01 fevral 2024 01:15
308

Bu günün əsas çağırışı: Riyakarlığa son qoyulmalıdır

Əgər ikili standartlar siyasəti dünya üçün bir meyara çevrilibsə, ədalət və beynəlxalq hüquq prinsiplərinin qorunması hansı mexanizm əsasında həyata keçirilməlidir?

Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlayır. Dövlətimizin siyasətində demokratik dəyərlərə sadiqlik prioritet məsələ kimi öndədir. Azərbaycan dövləti ən yüksək tribunalardan bu çağırışı edir ki, insan hüquq və azadlıqlarının təminatı doğrudan da önəmlidirsə, əsas şərtdirsə, nə üçün bu və ya digər dövlətlərdə baş verən hadisələri görməzdən gələn bəzi beynəlxalq təşkilatlar Azərbaycanda ən kiçik bir olaya lupa ilə baxır? Digər tərəfdən, ədalət əsas meyardısa, nə üçün onun tətbiqi üçün vahid mexanizm müəyyənləşdirilmir?

Azərbaycanda bütün azadlıqlar təmin edilib. İqtisadi və siyasi islahatların vəhdətliyi uğurların davamlılığında əsas faktordur. Azərbaycan bu vəhdətliyi qorumaqla dünyanın diqqətində dayanır. Reallıq budur ki, iqtisadi cəhətdən inkişaf edən ölkələrə baxdıqda demokratiyanın inkişaf səviyyəsinin aşağı olduğunu görür, demokratiya təcrübəsi nümunə olan ölkələrdə isə iqtisadi inkişafın zəifliyi diqqətdən kənarda qalmır. Azərbaycan bu vəhdəti qorumaqla dünyaya təkmil bir model təqdim edir. Bu da ondan irəli gəlir ki, iqtisadi əlaqələrin qurulmasında, investisiyaların yatırılmasında maraqlı olan dövlətlər həmin ölkədə demokratik inkişafın əsas amili olan sabitliyə və qanunun aliliyinin qorunmasına diqqət yetirir. Təbii ki, sabitlik olmasa heç bir dövlət yatıracağı investisiyaların təhlükəsizliyinə tam əmin ola bilməz. Bu gün qürurla ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcminin 310 milyard dollar olmasını qeyd edirik ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu statistic rəqəm onu göstərir ki, xarici investorlar ölkəmizə yatırdıqları investisiyaların təhlükəsizliyinə əmindirlər. Azərbaycan investisiya cəlbediciliyini qorumaqla yanaşı, həm də investisiya yatıran ölkədir. Təbii ki, ölkəmiz də iqtisadi əlaqələrin qurulmasında demokratik inkişafa xüsusi diqqət göstərir.

Demokratiya təcrübəsi nümunə olan bir ölkəni bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının hansı kriteriyalara əsaslanaraq “qeyri-azad” ölkələr sırasında etmələri bu təəccüb doğurmaya, eyni zamanda, çoxsaylı sualların yaranmasına səbəb olmaya bilməz. Məlum olduğu kimi, bu günlərdə Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı ədalətsiz qərar qəbul etdi. Qurum bunu müxtəlif səbəblərlə əlaqələndirməyə çalışsa da reallıq budur ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsi AŞPA-nın siyasi qısqanclığına səbəb olur. AŞPA 23 oktyabr 2023-cü il tarixində “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul etdi. Həmin qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, 19 sentyabrda baş tutan lokal xarakterli antiterror tədbirlərini hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə etdi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələdi. Almaniyalı deputat Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında “100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması” kimi qiymətləndirdi. Qalmaqallı təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir. Bu məqamı da xüsusi qeyd edək ki, bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. Buna səbəb Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar və adıçəkilən ölkənin nüfuzdan düşməsidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı vasitə kimi istifadə etməyə çalışır.

AŞPA-da Azərbaycana qarşı gedən proses təsadüfi deyil. AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. İstər 30 illik işğal, istərsə də postmünaqişə dövründə Fransanın ikili standartlar siyasəti diqqətdən kənarda qalmadı və bu gün də bu siyasət davam edir. Azərbaycanın tarixi Zəfərini həzm etməyən Fransa ölkəmizin Ermənistana təklif etdiyi sülh müqaviləsinin imzalanması prosesinin uzanması üçün müxtəlif yollara əl atır, Ermənistana bu sazişi imzalamamaq dəstəyini davam etdirir. Ermənistan və Fransanı hansı dəyərlərin birləşdirdiyi məlumdur. Müstəmləkəçilik tarixində dəhşətli cinayətlər törədən, lakin özünü demokratik ölkə kimi göstərməyə çalışan, işğal etdiyi ərazilərin milyonlarla əhalisinə muxtariyyat verməyən Fransa öz azadlığı, müstəqilliyi, ana dili uğrunda mübarizə aparan korsikalıların tələblərini təmin etmək əvəzinə, bu gün Azərbaycanın daxili işlərinə müdaxilə edir və açıq şəkildə Ermənistanın müdafiəçisi rolunu ifa edir. Əlcəzair xalqını soyqırımına məruz qoyan, bir sıra Cənub-Şərqi Asiya ölkələrinin dinc sakinlərini öldürən, Afrikada cinayətlər törədən Fransa tarixi həqiqət anlayışından xəbərsizdir. Buna nümunə Azərbaycanın Cənubi Qafqazda təhlükəsizliyin bərqərar olmasına, Ermənistanla münasibətlərin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına göstərdiyi səylərin fonunda Ermənistana hərbi əməkdaşlıq təklifidir. Bu, açıq-aydın Fransanın Ermənistanı silahlandırmağa çalışması, onu yenidən təcavüzə və hərbi avantüraya cəlb etməsidir ki, bunda da məqsəd bəllidir. Fransa Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin əleyhinədir. İkili yanaşmasından, ayrı-seçkiliyindən, beynəlxalq hüquq normalarına hörmətsizliyindən əl çəkməyən müstəmləkəçi ölkənin Cənubi Qafqazda qarışıqlıq yaratmaq və yeni təxribatlar törətmək niyyətini həyata keçirməsi üçün isə ən yaxşı vasitə Ermənistandır. Çünki iki ölkəni eyni dəyərlər birləşdirir.

Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlərə nəzər salaq. 2023-cü il aprelin 23-də Azərbaycan tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb etdi. Azərbaycan tərəfinin təzyiq qarşısında geri çəkilməyəcəyinə əmin olan AŞPA rəhbərliyi məzmunu saxlamaqla formanı dəyişmək qərarı verdi. 2023-cü ildə AŞPA 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirdi. Ermənilərin “blokadada yaşadıqları”nı göstərmək və uydurma faktlar əsasında saxta hesabatların hazırlanmasına xidmət edəcək sözügedən absurd niyyətlərin reallaşmasına Azərbaycan imkan vermədi. 2023-cü ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı oldu. Təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil etdi. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan Ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul etdi. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə “siyasi məhbus”ların olması ilə əlaqələndirsə də, əsas səbəbin Qarabağın azad olunması, suverenliyin tam bərpa edilməsi faktı ilə barışa bilməmələrindən, Ermənistana hər vasitə ilə dəstək olmaq siyasətindən irəli gəlir.

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana qarşı qərəzli mövqeyi də diqqətdən kənarda qalmır. Daim ölkəmizə qarşı qeyri-ciddi bəyanatları ilə diqqətdə olan Borrel erməni sevgisini gizlədə bilmir. Belə ki, Borrel bu günlərdə Brüsseldə keçirilmiş Aİ Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı yenə də erməni sevgisini açıq-aşkar nümayiş etdirib. “Ermənistanın ərazi bütövlüyünün hər hansı pozulması yolverilməzdir. Bu, Azərbaycanla münasibətlərimiz üçün ciddi nəticələrə səbəb olacaq” deyən Aİ rəsmisi, hətta, Azərbaycanla Fransa arasında diplomatlarla bağlı baş vermiş məsələdə də Parisin mövqeyinə dəstək ifadə edib. Əslində, Borrelin ölkəmizə qarşı qərəz nümayiş etdirməsi ilk hal deyil. Bundan əvvəl də Aİ-nin ali nümayəndəsi erməni lobbisinin diktəsinə uyğun davranışlar sərgiləyib. Qarabağda keçirilən antiterror tədbirləri zamanı da Borrel erməni separatçılarına açıq dəstək göstərib.

Avropa hər zaman ölkəmizə qarşı qərəzli mövqeyi ilə diqqətdə olub. Bəzi super güc dövlətlərinin öz maraqlarını həyata keçirmək üçün Ermənistandan bir vasitə kimi istifadə etmələri inkaredilməzdir. Ermənistanın müstəqilliyinin formal xarakter daşıması da onun bu və ya digər dövlətin əlində oyuncağa, onların maraqlarının müdafiəçisinə çevrilməsidir. Ermənistanın tez-tez dəstəkçilərini dəyişməyə meyilli olması vəziyyətin gərginləşməsində az rol oynamır. Tarixi Zəfərimizdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə bir neçə dəfə sülh müqaviləsinin imzalanması məqsədilə tərəflər arasında müxtəlif məkanlarda və formatlarda görüşlər keçirildi. Ermənistan Azərbaycanın təklif etdiyi beynəlxalq hüququn 5 əsas prinsipini qəbul etdiyi halda Fransa bu müqavilənin imzalanmaması üçün qeyri-ciddi fikirləri ilə gündəmdədir. Fransa da belə görüşlərin iştirakçısı olub həmin prinsipləri qəbul etsə də heç bir həftə keçməmiş başqa bir bəyanatla çıxış edib. Rəsmi Paris açıq-aşkar Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin təmin edilmsində maraqlı olmadığını nümayiş etdirir.

O da məlumdur ki, Azərbaycan nümayəndə heyəti AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Assambleya ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldi. Bundan başqa, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından da çıxa bilər.

Azərbaycan kimi demokratik dəyərlərə sadiq olan, ədaləti və beynəlxalq hüququ müdafiə edən bir dövlətin qurumda təmsil olunması həm Avropa Şurasına, həm də üzv dövlətlərə böyük dividend gətirir. AŞPA-nın, həmçinin bəzi beynəlxalq qurumların, dövlətlərin tarixi Zəfərimizi böyük ajiotajla qarşılamasının səbəbi budur ki, ölkəmiz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdik. 2020-ci ilin Vətən müharibəsindən və 2023-cü ilin antiterror tədbirlərindən sonra Azərbaycan ərazi bütövlüyünü, tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Sözügedən hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi.

Bu gün Azərbaycanın istəyi sülhdür. Əvvəldə də qeyd etdiyimiz kimi, ölkəmiz 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdü və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş prinsipi təqdim etdi. Azərbaycan 30 illik işğaldan əziyyət çəkmiş və ədaləti özü bərpa etmiş ölkə olaraq yeni sülh prosesinin müəllifi oldu. Bu cür addımlarımızın nəzərə alınmaması isə AŞPA-nın siyasi riyakarlığını bir daha təsdiq etmiş olur.

Qısa təhlil onu göstərir ki, Avropa Azərbaycanda cərəyan edən hər bir prosesə, atdığı addımlara lupa ilə baxır. Dünyanı idarə edən ikili standartlar siyasətinin mövcudluğu fonunda ədalətli mövqeyin nümayiş ediləcəyini gözləmək sadəlövhlük olardı. Azərbaycan daim bu siyasətdən qaynaqlanan qərəzli iddialarla, hesabatlarla, ən əsası reallıqların inkarı ilə üz-üzədir. Bunu ölkəmiz istər demokratik prinsiplərin inkişafı sahəsində, istərsə də artıq tarixin arxivinə atılan Qarabağ münaqişəsinə yanaşmada aydın görür. Hər zaman ünvanladığımız suallardan biri budur ki, bu gün ikili standartlar dünya miqyasında, dünya siyasətində bir meyardırsa, onda onu açıq bəyan etsinlər və riyakarlığa son qoysunlar.

