02 fevral 2024 02:38
408

"Ağanın dığaya" yardımı

44 günlük Vətən müharibəsindən sonra İranın ölkəmizə qarşı təhdidləri və fitnə-fəsadları artıq həddini aşıb. İranın dini xadimlərinin, ayrı-ayrı şəxslərinin ölkəmizin daxili işlərinə kobud müdaxilələri yolverilməzdir və bu kimi hərəkətlər Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı şəkildə etirazla qarşılanır.  İran təcavüzkar Ermənistana qucaq açmaqla, əslində, özünün əsl simasını  göstərdi. Dövlətimizin İranla bağlı dostluq prinsipinə əsaslanan siyasətinə rəğmən Tehran anti-Azərbaycan fəaliyyətini dayandırmaq istəmədiyini nümayiş etdirir. Müstəqil Azərbaycanın inkişafından, mövqelərinin möhkəmlənməsindən narahatlıq hissi keçirən İran televiziya kanalları, internet saytları vasitəsilə ölkəmizə qarşı çirkin, qara piar kampaniyası aparır. Necə deyərlər "əba altından, əmmamədə peşkəş" ötürüblər. "Ağanın dğaya" yardımının  böyük bir qisminin silah-sursat olduğu hamıya bəllidir. Ermənistanın baş naziri Nikol Paşinyan da həqiqətləri gizlətməyib, İranın Ermənistan üçün nəfəslik olmasını vurğulayıb.

Lakin Azəbaycanın dövlət qurumlarının və cəmiyyətimizin kifayət qədər ayıq-sayıq olması ölkəmizə qarşı ünvanlanmış bütün təxribatların qarşısının vaxtında alınması ilə nəticələnir. İslam dövləti olmasına baxmayaraq, faşist xislətli erməni terrorçularını dəstəkləməsi İranın dini dəyərlərə hörmətsizliyi kimi qiymətləndirilir. Eyni zamanda, təbii olaraq ikrah doğurur. Çünki 30 il müddətində ermənilər Azərbaycana məxsus İslam abidələrini, məscidləri təhqir edib, talayıb və dağıdıblar. Bütün bunları görməzdən gələn İranın bu mövqeyi ədalət meyarından tamamilə  uzaq, öz dinindən olan ölkəyə xəyanət deməkdir. İslam dəyərlərini bu qədər aliləşdirmiş Azərbaycanın siyasi xəttinə uyğun olmayan münasibətlər nümayiş olunur. İranın bu cür xəbis əməllərinin səbəblərindən biri də ölkəmizin regionda və dünyada gündən-günə artan nüfuzudur. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın "Ermənistanın təhlükəsizliyini regionun təhlükəsizliyi hesab edirik" fikri isə heç bir kontekstə sığmır. İran rəsmiləri "Ermənistanın ərazi bütövlüyünün pozulması bizim qırmızı xəttimizdir" kimi açıqlamalar verərək Azərbaycanın ünvanına sərt ittihamlar, təzyiq dolu bəyanatlar səsləndirmişlər. Xüsusilə İran parlamentinin deputatlarının, yüksək vəzifəli hərbi və mülki şəxslərin Azərbaycan haqqında ziddiyyətli açıqlamaları dostluq və qonşuluq münasibətlərindən tam uzaq idi.

Azərbaycan torpaqları işğal olunandan İrandakı rejimin bütün fəaliyyəti Ermənistanın müdafiəsinə yönəlib. 44 günlük müharibə zamanı bu, özünü daha aydın göstərdi. İran Ermənistana silah göndərilməsindən tutmuş Azərbaycanın təhdid olunmasına kimi ölkəmizə qarşı hər cür çirkin vasitələrdən istifadə etmişdir. Artıq müharibənin taleyinin həll edildiyinə və Azərbaycanın şəksiz qələbə qazandığına əmin olduqdan sonra İran rəhbərliyi məcbur olub ölkəmizə dəstək ifadə edən bəyanat vermişdir.  İran hakimiyyətinin 30 il müddətində Azərbaycana qarşı fəaliyyətinə, etdiyi xəyanətlərə təəssüf ki, çox rast gəlindiyindən onun istənilən xoşməramlı açıqlaması belə şübhəli görünür.

Son vaxtlar  ölkəmizdə İranın casus şəbəkəsinə xidmət edən xeyli sayda şəxsin ələ keçirilməsi də deməyə əsas verir ki, molla rejimi Azərbaycanı parçalamaqda, onu bölməkdə tarixən olduğu kimi, indi də ən çox maraqlı olan qüvvələrdən biridir. Bu, sadəcə dövlətə, dövlətçiliyə, onun mövcudluğuna qarşı yox, xalqa, millətə qarşı yönəlmiş düşmənçilik siyasətidir. Cənub qonşumuz bilməlidir ki, bu cür əməllərlə heç nəyə nail olmayacaqlar. Çünki Azərbaycan güclü, möhkəm, dövlət sisteminə, xalq həmrəyliyinə malik olan dövlətdir. Bu dövləti nə xarici, nə də daxili təzyiqlərlə zəiflətmək mümkün deyil.

Azərbaycanda sabitliyi pozmağa çalışan və qarşıdurma yaratmaq istəyən hər kəs öz layiqli cəzasını alacaq. Daxili işlər Nazirliyinin son günlər həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində törədilən bir çox cinayətlər "isti izlər"lə açılıb. Bundan sonra da ölkəmizin milli təhlükəsizliyinə zərbə vurmaq istəyən bütün qüvvələrə qarşı ciddi addımlar atılacaq. Bu gün Azərbaycan tək deyil, onun yanında Türkiyə var. Azərbaycanın bir sıra xarici dövlətlərlə çox ciddi hərbi əlaqələri mövcuddur. Ona görə də cənub qonşumuz bir hərəkət edəndə sonunu da fikirləşməlidir. Çünki qarşısındakı artıq 1990-cı illərin Azərbaycanı deyil.

Şəmsiyyə Əliqızı, “İki sahil”