31 yanvar 2024 23:21
221

Molla rejimi nəyi həzm edə bilmir?

İran Ermənistana nəfəs verir

İran minlərlə günahsız soydaşımızın ölümünə bais olmuş Ermənistanla əməkdaşlığı getdikcə “dərinləşdirir”. Bununla hələ də təcavüzkarlıq siyasətindən əl çəkməyən Hayastana yeni nəfəs verməyə çalışır. Elə bu günlərdə İran İslam Respublikasının ali rəhbəri Seyid Əli Xameneinin müşaviri, Beynəlxalq əlaqələr üzrə strateji şuranın rəhbəri Kamal Xarazi Ermənistanın baş naziri Nikol Paşinyan,  xarici işlər naziri Ararat Mirzoyanla görüşüb və onlara İranın Hayastanı dəstəkləməkdə davam edəcəyini bildirib.

Şübhəsiz, bu məsələdə İranın da marağı böyükdür. Belə ki,  yaxınlaşmanın mahiyyətində Azərbaycanın erməni işğalına son qoyması, ərazilərini separatçılardan təmizləməsi, suverenliyini tam bərpası dayanır. Yəni, Azərbaycanın getdikcə güclənməsini, bölgədə söz sahibinə çevrilməsini  bəzi Qərb dövlətləri kimi, İranın fars-molla rejimi də həzm etməkdə çətinlik çəkir. Elə bu səbəbdən İran özünü Ermənistanın havadarı kimi aparır. Bu prosesdə İranı Ermənistanı silahlandıran, təcavüzkar ölkə naminə Azərbaycana qarşı qərəzli mövqe tutan Fransa ilə müqayisə etmək, hətta bu ölkənin dublikatı da adlandırmaq olar. İş o yerə çatıb ki, İran Ermənistanı Hindistanın Mumbayı limanı ilə birləşdirməyi qarşısına məqsəd qoyub. Şübhəsiz, bu, Hindistandan Ermənistana silah göndərilməsini bir qədər də asanlaşdıracaq. Yeri gəlmişkən qeyd edək ki, elə bu günlərdə Hindistan İran ərazisi vasitəsilə Ermənistana yenə silah-sursat göndərib. Bununla da Zəngəzur dəhlizi və Cənubi Qafqazda sərhədlərin “də­yişdirilmə”sinin onun “qırmızı xətti” olması ilə bağlı mütəmadi hədələyici bəyanatlar ve­rən mollakratiya regionda sülhün yaranmasında maraqlı olmadığını, təcavüzkarı dəstəklədiyini bir daha nümayiş etdirib. Rəsmi Tehran nədənsə başa düşmək istəmir ki, bu gün Kremlə arxa çevirən haylar sabah İrana da xəyanət edəcəklər.

Digər tərəfdən, Ermənistan, İran bilməlidir ki, Azərbaycan Ordusu indi 44 günlük Vətən müharibəsində olduğundan daha güclü və qüdrətlidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu barədə fikirlərini dəfələrlə açıqlayıb. Azərbaycan Ordusu yüksək  peşəkarlığını lo­kal xarakterli antiterror tədbirləri zamanı bir daha nümayiş etdirib. İrəvan, hansı mənbə­dən silah-sursat almasından asılı olmayaraq anlamalıdır ki, yenidən revanşist hisslər baş qaldıracağı təqdirdə dərhal adekvat cavab alacaq.

İran öz ölkəsinin daxilində də anti-Azərbaycan təbliğatını genişləndirməkdədir. Məsələn, bu yaxınlarda İran hökuməti hər gün minlərlə turistin ziyarət etdiyi Tehranın Gülüstan sarayında erməni əsilli bir qadının antitürk əsərini nümayiş etdirib. Belə ki,
erməni qadın çəkdiyi həmin əsərdə Qərbi Azərbaycan əyalətində başqa millətin nümayəndəsini təsvir edib. O, Güney Azərbaycanın Zəncan, Həmədan, Qəzvin əyalətlərində və Kərəc şəhərində isə türk geyimində olan heç kəsi çəkməyib. Zənnimizcə, bununla həmin “sənətkar”ın nə demək istədiyini  əlavə şərh etməyə ehtiyac yoxdur.

Ermənistan Təbrizdə Baş konsulluq da açmaq niyyətindədir. Ermənistan konsulluğunun məhz Təbrizdə açılması istəyinin İrəvandan daha çox Tehranın istəyi olduğu şəksizdir. Ermənistan konsulluğunun məhz bu Azərbaycan şəhərində açılmasının konsulluq xidmətləri ilə əlaqəsinin olmadığı və birbaşa siyasi məqsədlərə hesablandığı açıq-aydın görünür. Halbuki, bu şəhərdə bir ovuc erməni yaşayır. Şübhəsiz, bütün bunlar İranın Azərbaycana, orada yaşayan 35 milyonluq azərbaycanlının legitim haqlarına qarşı tutduğu mövqedən irəli gəlir.  Yeri gəlmişkən qeyd edək ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) İdarə Heyətinin sözçüsü Ağrı Qaradağlı mətbuata açıqlamasında bildirib ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatı Təbrizdə Ermənistan konsulluğunun açılmasına heç bir şəkildə icazə verməyəcək: “Əlimizdən gəldiyi qədər bu məsələnin ləğv olunması üçün çalışacağıq. Amma sözügedən konsulluq açılsa belə, bütün gücümüzlə onun bağlanması üçün mübarizə aparacağıq. Düşünürəm ki, İran da belə səhvə yol verməməlidir”. Qeyd edək ki, Ermənistanın ərazi bütövlüyünün toxunul­mazlığının özü üçün “qırmızı xətt” olduğunu bə­yan edən İran dövləti prinsiplərinin ifadəsi kimi  işğalçı ölkənin Qafan şəhərində konsulluq aç­ıb.

Qvami Məhəbbətoğlu, “İki sahil”