İlham Əliyev qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanmasını müsbət addım kimi qiymətləndirən cənab İlham Əliyev yaranan şəraiti sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan kimi qiymətləndirib. Dövlət başçımız Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu cür ikili standartlar ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir.

Xuraman İsmayılqızı, «İki sahil»