31 yanvar 2024 12:41
283

Gənclərimiz yeni-yeni hədəflərə doğru inamla addımlayır

Ümummilli Lider Heydər Əliyevin 1997-ci ildə imzaladığı Fərmana əsasən təsis olunan 2 Fevral-Azərbaycan Gəncləri Günü  gənc nəlin  cəmiyyətdəki roluna verilən yüksək qiymətdir. Ulu Öndər müəyyənləşdirdiyi strategiya ilə müstəqilliyimizin ilk illərində gənclərin enerji və imkanlarını milli maraqlarımızın müdafiəsinə səfərbər etdi, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Təşkil olunan forumlardakı Ulu Öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirildi, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyuldu.  Ulu Öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratdı, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etdi.

Ümummilli Lider 1999-cu ildə imzaladığı “Dövlət gənclər siyasəti haqqında” Fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratdı, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etdi. Həmin Fərmanla, o cümlədən Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edildi, Gənclər və İdman Nazirliyinin nəzdində gənclərin problemləri üzrə elmi araşdırmalar mərkəzi yaradıldı.

Dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. Ümummilli Lider bildirmişdir: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”

Son 20 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əlievin gənclərə diqqət və qayğısı təsdiqlədiyi Dövlət Proqramlarından, eyni zamanda, “Gənclər İli”nin və “Könüllülər İli”nin təsis edilməsindən aydın görünür. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev tərəfindən 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə Sərəncam imzalandı. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu.

Təbii ki, görülən işlər, atılan uğurlu addımlar bunlarla bitmir. Daim irəliyə baxan Azərbaycanın gənclərinin də qarşısında dövrün, zamanın tələblərinə uyğun olaraq vəzifələr qoyulur. Bütün dövrün əsas çağırışı, hədəfi budur ki, gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır.

Bu gün hər bir Azərbaycan vətəndaşı həyatının ən qürurverici günlərini yaşayır. İşğaldan azad edilmiş bütün ərazilərimizdə qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız dalğalanır. Soydaşlarımızın torpaq həsrətinə son qoyuldu. Böyük Qayıdışın müəllifi olan cənab İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışları ilə müşaiyət olunur. Tarixi Zəfərimiz Azərbaycan gənclərinin  nə qədər vətənpərvər olduqlarını, torpaq, Vətən yolunda hər an canlarından keçməyə hazır olduqlarını nümayiş etdirdi. Onlar qəhrəmanlıqları, şücaətləri ilə özünəgüvəni artırdı, hər birimizin qürur ünvanına çevrildilər. Bu gün hər birimiz gənclərimizlə fəxr edirik. Gənclərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək yeni-yeni hədəflərə doğru inamla addımlayır.

Samir Qocayev,
YAP Goranboy rayon təşkilatının sədri