01 fevral 2024 11:24
286

Gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin priotetidir

Bu gün ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və dövlətimiz tərəfindən müvəffəqiyyətlə davam etdirilən gənclər siyasəti cəmiyyətin əsasını təşkil edən gənclərə geniş imkanlar açır.

1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıdan böyük tarixi şəxsiyyət Heydər Əliyev müstəqillik yoluna qədəm qoyan Azərbaycanı böhrandan xilas etmək üçün bir sıra əhəmiyyətli tədbirlər həyata keçirdi. Təxirəsalınmaz tədbirlər sırasında gənc nəslə diqqət və qayğı xüsusi yer tuturdu. Ulu Öndər çox yaxşı bilirdi ki, Azərbaycanın müstəqil bir dövlət kimi formalaşması və daha da güclənməsində, beynəlxalq arenada nüfuz sahibi olmasında gənclərin rolu böyükdür. Gəncliyi böyük qüvvə hesab edən ulu öndər Azərbaycanın gələcəyini gənclərdə görürdü. Hələ 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən dahi şəxsiyyət gənclərə həmişə xüsusi diqqət və qayğı göstərmiş, onların fiziki və mənəvi cəhətdən sağlam, savadlı olmaları üçün hər cür şərait yaratmışdır. Məhz sovet dövründə onun təşəbbüsü ilə ölkəyə müxtəlif sahələr üzrə ixtisaslı kadrların hazırlanması məqsədilə bir sıra gənclərin xarici ölkələrə təhsil almaları üçün göndərilməsi böyük hadisə idi.

Ulu Öndər gəncliyi müstəqilliyimizin qarantı hesab edərək deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.

26 iyul 1994-cü ildə Prezident Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Bu, dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində çox vacib və zəruri bir tədbir idi. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra gəncliyin sabaha olan inamı daha da möhkəmləndi. Artıq gəncliyin yüksəliş yolu müəyyənləşdirilmiş, tərəqqisi üçün hüquqi baza yaradılmışdı.

Bakıda 2 fevral 1996-cı ildə Azərbaycan gənclərinin I forumunun keçirilməsi bu sahəyə dövlət qayğısının davamlı olduğunu təsdiqləyən tutarlı fakt oldu. Ulu öndər 1997-ci ildə sərəncam imzalayaraq, fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdi. Artıq 15 ildir ki, ölkəmizdə “Gənclər günü” qeyd edilir. Ümummilli liderimiz gəncliyi hər mənada gözəl, güclü görmək istəyir və bunun üçün əlindən gələni əsirgəmirdi.

Müasir zəmanəmizin gəncləri çox fəaldır. Bu da təbii ki, xoşagələn və fəxr ediləsi haldır. Bugün təhsil, idman, tibb, elm, mədəniyyət, sosial-iqtisadi həyatda yetərincə fəal fəaliyyət göstərən, savadlı, yüksək intellektual dünyagörüşə, dərin biliyə malik gənclər var. Gəncliyi və gəncləri sağlam olan dövlət həmişə cavandır. Ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin əsas istiqaməti ölkədə elmə, təhsilə diqqətin artırılmasına yönəldilib. Prezident  fərmanı ilə 2007-ci ilin “Gənclər ili” elan olunması gənclərə olan inamın nəticəsidir.

Hazırda gənclərimizin beynəlxalq tədbirlərdə yüksək fəallıq göstərmələri, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaları yüksək qiymətləndirilir.

Bir gənc kimi ölkə başçısı tərəfindən gənclərə göstərilən diqqət və qayğını yüksək qiymətləndirirəm. Gənclərlə iş dövlətimizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindən biridir. Məhz 2011-ci ildə qəbul edilən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, gənclərin təşəbbüslərini dəstəkləmək məqsədilə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyəti, Gənclər üçün Prezident mükafatının təsis edilməsi və s. bütün bunlar ölkədə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin, gənclərə olan diqqət və qayğının bariz nümunəsidir. Gənclərin dünyanın ən qabaqcıl universitetlərində təhsil almaları, məşğulluqları ilə bağlı problemlərin həlli və s. istiqamətlərdə mühüm işlər görülür. 

Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında gənclərin mənzil problemlərinin həlli üçün ipoteka kreditləşməsi mexanizminin təkmilləşdirilməsi məsələsi gündəmə gətirilmişdi. Əminəm ki, gənclərimiz dövlət başçısının tapşırığı ilə ayrılmış ipoteka kreditlərindən istifadə edərək mənzil şəraitlərini yaxşılaşdıracaqlar.

Mən özüm də gənc olmasam da ,görürəm ki, gənclərə dəstək verdikdə, onlar daha da həvəslənir, təşəbbüsləri artır. Azərbaycan inkişaf etdikcə onun gəncləri də vətəndaş cəmiyyətinin qurulmasında böyük rol oynayırlar.

Günel Ağaverdiyeva,
Bakı şəhəri 165 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü