01 fevral 2024 02:58
297

Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır

Məğlub ermənilərin hesabına regionda maraqlarını təmin etməyə çalışan qüvvələr dərk etməlidirlər ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəlməklə yeni reallıq yaradıb və bu gün regionda atılan bütün real və təsirli addımlar rəsmi Bakı və onun strateji müttəfiqi Türkiyəyə məxsusdur

Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə görə cəlbedici olmaqla yanaşı, həm də dinamik inkişaf edən dövlətdir. Təsadüfi deyil ki, nəqliyyat-tranzit sahəsində Azərbaycanın həyata keçirdiyi və iştirak etdiyi bir sıra beynəlxalq layihələr ölkəmizə iqtisadi dividendlər gətirməklə yanaşı, eyni zamanda, siyasi zəmanət də qazandırıb. Bu sırada Bakı-Tbilisi-Qars dəmir yolunu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini göstərmək olar. Azərbaycanın iştirak etdiyi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi də xüsusi əhəmiyyət daşıyan iqtisadi layihələrdən biridir. Dünya iqtisadiyyatının inkişaf perspektivləri, eləcə də ölkəmizin Asiya ilə Avropa arasında nəqliyyat qovşağı rolunu oynaması nəzərə alınmaqla, Zəngəzur dəhlizinin açılması zamanın zərurətinə çevrilib.

Beynəlxalq ekspertlərin hesablamalarına görə, yaxın 10 ildə Avropa ilə Asiya arasındakı ticarət dövriyyəsinin həcmi 200 milyard dollar həcmində olacaq. Bu məbləğin çox olması daşınan yüklərin də həcminin artacağından xəbər verir. Yükdaşımalarının 10 faizi Zəngəzur dəhlizi vasitəsilə həyata keçirilərsə, Azərbaycan ildə 3 milyard dollardan artıq tranzit gəlir əldə etmək imkanına malik olacaq. Dəhlizin genişləndirilməsi və Orta Asiya respublikalarından başqa Çinin və Asiyanın digər ölkələrinin də Avropa ilə nəqliyyat əlaqəsi Zəngəzur dəhlizindən qurularsa, gəlirin həcmi 5 milyard dollara qədər arta bilər. Bu baxımdan Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Zəngəzur dəhlizi Azərbaycan, bəzi qonşu dövlətlər və daha böyük coğrafiya üçün strateji layihədir” fikri diqqəti çəkir. Beynəlxalq yükdaşımalarda Zəngəzur dəhlizinin əhəmiyyəti həm də ondan ibarətdir ki, bu yolla yüklər zaman baxımından mənzil başına daha tez çatdırılacaq. Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsi olan Naxçıvanı deyil, Türkiyə və Avropanı da nəqliyyat baxımından ölkəmizlə birləşdirəcək. Çin və Orta Asiya ölkələrindən Azərbaycana daxil olan yüklər Zəngəzur dəhlizi ilə Türkiyəyə, oradan Avropaya və əks istiqamətə daşınacaq.

Artıq Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin inşası başa çatmaq üzrədir. Bu barədə “TRT World”də dərc olunan məqalədə bildirilib. Qeyd edilib ki, Çindən Türkiyəyə qədər uzanacaq dəhlizə daxil olan avtomobil və dəmir yollarının inşasının 2024-cü ilin sonuna qədər başa çatdırılması gözlənilir: “Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir və avtomobil yollarının inşası sürətlə davam etsə də, Ermənistan layihənin həyata keçirilməsi üçün heç bir addım atmır. Bununla bağlı Ermənistanla razılaşma olmadığından Azərbaycan alternativ yollar üzərində işləyir”.

Nəşr vurğulayıb ki, bəzi hissələri 4, digərləri 6 zolaqlı yola 58 yeraltı keçid, 27 körpü və 3 tunel daxildir: “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin koordinasiya etdiyi inşa prosesini Türkiyə şirkətləri həyata keçirir”. Məqalədə, həmçinin məlumat verilib ki, Türkiyə ilə Azərbaycan həmçinin Qars şəhərini Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsi üzərində də çalışır: “Layihənin icrasına cari il ərzində başlanılacaq. Ümumiyyətlə, bu layihələr başa çatdıqdan sonra Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi yaranacaq. Eyni zamanda, Azərbaycandan keçməklə Türkiyə ilə Rusiya arasında fasiləsiz avtomobil və dəmir yolu əlaqəsi olacaq”.

Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akar Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inandığını deyib. O bildirib ki, Zəngəzur dəhlizi təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün çox önəmlidir: “Bir sözlə, Azərbaycan, Ermənistan, Türkiyə, İran və həmçinin Rusiya üçün də önəmlidir. Çünki bu dəhlizdən bütün ölkələr istifadə edəcəklər. Bu dəhlizdən istifadə sosial-iqtisadi, turizm baxımından ciddi inkişafa gətirib çıxaracaq. Eyni zamanda kommunikasiya, gediş-gəlişin təmin edilməsi baxımından faydalı olacaq”. H.Akar vurğulayıb ki, bu baxımdan Türkiyə olaraq tərəflərin razılaşması ilə işlərin tamamlanmasını gözləyirik və bunun gerçəkləşəcəyinə inanırıq.

Məlumdur ki, Ermənistanın müharibə məğlubu kimi üzərinə götürdüyü öhdəliklərə uyğun davranmır. Öhdəlik isə kifayət qədər aydındır və Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatında əksini tapıb. Bə­yanatın doqquzuncu bəndində bildirilib ki, İrəvan Azərbaycanın digər ərazilərini Naxçıvanla birləşdirən yolun açılmasına təminat verməlidir, həmin yolda təhlükə­sizlik isə Rusiya Federal Təhlükəsizlik Xidmət tərəfindən qorunmalıdır. Hazırda Ermənistan hakimiyyəti üç­tərəfli Bəyanatın bu bəndinə məhəl qoy­mur və istər “sülh yol kəsişməsi” ideya­sı, istər Alma-Ata Bəyannaməsinə, istərsə də delimitasiya və demarkasiya prosesin­də 1970-ci illərin xəritələrinə istinad həm də bundan qaynaqlanmaqdadır. Halbuki, Naxçıvana asan yol kontekstindəki “Zən­gəzur dəhlizi” ideyası Ermənistanın suve­renliyini təhlükə altına almır. Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bu məsələ ilə bağlı bildirib: “…Ermənistan, bildiyiniz kimi, 10 no­yabr üçtərəfli Bəyanatının bir müddəası­nı yerinə yetirmir və faktiki olaraq öz öh­dəliyinə laqeyd yanaşır. Ona görə bunu pərdələmək, eyni zamanda, “Zəngəzur dəhlizi” sözünü sildirmək üçün belə bir təklif irəli sürmüşlər. Onu da bildirmə­liyəm ki, “Zəngəzur dəhlizi” sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, Şimal–Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. Bu, o demək deyil ki, bizim suverenliyimiz bu­rada şübhə altına düşür. Şərq–Qərb dəh­lizi var, – amma nədənsə Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərq­lidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu “sülh yol kəsişməsi” adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil” deyən ölkəmizin lideri Azərbay­candan – Azərbaycana, yəni Naxçıvana yolun bütün vergi və gömrük mükəllə­fiyyətlərindən azad olmasının vacibliyini vurğulayır. 

Prezident İlham Əliyev fikrini əsas­landırarkən, Ermənistanın öz suverelik məsələsindən regional kommunikasiya­ların açılmasının qarşısını almaq üçün bəhanə kimi yararlandığını vurğulamaq­da haqlıdır. Bu nəticəyə gəlmək mümkün­dür ki, Ermənistan ya yolun açılmasına razılıq verməli və beləliklə üçtərəfli Bəya­natla üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir, ya da daha böyük problemlə üzləşməlidir. Nəzərə alaq ki, sərhədlərin delimitasiyası və demarkasiyası cənab İlham Əliyevin haqqında söz açdığı tarixi məqamlar əsas götürülməklə aparılsa, o zaman Naxçıvana yol Azərbaycanın suveren ərazisi qismində təsdiqlənəcək. Deməli, Ermənis­tan seçim etməlidir. Ancaq İrəvan məsuliyyəti anlamır. Bir halda ki, belə bir durum var, o zaman Azərbaycan müharibə məğlubu kimi Er­mənistanı üzərinə götürdüyü öhdəliyi zor gücünə yerinə yetirməyə məcbur etməlidir. Lakin ölkəmiz buna getmir və Naxçıvana yolun İran ərazisindən keç­məsi üzərində dayanır. Bu halda İrəvan itirəcək və dövlətimizin başçısının təbi­rincə desək, dalanda qalacaq.  Amma görünən budur ki, Ermənis­tanın havadarları dövriyyəyə girirlər və Naxçıvana yolun İrandan keçməsinin yol­verilməzliyini vurğulayırlar. Azərbaycan Prezidentinin məsələyə reaksiyası isə həm sərtdir, həm də qətiyyətli: “Amerika Dövlət Departamentinin rəhbərinin müavi­ni də bir anlaşılmaz açıqlama vermişdi ki, ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik. Yaxşı, biz bunu üç ildir deyirik ki, bu, Ermənistandan keçsin, Ermənistan imkan vermir. İndi də bizi itti­ham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Ermənistanın ərazisin­dən keçsin, Mehri ərazisindən keçsin, mən dediyim şərtlərlə, onda digər varian­ta ehtiyac qalmayacaq. Yoxsa bu da an­laşılan deyil. Bu gün Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə yenə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmir, məhz Mehri hissəsinə etiraz edilir? Ermənistan–İran ticarəti gün­dən-günə artır, çiçəklənir. İran Qərbi Zən­gəzurda konsulluq açıb. Niyə bu, necə deyərlər, heç bir sual yaratmır? Yəni, belə məntiqsiz və cəfəng açıqlamalar heç kimə şərəf gətirmir və “biz buna imkan ver­məyəcəyik” deyəndə, – mən artıq bunu demişəm, – Amerika nəyi nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zən­gəzurda bir sədd qoyacaq, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisin­də? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir”.

Sevinc Azadi, “İki sahil”