31 yanvar 2024 00:57
328

Gənclər ölkənin həm bu günü, həm də sabahıdır

Ulu Öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-mədəni və digər sahələrində fəal çalışırlar. Azərbaycan dövləti gənclərə hər zaman diqqət və qayğı göstərir. Bu diqqəti simvolizə edən 2 fevral- Azərbaycan Gəncləri Günü xüsusi təntənə ilə qeyd olunur. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Bu gün artıq Azərbaycan gəncliyi yerli, mərkəzi icra hakimiyyəti, təhlükəsizlik institutlarında, diplomatik korpuslarda, xaricdə fəaliyyət göstərən transmilli şirkətlərdə fəaliyyət göstərir. Artıq gənclərdə könüllülük institutu formalaşmağa başlamışdır. Bu da mühüm əlamətdir. Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər dövlətimizin, müvafiq nazirliklərimizin əməyi ilə yanaşı, könüllülük qrupunun dəstəyi ilə də ərsəyə gəlir. Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə Prezident İlham Əliyev bildirdi ki, gənclər  cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar: "Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində mən görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu, çox önəmlidir. Gənclər gərək milli ruhda tərbiyə alsınlar."

"Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir» deyən  Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirib. 2007-ci ilin "Gənclər ili" elan edilməsi də gənclərə dövlət qayğısının ən böyük təcəssümü idi.

Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də elm və təhsillə bağlıdır. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara tam cavab verən məktəblər tikilib istifadəyə verilib, orta və ali təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Hər il ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə göstərən tələbələr Prezident təqaüdü ilə mükafatlandırılır. Ölkə başçısının Fərmanı ilə təsdiqlənən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" gənclərin xaricdə təhsili üçün geniş imkanlar açdı. Bu da Azərbaycanda intellekt kapitalının inkişafına xidmətin ən mühüm amillərindəndir. Elmi müəssisələrin, məktəblərin kompüterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar Azərbaycanda insan kapitalının inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Gənclər təşkilatlarının fəaliyyətinə verilən dövlət dəstəyi özünün yeni mərhələsinə qədəm qoyub. Ölkəmizdə gənclər təşkilatlarına, ictimai birliklərin fəaliyyətinə yaradılmış əlverişli mühit müxtəlif layihələri həyata keçirməyə təkan verir. Respublikanın 55 şəhər və rayonunda fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Prezident İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən, şəhər və rayonlarda yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb.

Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" da dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi 2015-2025-ci illərdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Məhz bu hədəfin reallaşdırılması məqsədilə son illər görülən işlər öz müsbət nəticələrini verir.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 9-dək davam edən Vətən müharibəsi oldu. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi.  Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Həmrəylik, milli birlik, vahid amal uğrunda mübarizədən güc alan Azərbaycan gəncləri döyüş meydanında Ermənistanın «güclü, məğlubedilməz» ordu mifini birdəfəlik darmadağın etdi. İşğalçı düşmənə qalib gəlmək arzusu ilə yaşayan gənclər Vətənə sadiq olduqlarını təsdiq etdilər.

“Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir.” - Ulu Öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.

Şəmsiyyə Əliqızı, “İki sahil”