31 yanvar 2024 12:47
235

Demokratiya Qərbin əlində təzyiq üçün silaha çevrilib

Demokratiya Qərbin əlində təzyiq üçün silaha çevrilib. Onun yürütdüyü siyasətin ikili standartlardan ibarət olması artıq heç kimdə şübhə doğurmur.

“İki sahil” xəbər verir ki, bu fikirlər Türkiyənin “Star” qəzetində Sevil Nuriyevanın dərc olunan məqaləsində yer alıb. Müəllif diqqətə çatdırır ki, bir tərəfdən Qərb onun maraqlarına xidmət göstərməyənləri qeyri-demokratik və diktator elan edir, digər tərəfdən isə diktatorlarla razılaşır.

Platon və Aristotelin dövründən mövcud olan demokratik prinsiplər müasir dünyada “güclülərin” əlində silaha çevrilib ki, bu da yeni fəlakətlərə yol açır.

Vurğulanıb ki, Qərbin digər dövlətlərə, cəmiyyətlərə və sivilizasiyalara yalnız özünün korporativ maraqları çərçivəsində yanaşması, “demokratiya” adı altında hakim elitalara siyasi təzyiqi, ikili standartlar siyasəti demokratik prinsiplərə inamı öldürür.

Diqqətə çatdırılıb ki, başda ABŞ olmaqla, Qərb ən qəddar diktator ilə danışıb razılaşır və maraqlarını ciddi şəkildə müdafiə edir. Digərlərini isə özünün milli və dövlət maraqlarına zidd addımlar atmağa məcbur edir. Bu siyasət baş tutmayanda isə mətbuat işə salınır, qarayaxma kompaniyası başlayır. Bir tərəfdən demokratiya dəyərlərini təbliğ edir, digər tərəfdən də həmin dəyərlərə zidd addımlar atır, demokratiyanı alver vasitəsinə çevirir.

Müəllif sonra bildirib ki, demokratiyanı təsir aləti kimi istifadə edən Qərbin özü böyük diktatora çevrilməkdədir.