01 mart 2018 23:15
1662

Mütərəqqi islahatlar, gerçəkləşən hədəflər

Dövlətimizin başçısı İlham Əliyev  ölkəmizdə aparılan təkmil islahatlardan və onların uğurlarından geniş bəhs edərək bildirir ki, Azərbaycan iqtisadiyyatı artıq sabitləşmə dövrünə qədəm qoyub. Son 14 ildə “iqtisadi artım qeyri-neft sektorunun hesabına olmadıdır” tezisinə uyğun olaraq görülən işlər öz müsbət nəticəsini verir.  Ötən ilin, eyni zamanda, cari ilin yanvar ayının  iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. 2017-ci ildə qeyri-neft sektoru 2,7, sənayedə qeyri-neft sektorunun artımı 3,7, kənd təsərrüfatı 4,1, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artıb. Bu ilin yanvar ayında  ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. İnflyasiya birinci ayda 5,5 faizdir. Əhalinin pul gəlirləri 11 faizdən çoxdur. Valyuta ehtiyatlarımız 2 milyard dollar artıb, hazırda bu rəqəm 44 milyard dollardır.  “İlin əvvəlidir” əvvəlidir söyləyən ölkə Prezidenti bu əminliyi ifadə edir ki, 2018-ci il sürətli inkişaf ili olacaq və ondan sonrakı bütün illərə çox güclü təkan verəcək. Kənd təsərrüfatında, sənaye sahəsində  həyata keçirilən layihələr tezliklə, bir-iki il ərzində öz bəhrəsini verəcək.

Azərbaycanın təkmil islahatlarını daim açıqladıqları hesabatlarda yüksək dəyərləndirən beynəlxalq maliyyə qurumları  bu reallığı etiraf edirlər ki, Azərbaycan öz lider mövqeyini daim qorumağa səy göstərib.  Dünya Bakının hesabatlarında ölkəmizin adı daim ən islahatçı ölkələr sırasındadır. Təkmil islahatlara gedən yol çox sadədir. Bu baxımdan ki, davamlı inkişafın əsasında  yeni ideyalar dayanır. Bu ideyaların həyata keçirilməsində isə əsas vasitə yeni texnologiyalardır. Yeni texnologiyaların öyrənilməsi isə yüksəkixtisaslı kadrların yetişdirilməsini və idarəçilik sistemində fəal iştiraklarını bir tələb kimi ortaya qoyur. Azərbaycan dövlətinin siyasətində  bu amilə xüsusi önəm verildiyindən islahatların zamanın tələbinə uyğunlaşdırılması bugünkü inkişafa zəmin yaradıb. İdarəçilik sistemində təkmilləşmə qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Azərbaycanın ev sahibliyi etdiyi  yeni iqtisadi və sosial çağırışların müzakirəsi ilə bağlı tədbirlərdə bu fikir xüsusi qeyd olunur ki, yoxsul ölkə yox, yaxşı idarə olunmayan ölkələr var. Azərbaycanın idarəçilik sistemi təqdir olunur. 2016-cı ilin sentyabrında keçirilən ümumxalq səsverməsinə çıxarılan əlavə və dəyişikliklərin bir qismi də idarəçilik sisteminin təkmilləşdirilmə xidmət edir. Prezidentlik müddətinin 5 ildən 7 ilə  artırılması, vitse-prezidentlik institutunun yaradılması, gənclərin idarəçilikdə fəal iştirakını təmin etmək məqsədilə yaş məhdudiyyətlərinin aradan götürülməsi və s kimi əlavə və dəyişikliklər dövlətimizin siyasətində təkmilləşmənin əsas yer tutduğunu bir daha təsdiqləyir. Dövlətimizin  başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında daim dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə  böyük ehtiyacın olduğunu bildirir: “Hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir.”

