01 fevral 2024 23:24
1405

Tarixi ədalət bərpa olundu

Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik böyük şəxsiyyət və müdrik bir Lider yetişdirməsi olmuşdur. Bu, ondan irəli gəlirdi ki, Vətənini canından çox sevən uzaqgörən lideri  Azərbaycanın təkcə Özünün rəhbərlik etdiyi dövrü deyil, ondan sonrakı taleyi də düşündürürdü. Ulu Öndər Heydər Əliyevin müdrik tövsiyəsi ilə 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etdi. Ötən 20 ildə ölkəmizdə böyük işlər görüldü. 2006-ci ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara  verilmişdir. Bundan başqa, 2018-ci ildə Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perspektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin Bakıda rəsmi açılış mərasimləri keçirilmişdir. Bundan əlavə, 20 sentyabr 1994-cü tarixdə Bakıda imzanlanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri“, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci ilin sentyabr ayının 14-də, ölkəmiz üçün daha əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılmışdır. Bu isə Azərbaycanda bundan sonra daha uzun illər üçün neftin hasilat səviyyəsinin sabit qalmasına, neft sektoruna xarici investisiya qoyuluşunun təmin olunmasına zəmin yaratmışdır. Xüsusi vurğulamaq lazımdır ki, praqmatik, təmkinli, səbrli, balanslaşdırılmış siyasət sayəsində 12 avqust 2018-ci il tarixdə Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət başçılarının iştirakı ilə imzalanan tarixi Aktau Konvensiyası ilə 1996-ci ildən davam edən Xəzərin hüquqi statusu ilə bağlı 22 illik danışıqlar milli maraqlarımızı qane edən sonluqla bitmiş və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi birdəfəlik öz həllini tapmışdır. 2018-ci ilin oktyabr ayının 19-da Azərbaycan-Türkiyə qardaşlığının təzahürü olaraq birgə səylərlə reallaşdırılan, hər iki ölkənin iqtisadi inkişafına, bütövlükdə regionun tərəqqisinə böyük töhfə olan “STAR” neft emalı zavodunun açılışı da neft strategiyasının uğurlarından olmuşdur. Azərbaycandan Avropa bazarlarına təbii qaz ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmiş, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi reallaşdırılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də müstəsna əhəmiyyətli işlər görülüb. Belə ki, təməli 2007-ci ildə qoyulmuş Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı olmuşdur. 2018-ci ilin sentyabrın 18-də isə yeni Ələt-Astara-İran İslam Respublikası magistral avtomobil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması üçün işlər başa çatdırılmışdır.

Mükəmməl siyasi strategiya, sarsılmaz qətiyyət, polad iradə, yorulmaz və əzmkar fəaliyyət, xalqla iqtidar arasında olan sıx birliyi sayəsində bütün sahələrdə mütəmadi olaraq mütərəqqi islahatlar həyata keçirilir, regionların tarazlı inkişafının davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir. Nəticədə dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız durmadan çiçəklənir. Ölkəmizdə nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, dövlət- sahibkar münasibətlərinin və biznes - investisiya mühitinin daha da sağlamlaşdırılması, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır.

Ölkəmizin uğrlarından bəhs edərkən tarixi Zəfərimizi xüsusi qeyd etməliyik. Bu Qələbə sayəsində 30 ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız azad edilərək, ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. Qələbəyə qədər həyata keçirilən uğurlu xarici siyasət və görülən böyük işlər, xüsusilə hərbi sahədə aparılan ciddi hazırlıqlar nəhayət 44 günlük Vətən müharibəsində öz bəhrəsini vermişdir. Bütün dünyaya məlum idi ki, Ermənistan uzun zaman ərzində Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını işğal altında saxlayır. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə azad edilməsini nəzərdə tutan dörd məlum qətnamə qəbul olunsa da, həmin qətnamələr icra olunmur, bununla əlaqədar beynəlxalq təşkilatlar isə heç bir tədbir görmürdü. Ermənistan da bu illər ərzində mövcud vəziyyətdən istifadə edərək qeyd olunan qətnamələri yerinə yetirmir, hər vəchlə keçmiş münaqişəni mümkün qədər çox müddətə dondurmağa və status-kvonu qorumağa çalışırdı. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin icra edilməməsi bu qənaətə gəlməyə əsas verirdi ki, beynəlxalq hüquq işləmir. Həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Azərbaycan Silahlı Qüvvələri müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir orduya çevrildi.

27 sentyabr 2020-ci il tarixdə işğalçı Ermənistan silahlı qüvvələri növbəti dəfə genişmiqyaslı təxribat törətdi.  Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı və bununla da İkinci Qarabağ müharibəsi başladı. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən işğal atında olan ərazilərimiz bir-birinin ardınca erməni qəsbkarlarından azad olundu. Nəhayət, 19-20 sentyabr 2023-cü il tarixdə ordumuz lokal xarakterli antiterror tədbirləri həyata keçirərək  ərazilərimizdəki erməni separatizmini məhv etdi və bütün ölkə ərazisində suverenliyimiz tam olaraq bərpa edildi. Azərbaycanın haqq mübarizəsi hərbi-siyası qələbəmizlə başa çatdı və tarixi ədalət bərpa olundu. Qarabağ caniləri tutularaq Bakıya gətirildi. Onlar ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Təbii ki, bu qələbə ölkəmizdə həyata keçirilən mükəmməl siyasətin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, əsgər-zabitlərimizin qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsində mümkün olmuşdur. Təsadüf deyil ki, dünyanın bir çox ölkəsi Azərbaycanın Vətən müharibəsi təcrübəsindən bəhrələnmək istədiklərini açıq etiraf edib. Tarixi Zəfər qazanan ölkəmizin qarşısında yeni dövr, yeni mərhələ başlayır. Əminik ki, dövlətimiz  yeni dövrdə də qarşıda dayanan bütün hədəflərinə nail olacaq.

Aftandil Səfərov,
YAP Binəqədi rayon təşkilatının üzvü