02 fevral 2024 00:00
456

Qalib ölkənin xoşbəxt gəncləri

Müasir müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsası 1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Ulu Öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsinin dövlətin və cəmiyyətin mühüm vəzifəsi olduğunu bəyan etdi. Məlumdur ki, həmin dövrdə respublikamızda vəziyyət heç də ürəkaçan deyildi. Ölkə iqtisadi tənəzzül yaşayırdı, müstəqilliyimizə daxildən və xaricdən böyük təhdidlər var idi. Bütün bu çətinliklərə baxmayaraq Ulu Öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Heydər Əliyev gənclərə  böyük rəğbətinin və inamının ifadəsi olaraq ilk görüşlərindən birini məhz onlarla keçirdi. Ümummilli Lider ümidlə vurğulayırdı ki, Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq: “Müstəqil Azərbaycanın gələcəyi gənclərin əlindədir, gənclərə veriləcəkdir. Ona görə də məktəbdə gənclərimizi nə qədər yaxşı, hərtərəfli hazırlasalar, müstəqil Azərbaycanın gələcəyi də o qədər müvəffəqiyyətli, uğurlu, parlaq olacaqdır”.

Ümummilli Lider Heydər Əliyevin 1994-cü il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən, ölkəmizdə gənclər siyasətini həyata keçirən mərkəzi icra orqanı - Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndər 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bundan bir il sonra isə Ümummilli Lider gənclərə böyük qayğısının daha bir təzahürü kimi 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında müvafiq Sərəncam imzaladı. Həmin vaxtdan etibarən hər il 2 fevral ölkəmizdə Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur.

Hazırda respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. 2003-cü ildən sonra gənclərə xüsusi diqqət və qayğı göstərən dövlət başçısı Azərbaycan gəncliyi üçün bütün imkanları yaratdı, onların milli və dövlətçilik ruhunda yetişməsində bilavasitə rol oynadı. Hökumət davamlı olaraq gənclərin sosial müdafiəsi, təhsili, idman və sağlamlıq imkanlarının artırılması, məşğulluğu, digər vacib qayğıları ilə bağlı büdcədən ayrılan vəsaitlərin həcmini artırdı. Nəticədə dövlət büdcəsindən gənclər siyasətinə ayrılan vəsaitlərin həcmi 100 dəfə artaraq 2013-cü ildə 25 milyon manata çatdı. Sonrakı illərdə gənclərlə bağlı müxtəlif dövlət proqramları və digər məqsədli layihələrin maliyyələşdirilməsi üçün büdcə vəsaitlərinin həcmi yenidən artırıldı və 2024-cü ilə bu vəsaitlərin həcmi 70 milyon manata çatdırılıb. Bu isə o deməkdir ki, son 20 ildə dövlət gənclər siyasətinə ayrılan vəsaitlərin həcmi 250 dəfədən çox artırılıb.

Prezidentin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin davamlılığının daha bir əyani sübutudur.

Dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında iştirak ediblər.

Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Beləliklə, Azərbaycan tarixinin ən şərəfli səhifəsi olan Zəfər tarixini bugünkü gənclər yazdığı kimi, bundan sonrakı suveren və qüdrətli Azərbaycanın işıqlı sabahlarının qarantı da onlardır.

Nigar Orucova, “İki sahil”