02 fevral 2024 00:57
332

Korsika adası azadlıq tələb edir

“Nazione” hərəkatının müstəqillik tərəfdarı olan fəalları və onların ailə üzvləri Fransa polisi tərəfindən qeyri-qanuni saxlanılıb

Fransanın müstəmləkəçilik siyasətinin təxminən 500 illik tarixi var. Bu dövlət istilalar sayəsində Afrikanın qərbində və şimalında 20-dən çox ölkəni öz təsir dairəsinə qatmağa nail olub. Afrikanın ərazilərinin təxminən 35 faizi 300 il ərzində tamamilə Fransanın nəzarətində qalıb. Fransa Seneqal, Niger, Kamerun və Mavritaniya kimi bir çox Afrika ölkələrində, xüsusilə də Əlcəzair və Ruandada daxili qarşıdurma və soyqırım üçün məsuliyyət daşıyır. Ümumiyyətlə, bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal altına alan, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib, fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoyub.

Fransanın qatı müstəmləkəçilik siyasəti Korsikada da öz kədərli izlərini buraxıb. 1769-cu ildə Fransa adanı işğal altına alaraq Korsikanı özünün müstəmləkəsi elan edib. Bu işğal korsikallılara böyük məhrumiyyətlər gətirib. İki əsrdən çoxdur ki, adada azadlıq mübarizəsi Fransa hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar uydurma ittihamlar əsasında həbsə alınırlar. Bir qayda olaraq müstəmləkəçiliyə qarşı mübarizə aparan korsikalılılar Fransa həbsxanalarında saxlanılır və burada onlara ən ağır formada işgəncələr verilir.

Təxminən 200 ili əhatə edən müstəmləkəçilik dövründə Fransa Korsikanı öz ənənələrindən və tarixindən uzaqlaşdırmaq siyasəti apararıb. Adanın “fransızlaşdırılması” hazırda da davam etdirilir. Yerli əhalinin müstəqilliklə bağlı referendum istəklərinə məhəl qoyulmur, referendum təşkil olunduqda isə nəticələr açıq-aşkar saxtalaşdırılır.

Son vaxtlarda müşahidə edilən proseslər onu deməyə əsas verir ki, artıq Korsikada Fransa müstəmləkəçiliyindən qopmaq, geniş status almaq uğrunda təxminən 200 illik azadlıq mübarizəsinin yeni və geriyə dönməz mərhələsi başlayıb. 2022-ci ildə Korsikada 1998-ci ildə bir prefektin qətlinə görə ömürlük həbs cəzasına məhkum edilmiş İvan Kolonnanın həbsxanada öldürülməsindən sonra yeni etirazlar dalğasına start verilib. İvan Kolonna adanın müstəqilliyi uğrunda mübarizənin simvolu kimi  qəbul edilirdi.  Korsikanın  solçu millətçiləri  “Korsika millətinin” tanınmasını, Korsika dilinə rəsmi status verilməsini tələb edirlər. Adanın təhsil, səhiyyə və vergi siyasətinin  müstəqil idarə edilməsi də tələblər sırasındadır.

Prezident E.Makron Korsikada sabitliyi təmin etmək və Fransaya etimad yaratmaq üçün son illərdə bir neçə dəfə adaya səfərə gedib və parlamentdə çıxış edərək yenə də korsikalıların başının altına yastıq qoymağa çalışıb. Lakin onun geniş vədləri ada sakinlərinin istəyindən çox uzaqdır. Fransanın dövlət başçısı Korsikanın millət və dillə bağlı tələblərindən   ehtiyat edir və buna görə də manevrlərə əl atır. Ancaq  Korsikada müşahidə edilən son proseslər ondan xəbər verir ki, Makronun  belə imkanları çox məhduddur və korsikalılar adanın Fransanın təsir dairəsindən çıxmaq üçün əllərindən gələni edirlər. Fransa hökuməti yeni müstəqillik hərəkatını yatırmaq üçün repressiyalardan istifadə edir. Belə ki, Korsikanın yeni müstəqillik hərəkatı "Nazione"nin yüzə yaxın üzvü və tərəfdarı yanvarın 30-da adanın Bastia kommunasında polis idarəsi qarşısında etiraz aksiyası keçirərək, onun iki fəalının polis tərəfindən həbs edilməsinə qarşı çıxıb.

Qeyd edək ki, hər cür terrora, soyqırımına və müstəmləkəçiliyə qarşı çıxan Azərbaycan Korsika xalqına dəstək  verir. Hələ 24 oktyabr 2023-cü il tarixində Korsika xalqının öz milli kimliyinin bərpa edilməsi, fundamental hüquq və azadlıqlarının təmin olunması istiqamətində mübarizəsinə dəstək məqsədilə Azərbaycan Respublikası Milli Məclisində qrup yaradılıb. Ölkəmiz Korsikada baş verən son hadisələrlə bağlı da öz dəstəyini bildirib. Belə ki, Bakı Təşəbbüs Qrupu “Nazione” hərəkatının baş təsis yığıncağının uğurla keçirilməsindən sonra Fransa polisi tərəfindən hərəkatın müstəqillik tərəfdarı olan fəallarının və onların ailə üzvlərinin qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyib. Bakı Təşəbbüs Qrupunun bununla bağlı bəyanatında deyilir ki, yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik tərəfdarı olan strukturları və fəalları birləşdirən, müstəmləkə hökmranlığına qarşı mübarizəyə hazırkı və gələcək sadiqliyini təsdiqləyən “Nazione” hərəkatını təsis etmişdir. Korsikalılar istəklərini azad şəkildə ifadə etdikdən iki gün sonra - yanvarın 30-da “Nazione”nin iki fəalı Borgu hərbi düşərgəsində nəzarət altına alınmışdır. Onların ailə üzvləri və digər bir fəalı Bastiyanın polis bölməsinə çağırılmışdır.

Fəalları tutmaq üçün Fransanın axtarış və əməliyyat qrupu tərəfindən seçilmiş metodlar - sındırılmış qapılar, dağıdılmış evlər, yerə atılan və bunun yarada biləcəyi xəsarət riski ilə valideynlərin öz övladlarının gözləri qarşısında saxlanılması özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün biabırçılıqdır. Polisin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq məqsədi daşıyır.

Bakı Təşəbbüs Qrupununun bəyanatında qeyd olunub: “Beləliklə, biz - Fransanın hüquq-mühafizə orqanlarının qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik;

- Fransa hakimiyyətini ədalət və insan hüquqları prinsiplərinə hörmət etməyə, gələcəkdə bu cür tədbirlərin təkrarlanmamasını təmin etməyə çağırırıq. Korsika xalqının sərbəst toplaşmaq azadlığı və istəklərini sərbəst şəkildə ifadə etmək hüququ Fransa hökuməti tərəfindən təmin olunmalıdır;

- Fransa hökumətini müstəmləkə xalqlarına təzyiq göstərməkdən çəkinməyə çağırırıq ;

- Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını tələb edirik ;

- Digər qeyri-hökumət təşkilatlarını və siyasi hərəkatları bu bəyanata qoşulmağa, “Nazione” hərəkatına dəstək verməyə dəvət edirik".

Nigar Orucova, “İki sahil”