01 fevral 2024 01:36
289

Bu Fransa bizim nəyimizə gərəkdir?

II Dünya müharibəi illərində Fransa Milli Müqavimət Hərəkatının rəhbəri, general Şarl De-Qoll sonradan hakimiyyyətdə olduğu müddətdə Azərbaycana dost münasibət göstərmişdi. Təəssüf ki, De-Qolldan nə əvvəl, nə də sonra bu ölkəyə başçılıq edənlərin əksəriyyəti belə gözəl ənənəni davam etdirməyib. Ən azı, Fransanın faşizm əsarətindən xilas edilməsində bu ölkənin Milli Qəhrəmanı fəxri adına layiq görülmüş Əhmədiyyə Cəbrayılovun döyüş xidmətlərini nankorcasına unudublar. Unudublar ki, igid azərbaycanlı partizan fransız xalqının azadlığı üçün mərdliklə vuruşmuşdur. Yaddan çıxarıblar ki, II Dünya müharibəsindən iyirmi il keçəndən sonra Fransanın o vaxtkı baş naziri Şarl De-Qoll SSRİ-yə səfəri zamanı Moskvada Əhmədiyyə Cəbrayılovla görüşərək ona ölkəsinin Milli Qəhrəman ordenini və bir sira mükafatları şəxsən özü təqdim etmişdi. Amma sonra nə oldu?

Sınanmış dost münasibətlərinin üstündən qara bir xətt çəkildi. Bütün bunların müqabilində bizi erməni əsarətinə boyun əymək kimi murdar bir niyyət güdən Emmanuel Makron isə Fransanın şərəfli keçmişini ləkələyir, dostu düşmənə çevirir. Özünün etdikləri azmış kimi bəzi ölkələri və beynəlxalq təşkilatları da bizə qarşı qaldırır. AŞPA-da Azərbaycana qarşı təşkil edilən qərəzli məlum olayların müəllifi də dolayısı ilə Makrondur. O, Ermənistan ordusunu ölkəmizə qarşı silahlandırır, yardım edir və daim Hayastanın yanında olacağını açıq deyir. Özü də bilir ki, hərəkətlərində qətiyyən haqlı deyil. Bu üzdəniraq lider etdiyi düşmən hərəkətlərinin qarşılığında Azərbaycan xalqının dərin nifrətini qazanmasının fərqində deyil. Yəni iki ölkə arasında siyasi münasibətlər tamamilə pisləşib. Fransa Senatı sanki hayların mərəkəsidir, vaxtaşırı Azərbaycan əleyhinə məsələlər müzakirə olunur, ədalətsiz qərarlar qəbul edir. Vicdanını itirmiş ermənisifət deputatlar Xocalı soyqırımını tanımaq əvəzinə uydurma "erməni genosidi"ni tanıyır. Qaldı Fransa ilə iqtisadi münasibətlərə, o da bizim üçün önəmli deyil. Qısaca desək, bütün sahələrdə Fransasız da keçinə bilərik. O halda bu ölkə ilə əlaqələrə nə hacət var? Hazırkı iqtisadi əlaqələrə nəzər salsaq bu fikir bir daha təsdiq olunar.

Azərbaycan Fransa ilə ticarət əlaqələrinə 1993-cü ildə başlayıb. Bu əlaqələr 2022-2023-cü illərdə pik dövrünü yaşayıb. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 274 milyon ABŞ dolları olub ki, bunun da 229 milyon dolları Fransadan idxalın payına düşüb. 2023-cü ildə isə dövriyyə 514 milyon dollara çatıb ki, bunun da 382 milyon dolları idxaldır. 2023-cü ildə Fransadan 40 milyon dollar dəyərində dərman preparatları, 10 milyon dollar dəyərində traktorlar, bunlardan  başqa kərə yağları, müxtəlif qidalar, şərablar, ətriyyat və kosmetika məhsulları idxal edilib. Azərbaycan isə Fransaya enerji sahəsində - xammal və strateji məhsullar göndərib. 

Göründüyü kimi, Fransadan idxal edilən məhsulların çoxu həyat üçün vacib, defisit deyil və onları digər ölkələrdən də almaq mümkündür. Dərman preparatlarını Türkiyədən, Rusiyadan və Almaniyadan, şərab məhsullarını İtaliyadan, Gürcüstandan və Moldovadan, ətriyyatı ərəb ölkələrindən almaq olar. Yəni, bizim Fransa ilə ticari əlaqələrə heç bir ehtiyacımız yoxdur. Qeyd olunmalıdır ki, Azərbaycanın Fransaya göndərdiyi enerji məhsullarına regionda və dünya bazarında həm böyük  maraq, həm də tələbat var. Digər ölkələrlə bərabər, bu strateji məhsullara Türkiyə və Gürcüstanda da tələbat böyükdür. Bir sözlə, Azərbaycanla ticarət əlaqələrinin pozulması Fransa üçün illik 400 milyon dollar ziyana bərabər olacaq. Biz isə heç bir ziyan çəkməyəcəyik. Ona görə də Emmanuel Makronun burnunu dik tutması, ermənipərəst mövqedə qalması, düşmənçilik hərəkətlərindən əl çəkməməsi özünə zərər gətirər. Vaxt gələcək ki, Azərbaycanla münasibətləri korladıqlarına görə Emmanuel Makron və ermənipərəst fransızlar peşman olacaqlar.

Vəli İlyasov, "İki sahil"