01 fevral 2024 16:59
298

Seçkilər vətəndaşların iradəsini əks etdirəcək və şəffaf şəkildə təşkil ediləcək - İbrahim Səfərli

“Əminəm ki, fevralın 7-də keçiriləcək seçkilər vətəndaşların iradəsini əks etdirəcək və şəffaf şəkildə təşkil ediləcək”.

“İki sahil” xəbər verir ki,  bu sözləri secki-2024.az saytına açıqlamasında Macarıstandakı Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli bildirib. O, qarşıdan gələn seçkilərin çox ciddi əhəmiyyətə malik olduğunu vurğulayıb:

“Bu il fevral ayının 7-nə təyin edilmiş seçkilər ölkəmizin gələcəyi baxımından çox önəmlidir. Artıq həm ölkəmiz, həmçinin regionumuz üçün yeni bir mərhələ başlayır və yeni dövrün hədəflərinə çatmaq üçün prezident seçkiləri əhəmiyyətli rol oynayacaq. Əminəm ki, keçiriləcək seçkilər vətəndaşların iradəsini əks etdirəcək və şəffaf şəkildə təşkil ediləcək”.

Səfərlinin fikrincə, dünyada baş verən son dəyişikliklərdən sonra yeni reallıqlar yaranıb:

“Azərbaycan iqtisadiyyatı da son illər daha çox qeyri-neft sahəsinin inkişaf etdirilməsini özünə prioritet istiqamət müəyyən edib. Düşünürəm ki, seçkilərdən sonra formalaşmış hökumət ilə daha da ciddi və əhalinin rihafına hesablanmış addımlar atılacaq. Təsadüfi deyil ki, son illər iqtisadi əlaqələrimizin möhkəmləndiyi ölkələrdən biri və ilk sıralarda olanı Macarıstandır. Avropa İttifaqı ölkəsi olan Macarıstan hər zaman Azərbaycanı özünün strateji tərəfdaşı, Avropanın enerji təhlükəsizliyinin qarantı olaraq görür”.

“Keçiriləcək seçkilərin digər və ən vacib əhəmiyyəti isə həmin seçkilərin Azərbaycanımızın bütün ərazisini əhatə etməsindən ibarətdir. Ərazilərimizdə hər hansı separatizmin qalıqları yoxdur, yalnız biz varıq. Düşünürəm ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında seçkilərdə iştirak edən hər bir şəxs səsvermədə iştirak etməklə, bu tarixi prosesin bir parçası olacaq. Macarıstandakı səfirliyimiz tərəfindən həmvətənlərimizin səs verməsi üçün bütün şərait yaradılıb və mən əminəm ki, bu ölkədəki icmamız da seçkilərdə aktiv iştirak edəcək”, - deyən İbrahim Səfərli sonda Azərbaycan xalqına davamlı inkişaf, gözəl gələcək arzulayıb. O, səsvermə hüququ olanların seçkilərə qatılıb bu tarixi prosesin bir parçası olmasını diləyib.