31 yanvar 2024 20:01
578

Vətənpərvər ruhlu Azərbaycan gəncliyi

Bəşər cəmiyyətinin tarixi boyunca istənilən cəmiyyətdə gənclik qabaqcıl ideyaların daşıyıcıları olmuş və hər zaman xüsusi sosial-demoqrafiq qrup kimi seçilmişdir. Gəncliyin əsas xüsusiyyətləri sosial sturukturun istehsalı prosesində tutduğu spesifik mövqe ilə, habelə artıq bərqərar olmuş ictimai münasibətlərlə müəyyən olunur. Eyni zamanda gənclik cəmiyyətdə mövcud olan ictimai münasibətləri dəyişdirmək potensialına malik olması ilə də diqqəti cəlb edir. Müasir təfəkkürə və innovativ yanaşma tərzinə malik olan gənclik hər hansı xalqı, milləti yeni-yeni nailiyyətlərə və qələbələrə daşımaq iqtidarında olan sosial qrupdur. Elə buna görə də gənclərin təhsili, onların qarşılaşdıqları müxtəlif növ problemlərin həlli hər zaman dünya dövlətlərinin diqqətində olmuşdur.

Azərbaycan cəmiyyətinin hərtərəfli inkişafında və dövlətçiliyimizin daha da möhkəmləndirilməsində milli gəncliyimizin rolu çox mühümdür və əvəzolunmazdır. Azərbaycan gəncliyi hər zaman milli-mənəvi dəyərlərə sadiqliyi və yüksək vətənpərvərlik ruhu ilə seçilmişdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin milli ruhda formalaşmasında mühüm rol oynayır. O cümlədən, Azərbaycan gənclərinin inkişafına Heydər Əliyev Fondu öz misilsiz töhfələrini verməkdədir. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib və hər ilin bu günü ölkəmizdə xüsusi coşğu ilə qeyd edilir. Bir məqamı da xüsusi olaraq vurğulamaq lazımdır ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə formalaşan Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq misilsiz şücaət və tayı-bərabəri olmayan qəhrəmanlıqlar göstərdi. Bu da gənclərimizdə vətəndaşlıq tərbiyəsinin çox yüksək olmasının bariz göstəricisidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Bu gün hər birimiz qürur hissi ilə qeyd edirik ki, artıq müxtəlif şəhərlərimizdə və rayonlarımızda gənclər evləri və mərkəzləri səmərəli şəkildə fəaliyyət göstərməkdədir. Yeniliklərə daim açıq olan Azərbaycan gəncliyi Dördüncü Sənaye İnqilabı dövrünün çağırışlarına əzmlə cavab verir. Gənclərimizin rifahına xidmət edən əsas Dövlət Proqramları bu prosesə öz müsbət təsirlərini göstərir və gələcəkdə də göstərəcək.

Yaşadığımız müasir dövrdə Azərbaycan xalqının “Böyük qayıdış” ideyası reallaşır. Azad edilən torpaqlarımızda görülən quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirakının sübutu və bariz göstəricisidir.

Elvin Əlizadə,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi