02 fevral 2024 00:25
285

Naxçıvanın Zəngəzurin faciəli taleyini yaşamasının qarşısını nə aldı?

Naxçıvan MSSR necə meydana gəldi? Naxçıvan MSSR-dən əvvəl qısa tarixi ekskursiya əsasında qeyd edək ki, Naxçıvan MSSR ilə Naxçıvan SSR-i bir-birindən ayıra bilmək lazımdır. Belə ki, Naxçıvan SSR 1920-ci ilin 28 iyulunda, Naxçıvan MSSR isə 1924-cü ilin 18 yanvarında elan olunmuşdur

Rusiyanın Azərbaycan, eləcə də Naxçıvan ərazisini işğal etməsi nəticəsində öncə Naxçıvan SSR, daha sonra isə Naxçıvan MSSR meydana çıxmışdır. Əslində mövcud olan ərazidə hakimiyyət dəyişikliyi nəticəsində ad dəyişikliyi terminoloji tarixi qaynaqlara daxil olmuş, dövləti qurumlar sovet idarəçiliyinin tələblərinə uyğunlaşdırılmışdır. Muxtariyyət məsələsinin meydana çıxması da təbiidir ki, Naxçıvanda mövcud tarixi reallıqda müxtəlif prizmaların toqquşmasında gerçəkləşmişdir. Y.Mahmudov, K.Şükürov yazır ki, Naxçıvan SSR-in muxtar diyar kimi təşkil olunması nəticəsində Naxçıvanın əvvəlki siyasi hüquqları məhdudlaşdırılırdı. Respublikadan təcrid olunmuş şəraitdə yaşayan Naxçıvan üçün bunu qənaətbəxş hesab etmək olmazdı. Ona görə də 1923-cü ilin sonunda Naxçıvan Muxtar Diyarının Muxtar Respublikaya çevrilməsi məsələsi irəli sürüldü. Azərbaycan MİK 1923-cü il dekabrın 31-də bu barədə qərar qəbul etdi. Zaqafqaziya MİK-in 1924-cü il yanvarın 8-də keçirilən birinci plenumu Naxçıvan Muxtar Diyarının Muxtar Respublikaya çevrilməsi haqqında qərar qəbul etdi. Naxçıvanın Muxtar Respublikaya çevrilməsi üçün Zaqafqaziya MİK səlahiyyətləri daxilində qərar ondan irəli gəlirdi ki, hələ 1922-ci ilin dekabrında Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR ZSFSR-də birləşdi. Dekabrın 30-da hər üç respublika ZSFSR tərkibində SSRİ-yə daxil olmuşdu.

Bu kontekstdə bir daha aydın olur ki, Naxçıvan Muxtar Respublikasının, yəni Naxçıvan MSSR-nin meydana çıxması zəruri tarixi şəraitdən doğmuşdu. Əks təqdirdə irəli tarixi dövrlərdə diyar kimi mövcud olan Naxçıvan yenidən Ermənistana ilhaq edilmək istəyi ilə gündəmə çıxa bilərdi. Çünki bir Respublikaya mübahisəli ərazi olan Diyar ərazisini qatmaq normal sayılardı, ancaq unitar Respublikanı Respublikaya ilhaq etmək mümkünsüz idi. Yalnız federativ respublika quruluşu burada istisna təşkil edir ki, Ermənistan da federativ respublika quruluşuna malik deyildi. Bu baxımdan Naxçıvan muxtariyyətinin bu kimi hüquqi statusda meydana çıxması çox vacib idi. Məhz Azərbaycanın taleyini düşünən görkəmli şəxsiyyətlər bu vacib siyasi gedişatı həyata keçirməyə çalışırdılar və nəticə etibarilə də buna nail ola bildilər. Elə buna görə də Naxçıvan da Zəngəzur kimi eyni faciəli taleyi yaşayıb Ermənistana ilhaq olunmadı .

Belə bir təhlükəli dövrdə qədim yurd yerimiz olan Naxçıvanın Azərbaycanın tərkibində qalması az qala çox çətin manevrlərin hesabına başa gəlirdi ki, bu taktiki addımların yüksək çevikliyi nəticəsində Naxçıvan MSSR meydana çıxdı. Eyni zamanda tarixi şəraitin Azərbaycanın əleyhinə olması Naxçıvan MSSR-in yaradılmasını şərtləndirdi. Əks təqdirdə Naxçıvan ərazisini də böyük fəlakət gözləyirdi. Sovet rəhbərliyinin aqressiv tələbləri nəticəsində Zəngəzurun sovetləşən Ermənistana verilməsi növbədə Naxçıvanın olmasını aydın göstərirdi. Həmçinin Zəngəzurun Ermənistana öncə ilhaq edilməsi aydındır ki, Naxçıvan ərazisinin Azərbaycandan ayrı salınmasına xidmət edirdi. F.Səfərli qeyd edir ki,tarixi Azərbaycan torpağının hesabına Ermənistan SSR Xalq Komissarları Sovetinin 20 iyul 1921-ci il tarixli qərarı ilə Ermənistan SSR-nin tərkibində Zəngəzur qəzası yaradıldı. Beləliklə, Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan bölgəsi süni surətdə Azərbaycanın əsas hissəsindən ayrı salındı.

Göründüyü kimi Sovet rəhbərliyinin məkrli niyyətləri buradan aydın olur ki, Naxçıvan ilkin mərhələdə Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycandan ayrı salınır, daha sonrakı dövrdə isə Ermənistana verilmə planları həyata keçirilməyə başlanır. Bu dövrdə Naxçıvan MSSR ideyası meydana çıxmasaydı doğrudan da Naxçıvan ərazisinin gələcəyi sual altına düşə bilərdi. Əlbəttə, bu ideoloji məfkurə, siyasi status məsələsi Zəngəzurun Ermənistanın tərkibinə verilməsindən daha əvvəl meydana çıxmışdı. Bu avantürist siyasətin qarşısının alınması üçün iki cəbhədə ciddi addımlar atıldı. Birincisi, Naxçıvan əhalisinin inadlı mübarizəsi, ikincisi isə Azərbaycanın əhəmiyyətli səlahiyyətə malik olan siyasi xadimlərinin qətiyyəti nəticəsində müsbət sonuc əldə oluna bildi.

Azərbaycan rəhbərliyinin Hərbi İnqilab Komitəsinin üzvü, Ədliyyə komissarı Behbud ağa Şahtaxtinskini dekabrın 15-də Naxçıvana göndərməsi isə siyasi taktika ilə Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səbəb olmuşdu. Eyni zamanda Behbud Ağa Şahtaxtinskinin bu istiqamətdə əvəzsiz xidmətləri vardı, xalq sevgisini qazanmış şəxsiyyət idi və onun sözü silaha bərabər hesab oluna bilirdi. Onun hələ Azərbaycanın Moskvadakı səlahiyyətli nümayəndəsi olaraq V.İ.Leninə göndərdiyi məktubda bu ərazidə soyqırım aparılması və bundan çıxış yollarını göstərməsi də o dövr üçün çox cəsarətli addım idi.

B.A.Şahtaxtinkski açıq-aydın sovet rəhbərliyinin Naxçıvanı satdığını Naxçıvan əhalisinə bildirmiş və yeganə yol olaraq Naxçıvanın Türkiyəyə birləşməsini məsləhət görmüşdü. Məhz Naxçıvanın Türkiyə ilə birləşəcəyindən ehtiyat edən və ikili cəbhələrdə müharibə vəziyyətində olan Sovet rəhbərliyi Naxçıvanın Ermənistana verilməsindən imtina etdi. Əslində isə bu kimi qətiyyətli addımlar və Naxçıvan əhalisinin cəsarətli etirazları olmasaydı Naxçıvan Ermənistan ərazisi elan olunacaqdı.

B.A.Şahtaxtiniskinin milli mövqeyinin və Naxçıvan əhalisinin qətiyyətinin nəticəsində qeyd etdiyimiz kimi, Sovet rəhbərliyi Naxçıvanın Azərbaycan Respublikasının tərkibində Muxtar Respublika kimi qalmasına razılıq verdi. Bu tarixi situasiyadan sonra 1921-ci ilin yanvarında Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təəssübü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan əhalisinin 90 %-dən çoxu Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycan SSR tərkibində qalmasına səs verdi. Naxçıvanın Azərbaycanın himayəsi altında muxtar ərazi statusu RSFSR-lə Türkiyə arasında bağlanmış Moskva müqaviləsində Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında imzalanmış Qars müqaviləsində (1921) təsbit olundu.

Biz Moskva və Qars müqaviləsi haqqında əhəmiyyətlilik baxımından daha sonra geniş bəhs açacağımız üçün bu kontekstdə bu müqavilələrin Naxçıvan Muxtar Mahalının yaranmasında oynadığı roldan qismən bəhs edirik. Məhz bu geniş siyasi çeviklik nəticəsində Naxçıvan Muxtar Mahalı yaradıldı və daha sonra yaradılacaq Naxçıvan MSSR üçün etap rolunda çıxış etdi.

Naxçıvan Muxtar Mahalının Naxçıvan Muxtar Respublikasına (MSSR) keçidi isə 1924-cü ilin fevralında baş tutdu. Əslində Naxçıvan Muxtar Mahalının yaradılması hüquqi statusun təsbiti idi. Ancaq buna baxmayaraq bu prosesi Sovet rəhbərliyinin erməni himayədarlığı və öz siyasi ambisiyaları səbəbindən yenidən dəyişmək cəhdi nəticəsində Naxçıvan Muxtar Respublikasının bir neçə il ləngidilib daha sonra Azərbaycanın tərkibində hüquqi baxımdan tanınması mümkün oldu .

Halbuki hələ 1922-ci ilin 12 dekabrında Zaqafqaziya sovetlərinin I qurultayında Naxçıvan Azərbaycanın muxtar vahid olaraq tərkib hissəsi kimi tanınmışdı .  Ermənilərin bütün Türk torpaqlarına olduğu kimi, Azərbaycana və onun tərkib hissəsi olan Naxçıvana təcavüz və iddiaları hər zaman davam etmişdir. Hətta MSSR dövründə də Naxçıvanın bir qism torpaqları erməni təcavüzkarları tərəfindən ələ keçirilmişdir.

Naxçıvan MSSR-in Ermənistana hədiyyə edilən əraziləri daha dəqiq olaraq nəzərdən keçirildikdə aydın olur ki, Zaqafqaziya MİK Naxçıvan MSSR-in ərazi problemlərinə məhəl qoymadan, Moskva və Qars müqavilələrinin şərtlərini kobud surətdə pozaraq 1929-cu il fevralın 18-də qərar qəbul etdi. Həmin qərara görə Naxçıvan MSSR-in 10 kənddən ibarət 657 kv. km ərazisi – Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan kəndi, Kilid kəndi torpaqlarının bir hissəsi Ermənistana verildi. 1930-cu ildə isə Aldərə, Lehvaz, Astazur, Nüvədi və s. yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazidə Mehri rayonu yaradılmışdır .

Hətta 1938-ci ildə Kərki kəndinin torpağının bir hissəsi, 1969-cu ilin may ayında yenə Kərki kəndinin başqa bir sahəsi Ermənistana verilmişdi. 1990-cı il yanvarın 18-19-da Kərki kəndi ermənilər tərəfindən işğal edildi, sonrakı illərdə Naxçıvanın başqa ərazilərini tutmağa cəhd göstərilsə də buna yol verilmədi .

Bu baxımdan ensiklopedik qaynaqda göstərilir ki, Naxçıvan MSSR-in hüquqi ərazi statusunun möhkəmləndirilməsi 1926, 1937, 1978-ci illərdə qəbul olunmuş Naxçıvan MSSR-in Sovetlər Qurultaylarında qəbul olunmuş I-II-III Konstitusiyalarının mühüm rolu olmuşdur.

Təqdim etdiyimiz aspektdən yanaşdıqda Naxçıvan MSSR-in nə qədər böyük tarixi nailiyyətin nəticəsi olaraq meydana çıxması bir daha təsdiqini tapmış olur.

Yeganə Məmmədova,
Tarix üzrə fəlsəfə doktoru,
AMEA Naxçıvan Bölməsinin doktorantı