Müasir dövrdə qloballaşma prosesləri hər şeydən əvvəl beynəlxalq münasibətlərin möhkəmlənməsi, ölkələr arasında əlaqələrin genişlənməsi, ayrı-ayrı xalqların mədəniyyətində ümumi elementlərin artması ilə səciyyələnir. Bu kimi yaxınlaşmalar təbii ki, beynəlxalq hüquq normalarının, eyni zamanda, demokratik dəyərlərin öndə saxlanılmasını bir zərurətə çevirir. Bizlərə bəlli, amma dünya güclərinə “sirr” olan bu sualı illərdir səsləndirməyi özümüzə borc bilirik ki, görəsən başqlarına “demokratiya dərsi” keçən dövlətlərin özləri bu dəyərlərə hörmətlə yanaşırlarmı? Qərb düşünür ki, bu və ya digər dövlətin daxili işinə müdaxilə demokratik dəyərlərin tərkib hissəsidir və mütləqdir. Ən əsası özlərində demokratik prinsiplərə hörmətsizliyi ortaya qoyan hansısa proses baş verəndə dərhal bunu müxtəlif adlar altında ört-basdır etməyə çalışırlar. Yenə də bu həqiqəti qeyd etməyə məcburuq. Dünya nə zamana qədər ki hüquq problemini yaşayır, maraqlar ədaləti üstələyir, bu kimi yanaşmalar davamlı olacaq.

Azərbaycanın xarici siyasətində Qərb və Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Qarşılıqlı səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Azərbaycan dövlətinin xarici siyasətində bu prinsip əsas yer tutur ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında münasibətlər qurulur və inkişaf etdirilir. Azərbaycan bir sıra beynəlxalq təşkilatlara daxil olmasını məqsədyönlü siyasət və düşünülmüş addım kimi dəyərləndirir. Cənab İlham Əliyevin çağırışlarında bu reallıq xüsusi qeyd edilir: “Biz müxtəlif beynəlxalq təşkilatlara üzv olmuşuq. Özümüz könüllü daxil olmuşuq, heç kim bizi məcbur etməmişdir. Nə üçün? Ona görə ki, Azərbaycanda olan meyarlar dünyanın ən qabaqcıl ölkələrinin meyarlarına uyğun olsun.” Demokratik cəmiyyətin varlığını təsdiqləyən əsas amillərdən biri kimi azad mətbuatın inkişafı istiqamətində də atılan addımlar davamlılığı ilə diqqət çəkir. Azad internetin olduğu, sezuranın olmadığı şəraitdə söz və ifadə azadlığının məhdudlaşdırılmasından söhbət gedə bilməz. Mətbuatın azad olması demokratiya deməkdir.

Göründüyü kimi, Azərbaycan demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyir. Demokratikləşmə sadəcə niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. Bu reallığı qəbul edən və etməyən qüvvələrin olması təbiidir. Azərbaycanı müstəqil, demokratiya yolunda inamla irəlilədiyini həzm etməyən dövlətlər, təşkilatlar hər zaman qarayaxma kampaniyalarının ssenaristləri olsalar da, sonda mövcud reallıqlarımız bu cəhdləri boşa çıxarıb və çıxarır. Həqiqət budur ki, Azərbaycan demokratik prinsipləri həyata keçirdiyi siyasətin əsası kimi qəbul edir və hörmətlə yanaşır. İkili siyasəti özləri üçün bir meyar kimi qəbul edən dövlətlər Azərbaycanın demokratiya təcrübəsindən yararlanmaqla ədaləti bərpa edə, baş verən hadisələrə həqiqət gözü ilə baxa bilərlər.

Yeganə Əliyeva, “İki sahil”