28 fevral 2018 14:32
1652

Beynəlxalq hüquq və ədalət

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan dövlətinin xarici siyasətinin əsasını təşkil edən bu prinsiplərin bütövlükdə beynəlxalq münasibətlərin tənzimlənməsində də üstünlük təşkil etməsinin vacibliyini bildirir

Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında “Bizim xarici siyasətimizlə bağlı apardığımız xətt özünü tam doğrultdu” söyləyərək bildirmişdir ki, Azərbaycan bu gün beynəlxalq birlik tərəfindən çox böyük rəğbətə layiq olan ölkə kimi tanınır. Hər bir uğur möhkəm təmələ söykənir.

Ulu öndər Heydər Əliyev müstəqillik yolunda yenicə addımlarını atan hər bir dövlətin qarşısında dayanan vəzifələri açıqlayarkən iki və çoxtərəfli çərçivədə əlaqələrin qurulmasını, bir dövlət olaraq dünya birliyində yeri və rolunun möhkəmləndirməsini vacib şərt kimi irəli sürmüşdür. 26 illik müstəqillik tarixinə malik olan Azərbaycan məhz gələcəyə hesablanmış bu inkişaf konsepsiyasına söykənərək davamlı uğurlara imza atmış və bu gün cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür.

Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə də cənab İlham Əliyev bu reallığı xüsusi vurğulamışdır ki, Azərbaycan həm iqtisadi, həm də siyasi baxımdan regional mərkəzə çevrilib. Azərbaycanın əlverişli coğrafi mövqeyinin, ölkəmizdə hökm sürən dostluq və multikulturalizm mühitinin gələcəkdə bu önəminin daha da artacağına imkanlar yaratdığını bildirən dövlətimizin başçısı bu kimi səfərlərin əməkdaşlığın möhkəmləndirilməsində böyük rola malik olduğunu qeyd etmişdir. Təbii ki, hər bir səfər, ölkə Prezidentinin qeyd etdiyi kimi, həm qonşu, həm də uzaq xarici ölkə nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq səviyyəli tədbirlər ölkələrin, o cümlədən Azərbaycanın malik olduğu imkanların təqdimatında xüsusi rol oynayır. Hər bir dövlət, təşkilat əməkdaşlıq etməkdə maraqlı olduğu ölkədə ilk olaraq ictimai-siyasi sabitliyə, demokratik inkişafa xüsusi diqqət yetirir. Sabitlik mövcuddursa, yatırılan investisiyaların təhlükəsizliyinə tam əminlik yaranır.

Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycan regionun mühüm enerji mərkəzinə çevrilib. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri ölkəmizə çoxmilyardlı investisiyalar gətirib. Son 14 ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 231 milyard dollardır. Neft siyasətinin davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, bu sektora investisiyaların həcmini artırmaq üçün mövcud imkanlar barədə xarici iş adamlarına dolğun məlumatlar verilməlidir. Cənab İlham Əliyev qeyd edilən görüşdə də bildirmişdir ki, alman şirkətləri ilə əməkdaşlığımız əsasən qeyri-enerji sektorunda aparılır. Bu da hər iki tərəf üçün yaxşı haldır. Bu inam da ifadə edilmişdir ki, səfərdən sonra yaxşı əməli nəticələr olacaq, fəal iqtisadi əməkdaşlıq aparılacaq.

Göründüyü kimi, Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi ölkəmizin beynəlxalq aləmdə yeri və rolunu daha da möhkəmləndirir. Dövlətimizin başçısı İlham Əliyev Yeni Azərbaycan Partiyasının VI qurultayında Azərbaycanın ayrı-ayrı sahələrdə qazandığı uğurlara qısa baxış keçirərkən xarici siyasətin uğurlarını xüsusi vurğulamışdır. Ölkəmizin 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini önə çəkərək, bu rəqəmin beynəlxalq aləmin mütləq əksəriyyətinin olduğunu və dəstəyi öz siyasətimizlə qazandığımızı diqqətə çatdırmışdır: “O siyasət ki, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Bu iki vacib prinsip həmişə bizim üçün əsas olub. Biz bu prinsiplərə sadiqik. Bu prinsiplər bütövlükdə beynəlxalq münasibətlərin tənzimlənməsində də üstünlük təşkil etməlidir.” “Biz bundan sonra da beynəlxalq arenadakı rolumuzu fəal aparacağıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev xarici siyasətimizin önündə dayanan bu məqamı da diqqətə çatdırmışdır: “Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik. Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaqdır. Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir.”

Qısa təhlil əsasında qeyd edə bilərik ki, müsəlman aləmində Azərbaycan çox böyük dəstəyə malik olan bir ölkədir. Ötən il “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən beynəlxalq səviyyəli tədbirlərdən, eyni zamanda dövlətimizin başçısı İlham Əliyevin İslam ölkələrinə səfərlərindən də bu reallıq özünü qabarıq şəkildə büruzə verdi. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədaləti əks etdirən qətnamələr qəbul etmişdir. Hansı ki, müsəlman aləmində birlikdən danışmaq mümkün deyil. Ötən il İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də müsəlman aləmində çox yüksək qiymətləndirildi. Birliyə, həmrəyliyə çağırış kimi dəyərləndirilən bu Oyunların yalnız idman deyil, siyasi tədbir də olduğu diqqətə çatdırıldı. Cənab İlham Əliyev bildirir: “Bu gün hesab edirəm ki, müsəlman aləmində Azərbaycan müəyyən dərəcədə barışdırıcı, əlaqələndirici missiyanı uğurla icra edir. Biz bundan sonra da çalışmalıyıq ki, həmrəyliyi möhkəmləndirək, xoşagəlməz tendensiyalar səngisin.”

Azərbaycanın Avropa ölkələri ilə münasibətləri yüksək səviyyədədir. Məlumdur ki, ötən il Avropa İttifaqı ilə yeni saziş üzərində danışıqlar başlamışdır. Avropa İttifaqına üzv ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır, əsas investorlardır. Bu ölkələrlə siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Azərbaycan üçün də bu əməkdaşlıq çox önəmlidir. Dövlətimizin başçısının vurğuladığı kimi, çünki Azərbaycan müasirliyə gedən yoldadır. Biz inkişaf etməliyik, biz ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməliyik. Biz çox möhkəm milli köklər üzərində dayanmışıq və bu, bizim üçün əsasdır. Eyni zamanda, biz həmişə dünyaya açıq olmalıyıq və ən qabaqcıl texnologiyaları ölkəmizə gətirməliyik.

Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti də təqdirəlayiqdir. Bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyir. BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər. Beləliklə, problemin nizamlanması üçün siyasi, hüquqi əsaslar mövcuddur. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Heç bir ölkə bu qondarma qurumu tanımayıb. Azərbaycanın mövqeyinin real həqiqətlərə, tarixi əsaslara söykəndiyini qeyd edən dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, biz hücum kampaniyasını uğurla davam etdiririk. Erməni yalanlarına qarşı həqiqətlərimizi, siyasətimizi qoymaqla dünyaya reallıqlara real gözlə baxmağa çağırış edirik. Cənab İlham Əliyev bu məqamı da diqqətə çatdırır ki, dünyanın müxtəlif yerlərində, eyni zamanda, Avropada separatizm meyilləri artır: “Avropa da görür ki, separatizm nə dərəcədə təhlükəli meyildir. Biz isə təcavüzkar separatizmlə üzləşmişik. Ona görə bütövlükdə münaqişələrlə bağlı dünyada gedən proseslər, yanaşma bizim mövqeyimizi daha da möhkəmləndirib. Təsadüfi deyil ki, keçən ilin noyabrında Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvəsində qəbul edilmiş qətnamə Şərq Tərəfdaşlığına üzv ölkələrin suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini birmənalı şəkildə dəstəkləmişdir. Deyə bilərəm ki, ilk dəfə olaraq, bax, bu formada qətnamə qəbul edilmişdir. Bu, Ermənistan üçün növbəti zərbə, onların növbəti məğlubiyyəti idi və bizim növbəti qələbəmiz idi. Əslində bu, haqq-ədalətin növbəti qələbəsi idi. Ona görə bu müsbət meyillər güclənəcək. Biz, sadəcə olaraq, bundan sonra da öz siyasətimizi aparmalıyıq, aparacağıq. Ermənistanı daha da sıxışdırmalıyıq, sıxışdıracağıq və öz həqiqətlərimizi dünya birliyinə çatdırmalıyıq.”

Təsadüfi deyil ki, 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Eyni zamanda dövlətimizin başçısı İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Hər iki sənəd həqiqətlərimizin təbliğində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı sərəncamda qeyd edildiyi kimi, ötən 20 ildə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Ermənilərin törətdikləri bəşəri cinayətlər faktlarla ölkə və dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Atılan bu addımlar 28 ildir aparılan informasiya müharibəsinin əsas tərkib hissələridir. Erməni vəhşiliklərini təsdiqləyən faktlar yüzlərlə olsa da dünya hələ də susmaqda davam edir. Bu susmalar davam etdikcə istər dünya dövlətlərinə, istərsə də təşkilatlara inamsızlıq yaranır. Bu isə öz növbəsində beynəlxalq hüquq və ədalət prinsiplərinin yalnız kağız üzərində qalmasına, yaxud maraqların arxasında əriyərək tamamilə itməsinə gətirib çıxarır.

Yeganə Əliyeva, “İki sahil”