02 fevral 2024 00:12
398

Qarşıdurma pik nöqtəsindədir

Beydulla Manafov Qənimət Zahidi Əli Kərimlinin “desantı” adlandırdı. Sevinc Osmanqızı daim “parçala, idarə et” siyasəti yürüdən AXCP sədrini pulları təkbaşına mənimsəməkdə ittiham etdi. T.Sadıqlı isə…

Keçən dəfəki yazımızda uzun illərdən bəri anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirən radikal müxalif düşərgəsində, xüsusilə də “siyasi mühacir” adı ilə ayrı-ayrı Qərb ölkələrində sığınacaq tapan xəyanətkar dəstələrin arasında kəskin ziddiyyət və qarşıdurmanın pik həddinə çatması haqqında yazmışdıq. Onu da qeyd etmişdik ki, qrant və maraq davası üzündən bu üzdəniraqların arasında illər uzunu davam edən savaş yenidən qızışır. Əslində başda dağıdıcı müxalifət düşərgəsindəki siyasi diletantlar-AXCP sədri Əli Kərimli, “Milli Şura” adlı amorf qurumun Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli kimilərlə “siyasi mühacir” adı ilə ABŞ-da və Avropada məskunlaşan Tural Sadıqlı Sevinc Osmanqızı, Beydulla Manafov, Qənimət Zahid və digər autsayderlər arasındakı qrant davası, bir az da obrazlı desək, həll olunması çox müşkül olan bir münaqişə ocağı kimi qalmaqdadır.

Mövzunu bir az da açaq: Məsələ orasındadır ki, son zamanlar, daha doğrusu, ölkəmizdə növbədənkənar prezident seçkilərinin elan olunmasından, eləcə də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edərək təşkilatda fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bildirdikdən sonra radikal müxalifət təmsilçiləri ilə “siyasi mühacir” kod adlı satqınlar işbirliyinə girərək əvvəlcə birlikdə ölkəmizin əleyhinə qarayaxma kampaniyasına start verdilər. Bəs nə oldu ki, birdən-birə dağıdıcı müxalifət düşərgəsinin mənəvi-əxlaqi deqradasiyaya uğrayan siyasi təlxəkləri ilə “siyasi mühacir” qaragüruhu arasında qarşıdurma yarandı?

Əslində bu sadə sualın çox asan cavabı var. Məsələ burasındadır ki, bu mənəviyyatsızlar anti-Azərbaycan dairələrdən aldıqları sifarişləri yerinə yetirmək üçün ermənipərəst qüvvələrin təsiri altında olan təşkilatların səxavətlə ayırdqları külli miqdarda qrantları öz aralarında bölə bilmirlər. Dava da bunun davasıdır. Bu savaş bəzi xarici təhlükəsizlik orqanlarının sifarişi ilə ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparan xəyanətkarların- Qənimət Zahidin, Arif Şahmarlının, Leyla və Arif Yunusların və digərlərinin Azərbaycanlı Siyasi Mühacirlərin Koordinasiya Mərkəzində (ASİMKOM) “birləşməsənindən” və Ə.Kərimlinin onlara ünvanladığı “təbrik məktubu”ndan sonra yeni müstəviyə keçdi. Qənimət Zahid və Ə.Kərimlinin dirijor çubuğu ilə hərəkət edən Fuad Qəhrəmanlı, Gültəkin Hacıbəyli kimilərlə Sevinc Osmanqızı, Beydulla Manafov və Tural Sadıqlı biri-birilərinə qarşı durmadan ittihamlar irəlü sürür, qarşı tərəfin ünvanına təhqirlər yağdırırlar. Məsələn, T. Sadıqlı iddia edir ki, Q. Zahid ASİMKOM adlı təşkilatı hakimiyyətin maliyyə dəstəyi ilə yaradıb. İddia görə o təşkilatı yaratmaq üçün baş tutan tədbirin əsas təşkilatçısı olan Q.Zahidin əsas məqsədi “siyasi mühacirlər”ı birləşdirmək istəyən T.Sadıqlıya ləkə yaxmaq olub. T.Sadıqlının virtual qonağı olan B.Manafov isə bildirib ki,  AXCP cəmiyyətdə tamamilə nüfuzdan düşüb və bütün tərəfdarlarını itirib. O, həmçinin Q.Zahidi “siyasi mühacirlər” arasında Ə.Kərimlinin “desantı” adlandırıb. B. Manavfov deyib ki, Q. Zahid bu təşkilatı AXCP sədrinin təlimatı ilə yaradıb. Həmçinin bildirib ki, əgər belə olmasaydı Ə.Kərimlinin əlaltısı olan “Milli Şura”nın 20-dən çox üzvü ASİMKOM-də təmsil olunmazdı.

Qarşlıqlı ittihamlar bunlarla bitmir. Məsələn, Sevinc Osmanqızı da, necə deyərlər bu “proseslərə” qoşulub. O deyib ki, Q. Zahid, Fuad Qəhrəmanlı və digərləri məhz Ə.Kərimlinin təlimatı ilə ona qarşı mübarizəyə start veriblər. O qeyd edib ki, Ə.Kərimlini bəzi məsələlərə aydınlıq gətirmək üçün “Osmanqızı tv”yə dəvət etsə də AXCP sədri bundan imtina edib. S. Osmanqızı, həmçinin bildirib ki, bütün bu çirkli oyunların arxasında həmişə “parçala, idarə et” siyasəti yürüdən, müxalifətə ayrılmış pulları  təkbaşına mənimsəmək üçün özünə yaxın internet kanallarından istifadə edən Ə.Kərimli dayanır…

Görünən odur ki, çayxana psixologiyası, mağara təfəkkürü ilə yaşayan, ermənipərəst dairlərin nəzarətindəki beynəlxalq təşkilatların çirkli pulları ilə bəslənərək Azərbaycanq qarşı “qara piar” kamapaniyası aparan bu xəyanətkarların arasındakı qrant davası,eləcə də qarşılıqlı ittihamlar daha da qızışacaq. Görünən odur ki, bu xəmir hələ çox su aparacaq…

Zahid Rza, “İki sahil”