27 yanvar 2024 15:37
306

Beynəlxalq riyakarlığın təzahürü

Məlum olduğu kimi, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib. Bu qərar AŞPA-da Azərbaycan nümayəndə heyəti üzvlərinin etimadnamələrinin qəbul edilməməsi barədə avropalı deputatların çağırışlarından sonra verilib.
Qətnamənin qəbul edilməsindən bir neçə saat əvvəl Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığı və təşkilatda iştirakını "qeyri-müəyyən müddətə dayandırmaq" qərarına gəldiyini açıqlayıb.

Avropa Şurasının Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərarı da Avropanın səmərəsiz cəhdlərinin tərkib hissəsidir. Dünya gücləri, onların əlində oyuncağa çevrilən Avropa Şurası kimi qurumlar Azərbaycana qarşı atdıqları  addımların heç birinin əsası olmadığını, yalnız qərəz xarakteri daşıdığını çox yaxşı bilirlər.  Azərbaycan mühüm siyasi kampaniya - 7 fevral növbədənkənar prezident seçkiləri ərəfəsindədir. Azərbaycanın uğurlarını, xüsusilə ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsini həzm edə bilməyən dairələrin ölkəmizi gözdən salmaq, demokratik imicinə zərbə vurmaq üçün göstərdikləri cəhdlər diqqətdən kənarda qalmır. 

Azərbaycana hansı sahədən diqqət yetirsələr ölkəmizin davamlı  uğurlarını görürlər. Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul edilməsini şərtləndirən əsas amillərdən biri demokratik inkişafdır. Hər zaman sabitlik məkanı kimi nüfuz qazanıb. Ölkəmizdə demokratik cəmiyyətin varlığını təsdiqləyən bütün amillər mövcuddur. İnsan hüquqları yüksək səviyyədə qorunur və yeni müdafiə mexanizmləri müəyyənləşdirilir, mətbuat azadlığı təmin olunub, çoxpartiyalı sistem yaradılıb, seçkilərin demokratik, azad, beynəlxalq standartlara uyğun keçirilməsi üçün biri-birindən mühüm addımlar atılır. Cənab İlham Əliyev hər zaman belə bir çağırışı diqqətə çatdırır ki, demokratikləşmə Azərbaycanın hərtərəfli inkişafının əsasıdır. Bu müqayisəli təhlil də aparılır ki, elə ölkələr var  iqtisadi inkişafı yüksək səviyyədədir, amma demokratik inkişafdan danışmaq mümkün deyil. Elə ölkələr də var ki əksinə, demokratik inkişafı ilə diqqətdədir, iqtisadi tərəqqi aşağı səviyyədədir. Azərbaycanda isə vəziyyət tamamilə fərqlidir. İqtisadi və siyasi islahatların vəhdətliyi ölkəmizin  hərtərəfli inkişafında əsas amildir. Azərbaycan inkişafın təkmil modelini dünyaya təqdim etməklə daim diqqəti özünə yönəldir. Bu, ölkəmizin  yürütdüyü siyasətin məqsədyönlülüyünə əminliyindən irəli gəlir. Bu kontekstdən yanaşdıqda AŞPA kimi qərəzi fəaliyyətlərinin əsasına çevirən qurumlar öncə özlərinin həyata keçirdikləri siyasətin hansı prinsiplərə söykəndiyinə diqqət yetirsələr daha yaxşı olar.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin bəyanatında bildirildiyi kimi, ölkəmizə qarşı oynanılan çirkin oyun seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımdır. Ancaq AŞPA-dakılar unutmamalıdırlar ki, nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək. Azərbaycan 44 günlük müharibə və lokal xarakterli antiterror tədbirləri ilə Ermənistana və onun havadarlarına dərs verdiyi kimi, AŞPA-dakı nümayəndə heyətimizin bəyanatındakı bu fikirlər də dərsdir.

Cavid Əliyev,
Bakı şəhəri, 86 №-li tam orta məktəbin direktoru,
YAP Xətai rayon təşkilatının üzvü