02 fevral 2024 01:58
388

Almaniya Fransanın yedəyində sürünür

Suverenliyini tam bərpa edən, separatizmə son qoyan Azərbaycanın dünya miqyasında apardığı müstəqil siyasətdən, əldə etdiyi uğurlardan Almaniya da narahatdır Elə erməni maraqlarına xidmət edən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ermənilərə yaxınlığı ilə seçilən almaniyalı deputat, məşuqəsi erməni olan Frank Şvabenin təşəbbüsü ilə gerçəkləşdirilməsi buna daha bir misaldır.

Amma məsələnin mahiyyətinə varanda, necə deyərlər,  xoruzun quyruğu açıq-aydın görünür. Belə ki, guya Qarabağın “100 min”dən artıq erməni əhalisinin zorakılıqla qovulmasını, AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirən Şvabenin bu fikirləri  ölkəmizə qarşı həmişə qərəzli mövqedən çıxışlar edən Fransa və onun rəsmilərinin söylədikləri ilə eyniyyət təşkil edir. Bu mənada Almaniyanı ölkəmizə qarşı qaldıran elə Fransa, bu ölkənin ermənipərəst Prezidenti Emmanuel  Makrondur. Yəni, təşəbbüs formal olaraq Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında Makronun dayandığı şübhəsizdir. Üstəlik o, Almaniya kansleri Olaf Şoltsu ermənipərəst və anti-Azərbaycan siyasətinə inandıra bilib. Məhz bundan sonra Fransa Ermənistana hərbi yardım göstərmək təşəbbüsü ilə çıxış edib. Bütün bunlar  da o deməkdir ki, Makron çirkin siyasəti ilə Almaniyanı da ələ alıb və  bu ölkənin rəsmilərini özünün təsir dairəsinə salıb. Şübhəsiz,  Almaniya elə Fransanın təkidi ilə “mülki missiya” adı altında hərbçilərini və kəşfiyyatçılarını Ermənistanda yerləşdirib. Bu yaxınlarda Bakıda ifşa olunan Fransanın casus şəbəkəsinin formalaşdırılmasında Almaniyanın da iştirakı istisna olunmur. Bütün bunlar  azmış kimi, Almaniya Fransanın sifarişi ilə  BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un və BMT-nin nüfuzlu Ümumdünya Şəhərlər Forumunun Azərbaycanda keçirilməsinə imkan verməmək üçün əlindən gələni edib. 2023-ci ilin sentyabr ayında BMT-nin Təhlükəsizlik Şurasında dinləmələr zamanı Almaniyanın nümayəndəsi Fransanın təmsilçisi kimi Azərbaycana qarşı bəyanat səsləndirib və s. Bir sözlə, Almaniya və Fransa Azərbaycana münasibətdə eyni mövqeni bölüşməkdədir. Bütün bunlarla əsaslanaraq əminliklə söyləmək olar ki, artıq yeni Fransa-Almaniya tandemi formalaşdırılıb. Halbuki tarixən bu ölkələr bir-birlərinə rəqib olublar. Amma son zamanlar öz bəd niyyətlərini gerçəkləşdirmək məqsədilə  sözün həqiqi mənasında “qardaş”laşıblar və  müsəlman dünyasına qarşı müttəfiq kimi çıxış edirlər. Yeri gəlmişkən qeyd edək ki, son vaxtlar Almaniyada İslam dininə və müsəlmanlara qarşı nifrət özünü ən kobud formada göstərməkdədir. Hətta bu ölkədə Ermənistanın işğalçılıq faktı davamlı olaraq “xristian Ermənistanı ilə müsəlman Azərbaycanı arasında Qarabağ münaqişəsi” şəklində təqdim olunur.

Reallıq bundan ibarətdir ki, Fransa xarici siyasətində ardıcıl uğursuzluqlarına və nüfuzdan düşməsinə görə Almaniyanı qabağa verib. Başqa sözlə ifadə etmiş olsaq, hazırda Avropanın aparıcı ölkəsi olan Almaniya Fransanın yedəyində sürünür. Amma Azərbaycan AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə  dayandırmaqla bir daha göstərdi ki, müstəqildir, mövqeyi də ədalətli və obyektivdir. Kənardan göstərilən  istənilən təzyiqi də dəf etməyə qadirdir.

Fransanın yaşadığımız coğrafiyada çirkin addımlar atmasının əsas səbəbi Afrikadakı müstəmləkələrinin əlindən çıxması, Ermənistanın əli ilə Cənubi Qafqazda  möhkəmlənmək, nəyin bahasına olursa-olsun “bacı”sı Ermənistanın tərəfini saxlamaqdır.  Bəs belə olduğu təqdirdə Almaniyaya nə düşüb? Onun ki, müstəmləkəsi yoxdur. Bu kimi səbəblərdən  Almaniyanın dünyanın üz qarasına çevrilmiş Fransanın yedəyində sürünməsinə əsla lüzum yoxdur. Yəqin ki, Almaniya rəsmiləri gec-tez bunu başa düşəcəklər.

Qvami Məhəbbətoğlu, “İki sahil”