Bu kimi təkmilləşmələr, eyni zamanda, qeyri-neft sektolrunun inkişafına geniş yol açır. Özünüməşğulluğun təminatı prioritet məsələlərdəndir.  “ABAD” mərkəzlərin yaradılması, ailə biznesinə asan dəstəyin göstərilməsi də bu məqsəddən irəli gəlir.  Dövlətimizin başçısının bu fikirlərini də xatırlatmaq istərdik:  “Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy, hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq. Burada artıq deyildi ki, biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun. Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax, budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!” Ölkə Prezidentinin vurğuladığı kimi,  biznesin sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi şəraitində əldə olunan uğurlar və təcrübə  beynəlxalq səviyyədə də  qiymətləndirilir,  öyrənilir və tətbiq olunur.   Lazımsiz yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti  orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının bəzi hallarda  sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə hər zaman çıxışlarında diqqət yönəldən cənab İlham Əliyev qeyd olunan istiqamətlərdə atdığı addımları ilə sahibkarlığın inkişafına yaradılan imkanları daha da genişləndirdi.

Əvvəldə də qeyd etdiyimiz kimi, beynəlxalq maliyə qurumları ölkəmizdə həyata keçirilən təkmil imlahatları yüksçk dəyərləndirirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə 2017-ci ildə iki pillə irəliləyərək, dünya miqyasında 35-ci yerdə qərarlaşdı.  Ölkəmiz  uzun illərdir ki, MDB məkanında liderlik mövqeyini  qoruyur və möhkəmləndirir. Son 14 ildə ölkə iqtisadiyyatın 231 milyard dollar investisiya qoyulub.  Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bu rəqəm ölkəmizdə mövcud olan sabitliyin təzahürüdür: “Çünki indiki dünyada mövcud olan maliyyə və iqtisadi vəziyyətdə xarici ölkələrə vəsait qoymaq bir çox investorlar tərəfindən o qədər də məqbul sayılmır. Ancaq sabit olan ölkələrə və gözəl gələcəyi olan ölkələrə xaricdən investisiyalar qoyulur.”

Bu uğurlara yol açan təbii ki, qəbul edilmiş qərarlar, qanunlar,  imzalanan fərman və sərəncamlar, onların uğurlu icrasıdır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində  görülən tədbirlər davamlılığı ilə diqqət çəkir.  Qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, həm iqtisadi, həm də sosial inkişafa müsbət təsir göstərir. Qeyd olunduğu kimi, Azərbaycan ötən il investisiyacəlbediciliyini  qoruyub. Ölkəmizdə yaradılan  gözəl sərmayə iqlimi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımlar bu uğurumuza böyük əsas yaradır. Bir əsas məqamı da nəzərə alaq ki, modernləşmə, yeniləşmə, təkmilləşmə  dövlət siyasətinin əsasında dayanır. Cənab İlham Əliyev hər bir çıxışında  bu məqamı bəyan edir ki,  gələcək nəsillərin inkişaf və rifah içində yaşaması  bugünkü çağırışlara düzgün cavabların tapılmasından  çox asılıdır. Azərbaycan hər çağırışı yüksək səviyyədə cavablandırır. Cənab  İlham Əliyev  təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin təmin edilməsinin davamlı inkişafda əsas amil olduğunu da hər çıxışında bildirir. Ötən ilin mühüm tədbirlərindən olan  Azərbaycanın gənc alimlərinin birinci qurultayının iştirakçılarına dövlətimizin başçısı İlham Əliyevin ünvanladığı təbrikdə bir daha bildirilmişdir ki, dinamik yüksəlişimiz xalqımızın elmi potensialından yaradıcılıqla və səmərəli istifadənin nəticəsidir. Qloballaşmanın böyük vüsət aldığı müasir dövrdə  elmin əhəmiyyətinin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi çevik innovasiya fəallığı və yeni yanaşmalar tələb edir. Yeni texnologiyaların tətbiqi davamlı inkişafı təmin edən  əsas amillərdəndir. 

Regional inkişaf proqramlarının uğurlu icrası da hədəflərə böyük yol açır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ötən il bölgələrə 30 səfəri olub. Hər səfər yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. Fevralın 27-də dövlətimizin başçısı İlham Əliyevin Mingəçevirə səfəri də bir sıra obyektlərin açılışı və təməlqoyma mərasiminin keçirilməsi ilə  müşayiət olunub. Ölkə Prezidenti bütün vədlərin  yerinə yetirildiyini əsaslı şəkildə diqqətə çatdırmışdır. Özəl sektorun həm dövlətin güzəştli  şərtlərlə verilmiş kreditlərindən, eyni zamanda öz vəsaitlərindən yararlandığını qeyd edən cənab İlham Əliyev bildirmişdir: “Azərbaycanda son illər  ərzində  yaradılan sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları bu məqsədi güdür.  Mən əvvəlki illərdə də demişəm ki, Mingəçevir  ölkəmizin güclü  sənaye mərkəzlərindən birinə çevrilməlidir və biz bunu artıq görürük.” Yeni istifadəyə verilən sosial obyektlər  öz növbəsində yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həlli deməkdir. Ötən il  221 min yeni iş yeri açılıb ki,  onların 177 mini daimi iş yeridir. Cənab İlham Əliyev bildirmişdir: “Bu, çox böyük göstəricidir. Hesab edirəm ki, son illər ərzində açılan iş yerlərinin sayına görə bu, rekord göstəricidir.” Ötən ilin  yekunlarına görə Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Bu da dünya miqyasında ən yaxşı nəticələrdən biridir.

İnfrastruktur layihələrinin uğurlu icrası, beynəlxalq standartlara uyğunlaşdırılması günümüzün əsas tələblərindən olan sahibkarlığın inkişafına geniş imkanlar açır. Elektrik təchizatı yaxşılaşdırılmış, bir çox bölgələrdə yeni yarımstansiyalar işə düşmüşdür. Bölgələrdə sürətli qazlaşdırma işləri aparılır. Bu kimi uğurlu addımlar, təkmilləşmə hərtərəfli inkişafı daha da sürətləndirir.  Yuxarıda da qeyd etdiyimiz kimi, şəffaflığın təminatı davamlı inkişafa geniş yol açır. Korrupsiyaya qarşı mübarizə dövlət siyasətimizin əsasında dayanır.   Bu reallıq cənab İlham Əliyevin çıxışlarında hər zaman xüsusi yer alır ki,  korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə “ASAN xidmət”” bir dönüş yaratdı. Bu günə qədər “ASAN xidmət” mərkəzlərinə 20 milyona yaxın müraciət daxil olub. “ASAN xidmət” ictimai xidmət sahəsində çox ciddi dönüş yaratmışdır. Dövlətimizin başçısı İlham Əliyevin  23 sentyabr 2016-cı il tarixili “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” Fərmanı da  bu şəffaflığın təminatı,   kiçik və orta sahibkarlığın inkişafı istiqamətində  atılan  mühüm addımlar sırasındandır. “ABAD” mərkəzlərin yaradılması ailə biznesinə böyük dəstəkdir.

Ölkə Prezidenti  İlham Əliyev  uğurlarımıza söykənərək qarşıda duran vəzifələri də açıqlayır. Azərbaycanın hərtərəfli inkişafını təmin etmək, əhalinin sosial müdafiəsini gücləndirmək hər zaman olduğu kimi, bu gün də prioritetdir. Hər bir hədəf  təkmil islahatların davamlılığını bir tələb kimi qarşıya qoyur. Görüləcək işlərin  kifayət qədər böyük olduğunu qeyd edən  cənab İlham Əliyev  bu əminliyi ifadə edir ki,  onların həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı dinamikasını daha da sürətləndirəcək, Azərbaycan iqtisadi artımı ilə dünyanın diqqətində olacaq.

Yeganə Əliyeva, “İki sahil”