30 yanvar 2024 00:11
297

Müxalifətin AŞPA “anası”

Bəlkə də bu ifadə yerinə düşmür, amma Azərbaycanın radikal müxalifətinin funksionerləri özlərini bu "ərköyün ana"nın ovladları kimi aparırlar, yəni böyüyün sözündən çıxmırlar. Keçən müddətdə AŞPA "ana" nə əmr verdisə sözəbaxan uşaqlar kimi ona əməl etməyə çalışdılar. Heç bir regional münaqişənin, o cümlədən Qarabağda, Abxaziyada və Cənubi Osetiyada (Gürcüstan) və hətta Ukraynada davam edən müharibənin dayandırılmasına konstruktiv təsir göstərə bilməyən yarıtmaz və üstəlik ədalətsizliyə uğramış AŞPA-nı tərk etməyimizi faciəyə çevirən şəxslər var. Bunlar həmin şəxslərdir ki, İkinci Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmizə kölgə salmağı, onun nəticələrini kiçiltməyi özləri üçün iş-peşə seçmişdilər. Bunun sifarişi də bizi gözü götürməyən bəzi beynəlxaq təşkilatlardan gəlmişdi. Bu sırada sözügedən Avropa Şurası Parlament Assambleyası da vardı. Qələbəmizi qurtdalayıb nəsə tapmağa çalışanlar da elə AŞPA-nın "uşaq"larıdır.

Bədxahlarımızın barmaq işarəsi  ilə oturub-duran həmin üzdəniraqlar indi də guya Vətən təəssübü çəkərək AŞPA-nı tərk etməyimizi əllərində bayraq edib gələcəkdə bunun bizə gətirə biləcəyi təhlükələr barədə qorxulu nağıllar uydururlar. Qrant şəklində Amerikadan, Avropadan göndərilən külli miqdarda pulları alaraq ölkədə baş verən prosesləri  onlara tapşırılan formada təhrif və təqdim edərək insanlarda çaşqınlıq yaradan bu şəxslər indi tapşırıq üzrə AŞPA-nın ermənipərəst hərəkətlərinə, çirkin planlarına haqq qazandırır, zərərli əks təbliğat aparırlar.

Böhtançı dəstəsinin sıralarında Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, "Toplum TV"nin baş redaktoru Xədicə İsmayıl və başqaları var. Onlar iddia edirlər ki, ölkəmizin AŞPA-nı tərk etməsinin nəticələri yaxşı olmayacaq. Məsələn, Əli Kərimli düşünür ki, biz Avropadan uzaqlaşdıqca Ermənistanın dostları artacaq. Guya anti-Avropa siyasəti iqtisadi vəziyyəti pisləşdirəcək, maddi yardım məhdudlaşacaq, Avropaya gedən Azərbaycan vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq ediləcək. Göründüyü kimi, bu illüziyaların heç birində ölkəmizə ciddi təsir edəcək fakt yoxdur. Avropa Şurası bizə nə vaxt iqtisadi yardım və siyasi dəstək göstərmişdi ki, indi də onu kəsə? Üstəlik, Avropanın Azərbaycan qazına ciddi ehtiyacı var, yəni bu məsələdə bizdən asılılığı var.

Məsələ burasındadır ki,  anti-milli ünsürlər sadəcə pullu ağalarından aldıqları tapşırıqları yerinə yetirməyə çalışırlar. Onlar üçün puldan başqa önəmli heç nə yoxdur. Xədicə İsmayılın baş redaktoru olduğu "Toplum TV"nin "youtube"dən əldə olunan qəpik-quruşla idarə olunduğunu düşünmək sadəlövhlük olardı. Məsələn, "Toplum TV"nin internet saytında ən çox oxudulan hər beş-altı məqalədən üçü bilavasitə Avropa Şurasının Azərbaycana qarşı istifadə etdiyi qərəzli bəhanələrə informasiya dəstəyidir. Bu dəstəyin son dərəcə sistemli, ardıcıl və düşünülmüş olması saytın videolar bölməsində aydın görünür. 

Əvvəllər Xocalıda və Xankəndidə Azərbaycan Bayrağının dalğalanmamasını bəhanə etdiklərinə görə indi pərt olmuş bu şəxslər mənasız quruma çevrilən, daim Azərbaycanın milli və dövlət mənafelərinin əleyhinə qərəzli qərarlar çıxaran erməni AŞPA-sını müdafiə edirlər.

Azərbaycanın AŞPA-nı seçkilərə dəvət etmək kimi öhdəliyi yoxdur. Əsas vəzifələrindən biri prezident seçkilərini izləmək olan ATƏT-in  Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycandakı seçkiləri müşahidə edəcək. İkincisi, Azərbaycanın "yerinə yetirmədiyi" öhdəliklər dedikdə yəqin ki,  "LGBT hüquqlarının qorunması" nəzərdə tutulur. Tələb də budur ki, Azərbaycanın orta məktəblərində LGBT mövzusu tədris edilməlidir və s.  Bu "dəyərlər" isə Azərbaycan öz milli mentaliteti və əxlaqi dəyərlərinə tamamilə ziddir. Məhz bu səbəbdən Azərbaycan İstanbul Konvensiyasına qoşulmayıb. Qoy o "dərs"ləri yuxarıdakı şəxslərin özlərinə keçsinlər. Üçüncüsü isə Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini dayandırması ölkəmizin inkişaf etmiş dövlətlərlə, Qərblə işbirliyinə mənfi təsir etməyəcək, əksinə, daha da fəallaşdıracaq. Məgər fransız xoruzu yox idi səhər açılmırdı? Azərbaycanın kifayət qədər dostları, müttəfiqləri, əməkdaşlıq etdiyi ölkələr var. Onlarla iqtisadi əlaqələri möhkəmdir, iri beynəlxalq layihələrdə əməkdaşlıq edir ki, bu da inkişafımız üçün yetərlidir. Ortalıqlarda quyruq bulayanlar özlərinə başqa iş-peşə tapsınlar, Kərbəlayi İsmayıl demişkən, qanmadıqları sözü danışmasınlar.

Vəli İlyasov, "İki sahil"