01 fevral 2024 00:09
251

Ləyaqətsizliyin pik nöqtəsi...

«Siyasi mühacir» adı ilə xarici ölkələrdə fəaliyyət gösətərən azərbaycanlı blogerlər son günlər sosial media vasitəsi ilə Azərbaycan əleyhinə qara piar kampaniyalarını daha da genişləniriblər.  Xüsusilə bu  xəyanətkar dəstə son zamanlarda erməni lobbisinin qrantları hesabına daha da cəsarətlənib. Məhz radikal müxalifət partiyalarının saxta sənədləri ilə müxtəlif ölkələrdə məskunlaşan bu  vətənsizlər ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparmaqla onun beynəlxalq imicini qaralamağa, respublikamızın daxilində siyasi sabitliyi pozmağa çalışırlar.

O da məlumdur ki, sığındıqları ölkələrdə sosial yardımlarla keçinən, işsiz-gücsüz avaralanan bu şəxslərin öz hesablarına internet TV-lər yaratmaları, bir ayda bir neçə dəfə bu ölkədən-o ölkəyə səfərlər etmələri qeyri-mümkündür. Bütün bunlar bir daha təsdiq edir ki, bu adamları öz çirkin məqsədləri üçün maliyyələşdirən dairələr var. O dairələr isə bəllidir: bəzi xüsusi xidmət orqanları və erməni lobbisi.

Bu internet TV-ləri ölkəmizdə keçiriləcək 7 fevral prezident seçkiləri ərəfəsində daha da fəalaşıblar. Məqsəd bu siyasi kampaniyanı qaralamaq, insanların seçkilərə olan inamını qırmaqdır. Təbii ki,  bu  böhtan  kampaniyasının önündə yenə də Tural Sadıqlı, Qənimət Zahid,  Sevinc Osmanqızı, Qabil Məmmədov, Qurban Məmmədli  və s. gəlirlər. Eyni zamanda, yanvarın 24-də AŞPA-nın ölkəmizə qarşı qərəzli qətnaməsindən də böyük sevinc hissi yaşayan bu vətənsizlər erməni lobbisinə ideoloji dəstək verirməkdə davam edirlər.  

Bu həmin Tural Sadıqlıdır ki, hələ İkinci Qarabağ müharibəsindən əvvəl açıq şəkildə qondarma «DQR»i bir dövlət kimi tanıyırdı. İddia edirdi ki, bu qondarma qurumun «prezidenti» «parlamenti», «höküməti» var və o, artıq dünyada tanınır. Bu həmin Qabil Məmmədovdur ki, deyirdi ki, Prezident İlham Əliyev Qarabağda bir kənd alsa qulaqlarımı kəsəcəm. Bu həmin Sevinc Osmanqızıdır ki, ermənilər Qarabağı  könüllü tərk edəndə göz yaşları tökürdü. Bu həmin Qənimət Zahiddir ki, Azərbaycan Ordusunu Cənubi Qafqazın ən zəif ordusu hesab edirdi.

Burada diqqətçəkən məqam odur ki, Azərbaycan əleyhinə təbliğat aparan mühacir internet TV-lər erməni lobbisinin güclü olduğu ölkələrdən biri olan Fransada yerləşir. Bu fakt siyasi mühacir adı ilə maskalanan, özlərini dünyaya  «demokratiya» çarçısı kimi sırımağa çalışanların maskasını bir daha çırmış olur. Təbii ki, satqınların erməni lobbisi ilə birgə fəaliyyət göstərmələri  xalqımızı  narahat edir. Ona görə ki, belə simasızların əli ilə Azərbaycan Ordusunun Qarabağdakı hərbi  zəfərlərinə, ərazi bütövlyümüzün tamamilə təmin edilməsinə beynəlxalq arenalarda böhtan atılır. Məhz onların xəyanətkar təbliğatı nəticəsində ermənilər əzilən, etnik təmizləməyə məruz qalan bir millət kimi tanıdılır. Ona görə xalqımız  bu satqınlara, onların daxildəki  yol göstərənlərinə qarşı bu gün də sərt mövqe nümayiş etdirir.

Bu bloggerlər «siyasi mübarizə» vasitələrindən də ləyaqətsizcəsinə istifadə edirlər. Əslində, ölkəmizə qarşı tutarlı faktlarla çıxış edə bilməmələri sonda onların söyüş mübarizəsinə çevrilir. Çıxışlarında küçə söyüşlərindən istifadə edənləri həm də sözün həqiqi mənasında əxlaqsızlar yığnağı da hesab etmək olar. Bu həmin bloggerlərdir ki, indiyədək  ermənilərin törətdikləri, Xocalı, Meşəli, Qaradağlı soyqırımlarından, Qərbi azərbaycanlıların tarixin müəyyən dövrlərindəki yüzminllərlə deportasiyalarından bir dəfə də danışmayıblar. Ona görə yox ki, məlumatlı deyillər. Ona görə ki, qrant aldıqları erməni lobbisindən qorxurlar. Bax buna deyirlər ləyaqətsiz ömür yaşamaq, azadlığını, qürurunu pula qurban vermək…

Bu, bir acı həqiqətdir  ki, bir tərəfdə İkinci Qarabağ müharibəsində ərazi bütövlüyümüz naminə, Qələbə naminə canını «uf» demədən qurban verən qəhrəman oğullarımız, digər tərəfdə isə xaricdəki anti –Azərbaycan fəaliyyətləri ilə onların qəhrəmanlıqlarına kölgə salan, bizim milli nüfuzumuza və ləyaqətimizə xələl gətirən Vətən xainləri…

Elçin Zaman, «İki sahil»