31 yanvar 2024 11:42
551

AŞPA-nın yürütdüyü siyasət bizim milli maraqlarımızla tərs mütənasibdir - Kamran Bayramov

Avropada və dünyadakı bəzi qərəzli və ədalətsiz təsisatlar kimi, Avropa Şurası da Azərbaycanın qələbələrini, son zamanlar qazandığı uğurları qəbul edə bilmir. Qərəzli mövqelərini xüsusilə Azərbaycanın siyasi proseslərin astanasında olduğu bir vaxtda daha açıq şəkildə nümayiş etdirirlər. Bu gün Azərbaycanın AŞPA-ya heç bir ehtiyacı yoxdur. Bu qurumun yürütdüyü siyasət bizim milli maraqlarımızla tərs mütənasibdir. Son illər bəzi dövlətlərin və nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm sərgiləmələri belə bir qənaətin formalaşmasına gətirib çıxarıb ki, Avropa məkanında demokratik dəyərlərə ikili standartlarla yanaşmaq tendensiyası getdikcə güclənir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki,  Azərbaycan Avropa Şurasına üzv olarkən əsas məqsədlərindən biri də bu idi ki, bu təşkilat işğal faktına aydın və qətiyyətli reaksiya versin, ona son qoyulması üçün Ermənistana qarşı konkret addımlar atılsın. Bu, Azərbaycanın Avropa Şurasından əsas gözləntiləri idi. Lakin faktiki olaraq bizim Avropa Şurasından gözləntilərimiz özünü doğrultmadı. Çünki bizə qarşı ikili standartlar siyasəti davam edir. Artıq elə bir zaman gəlib çatıb ki, nə Avropa, nə də avropalı siyasətçilər üçün demokratiyanın önəmi qalmayıb. Avropa bütün dünyaya demokratiya carçısı olduğunu söyləyir.  Amma, bütün proseslərə bu prizmadan yanaşdığını iddia edən Avropa nədənsə heç də həmişə bu "andına" sadiq qalmır. Masa üzərinə şəxsi maraqlar gəldikdə, əksər hallarda "andlar" arxa plana keçir.
Deputat diqqətə çatdırıb ki, bu gün bir sıra beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası və Avropa İttifaqı özlərini dünyada insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərirlər. Görəsən, bu qurumlar otuz ilə yaxın bir dövrdə bir milyondan artıq azərbaycanlının hüquqlarının kobud şəkildə pozulmasını görmürdülərmi? Axı, hər dəfə bu qurumların nümayəndələri ölkəmizə gələndə öz doğma ata-baba ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərlə görüşür, onların yaşayış tərzləri ilə yaxından tanış olurdular.

 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Qərbin bəzi ölkələrini ciddi şəkildə narahat edib. 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA heç vaxt işğalçı dövlət olan Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Amma indi - təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəmizdən, xüsusilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə nəticələnmiş 2023-cü ilin 19 sentyabrında Qarabağda birgünlük lokal antiterror tədbirlərindən sonra xalqımız və dövlətimiz AŞPA və digər Avropa strukturları tərəfindən təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzə qalıb. Erməni lobbisinin əlində alət olan AŞPA-nın üzdəniraq deputatları ölkəmizi qaralamaq üçün heç bir fürsəti əldən vermir, həyasızcasına Azərbaycanı Qarabağın erməni əhalisinin “etnik təmizləməsində” və onların buradan zor gücünə qovulmasında ittiham edirlər. Halbuki ermənilər Qarabağı könüllü surətdə tərk edən zaman bölgədə olmuş dünyanın ən böyük və nüfuzlu beynəlxalq təşkilatı olan BMT-nin müşahidə missiyası onların ərazisini öz istəkləri ilə, heç bir zorakılıq halları olmadan köçmələrini bəyan etmişdi.

K.Bayramov əlavə edib ki,  sərgilənən ikiüzlü siyasətin fonunda kölgədə qalan Avropa ədaləti  saxta diplomatiyasının üzərindəki pərdəni gizlədə bilmir. Azərbaycan nümayəndə heyəti AŞPA-nın zalında bəyanat verib Assambleyada fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmasını bildirdikdən sonra ölkəmizin təmsilçiliyinin məhdudlaşdırılması barədə bu qurumun qəbul etdiyi qətnamə uğursuz addımlardan biridir. Bu səmərəsiz beynəlxalq təşkilatdakılar unutmamalıdırlar ki, Azərbaycana qarşı nümayiş etdirilən ikili standart siyasəti faydasızdır və Bakı milli maraqlarına, nüfuzuna kölgə sala biləcək istənilən addıma imkan verməyəcək.