01 fevral 2024 13:28
420

Ümummilli Liderin əsasını qoyduğu uğurlu gənclər siyasəti öz layiqli bəhrəsini verir

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.

Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynayıb. Hazırda ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Sosial həyatın bütün sferalarına nəzər salsaq, görərik ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşdırmasının nəticəsidir.

Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində əldə edilən Zəfərdə Azərbaycan gənclərinin misilsiz xidmətləri olub. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev də öz çıxışlarında Azərbaycan gənclərinin, mərd oğullarının qəhrəmanlığını dəfələrlə bəyan edib.

Ona görə ki, hələ Vətən müharibəsi başlamamış, 2020-ci ilin iyulunda Ermənistanla dövlət sərhədində baş verən toqquşmalar zamanı gənclərimiz ayağa qalxaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçməyə hazır olduqlarını nümayiş etdirmişdilər. Eyni zamanda İkinci Qarabağ müharibəsində Şuşanı böyük şücaətlə azad edən ordumuzun əsgər və zabitlərinin mütləq əksəriyyəti gənclər idi. Bir zamanlar körpə kimi qucaqda öz doğma yurdlarını tərk etməyə məcbur qalanlar 30 il sonra tank üstündə qəhrəman kimi ata-baba torpaqlarına daxil oldular. Azərbaycan xalqının gənc və igid övladları Ali Baş Komandanın rəhbərliyi altında müharibənin özlərindən sonrakı nəsillərə xoşagəlməz miras kimi qalmasına imkan vermədilər. Yeri gəlmişkən, qeyd edim ki, Ümummilli Liderimiz qurucusu olduğu Yeni Azərbaycan Partiyasının da son illərdə gənc nəslin yetişməsində rolu danılmazdır. Vaxtilə partiyanın yetişdirdiyi gənclər bu gün deputat, nazir, komitə, təşkilat və birlik sədri, icra hakimiyyəti başçısı, bələdiyyə sədri və müxtəlif vəzifələrdə, elm sahəsində çalışır və digər yüksək peşə ixtisasına yiyələnirlər. Üstəlik, onların dövlətimizə və xalqımıza göstərdikləri xidmətlər əvvəlki nəsillərdən heç də geri qalmır. Ümumiyyətlə, müstəqilliyin bərpasından sonra olduğu kimi, son illərdə gənclərin məqsədyönlü şəkildə yetişdirilməsi bizim bir çox sahədə uğurlarımızı şərtləndirib. Zaman göstərdi ki, Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasəti öz layiqli bəhrəsini verir.

Heç bir şübhə yoxdur ki, Ulu Öndərin gənclər siyasəti ilə yetişdirilən milli və vətənpərvər Azərbaycan gəncliyi öz uğurlu nəticələrini layiqli şəkildə gələcək nəslə ötürəcək. Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasəti alqışlayır və bu siyasətin icrasında daim onun yanındadırlar. Əziz gənclər bayramınız mübarək!

İsmayıl  Məmmədov,
Müdafiə Sənayesi Nazirliyi Elmi – Tədqiqat İnstitutunun Kadrlar şöbəsinin müdiri,
YAP Xətai rayon “Rahib Məmmədov 25” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini