27 yanvar 2024 10:31
144

İkili standartlar siyasəti ifşa olunur

2020-ci il sentyabrın 27-də başlayıb noyabrın 9-da başa çatan 44 günlük müharibə çox sirləri açdı. Bəlkə də çoxları II Qarabağ müharibəsinin belə sonluğunu gözləmirdi. Necə deyərlər: xoş günümüzə dost sevinər, düşmən xar olar. Zəfərimiz üzümüzə gülüb arxada bizə quyu qazanların maskasını yırtdı. Əslində bu bizə kimin dost, kimin düşmən olduğunu göstərdi. Dünyanın bəzi “ermənipərəst” dövlətlərinin Azərbaycanın qələbəsi ilə hələ də barışa bilmədiyi bir vaxtda 2023-cü ilin sentyabrında dövlətimizin həyata keçirdiyi birgünlük antiterror əməliyyatı suverenliyimizi tam olaraq bərpa etdi. Bu özünü bizə «dost» kimi göstərənlərin səbir kasasını daşdırdı. O gündən bu günə qədər də dövlətimizə, xalqımıza olmazın böhtanlar atmaqda yarışırlar. Qarayaxma kampaniyasının “lideri” əvvəllər «yazıq Ermənistanın vəkili» ,özünü demokratik dövlət hesab edən Fransa idi. Sonradan «demokratiyanın beşiyi» sayılan fövqəldövlət ABŞ da okeanın o tayından Azərbaycana əl uzatdı. Ona görə keçmiş zamanda işlədirəm ki, son günlərdə bu kampaniyada Avropa Şurası həmin ölkələri geridə qoymuşdur. AŞPA-nın iclaslarında Azərbaycana qarşı əsl rəqabət gedir. Almaniya, İrlandiya, hətta Lüksemburq kimi dövlətlərin nümayəndələri dil boğaza qoymadan dövlətimizə qarşı qərəzli mövqelərini açıq-aşkar bildirirlər. İş o yerə çatmışdır ki, yanvarın 22-də AŞPA- nın iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiq etməmək və onun fəaliyyətini 1 il müddətinə məhdudlaşdırmaq qərara alınmışdır. AŞPA-nın 624 üzvündən cəmi 76-sı bizi müdafiə etmişdir. Onlar da ağa qara deməyi bacarmayan qardaş Türkiyənin, elə Avropanın özünün müharibəyə sürüklədiyi dost Ukrayna və başqalarıdır. Digər nümayəndələr səs çoxlu ilə bu qərarın qəbul olunmasını təmin etmişlər. . Guya Azərbaycan Avropa Şurası qarşısındakı öhdəliklərini yerinə yetirmir, ölkə həbsxanaları siyasi məhbuslarla doludur. Görəsən Avropa Şurası Avropanın düz mərkəzindəki “demokratik ölkə» olan Fransanın Afrikadakı müstəmləkələrində törətdiklərini nə tez yaddan çıxarmışdır? Tutaq ki , o bir az uzaq keçmişə aiddir.

Bəs 2023-cü ilin sonlarında Fransa hökumətinin əhalinin sosial vəziyyətinə zərbə vuran qərarlarına etiraz edənlərə təzyiqini nə ilə izàh etmək olar? Belə görünür ki, AŞPA bəzi qruplaşmaların əlində sadəcə bir oyuncağa çevrilməkdədir. Unutmaq olmaz ki, Azərbaycan sərhədləri artıq XX əsrin sonlarında olduğu kimi, nimdaş geyimli, SSRİ-nin köhnə silahları ilə döyüşən ordu tərəfindən müdafiə olunmur. Zaman o zaman, dövran o dövran deyil. Çoxları bunu həzm edə bilməsə də, Azərbaycan indi ayaqları üstündə möhkəm dayanan, öz haqqını müdafiə edə bilən bir dövlətdir. Doğma Qarabağı işğaldan azad etmək uğrunda mübarizədə, o torpaqların yenidən çiçəklənməsi, dirçəlməsi yolunda əldə etdiyimiz uğurlar, o yerlərə əsil sahiblərinin geri qayıtması bədxahlarımızın bizə olan nifrətini bir az da artırır. Deyəsən, Avropa elə onun öz telekanallarına, mətbuat orqanlarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi müsahibələri, təxribatçı suallara tutarlı cavabları unudublar. Amma nahaq! Çox nahaq! Qarşı tərəfin riyakarlığından fərqli olaraq, Azərbaycan alnıaçıq üzüağ , irəliyə doğru daha inamla gedir.

Təranə Cəfərova,
Xətai rayonu, 64 nömrəli məktəb tarix müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü