27 yanvar 2024 10:38
261

İkili standartlar siyasəti

Avropa Şurası Parlament Assambleyası 1949-cu ilin 10 avqust tarixində yaradılmışdır. Təşkilatın  fuksiyası Avropa Şurasının parlament qolunu yerinə yetirməkdir.  Sənədlərə görə, AŞPA insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini müdafiə etməlidir.

Avropa Şurasına  46 dövlət üzvdür və üzv dövlətlərin milli parlamentlərini təmsil edən 306 deputat Assambleyanı təşkil edirlər. Nazirlər Komitəsi ilə birlikdə AŞ-nın iki qanuni orqanından biri AŞPA-dır. AŞPA AŞ ilə birlikdə Aİ-nin (Avropa İqtisadiyyatı) büdcəsini təsbit edir. Eyni zamanda, Aİ adına xarici müqavilələr imzalayır.

AŞPA bütün bu işləri beynəlxalq hüquq çərçivəsində, ədalətli və qərəzsiz görməlidir. Deməli, onun başlıca funksiyası, yəni “nə etməli?” sualına cavabı vurğulanan prinsiplər əsasında fəaliyyət göstərmək olmalıdır. Bəs reallıq necədir?

 Xüsusilə, Azərbaycana münasibət məsələsində AŞPA hüquqa ədalətə, tərəfsizliyə, qanuna və obyektivliyə əməl edirmi?

AŞPA-nın Avropadan olan bir sıra deputatları açıq şəkildə kənar sifarişləri yerinə yetirirlər və ikili standarta görə davranırlar. Elə situasiyalar olur ki, AŞPA çox sadə şəkildə yalan və qərəz nümayiş etdirir. Bunun Azərbaycana münasibətlə bağlı kifayət qədər nümunələri var.

Bundan başqa, diqqəti çəkən məqamlardan biri, Aİ-də liderlik uğrunda rəqib olan Fransa və Almaniyanın AŞPA-da ədalətsiz davranış müstəvisində birləşmələridir. Əslində, pərdəarxası mənzərəyə nəzər salanda burada qeyriadi və gözlənilməz heç nə yoxdur. Öncə, AŞPA-nın Azərbaycanla bağlı son müzakirəsinə mediadakı ənənəvi yanaşmalardan bir qədər fərqli bucaq altında baxaq.

2005-ci il yanvarın 25-də AŞPA Azərbaycanın işğal olunmuş ərazisindəki situasiya ilə əlaqəli sənəd qəbul etmişdir. Sənəd belə adlanır: “Həlli ilə ATƏT-in Minsk Qrupunun məşğul olduğu Dağlıq Qarabağ regionundakı  münaqişə haqqında”.  Sənədi AŞPA-nın siyasi məsələlər üzrə komissiyası hazırlamışdır. Orada qeyd olunurdu ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaqla tanınmışdır. Qətnamədə göstərilir ki, erməni silahlı qüvvələri Dağlıq Qarabağı işğal etmişlər və separatçılar oraya nəzarət edirlər. Bölgədə etnik təmizlənmə aparılmış və monoetnik mühit yaranmışdır (yəni ancaq ermənilərdən ibarət icma qalmışdır). Zor tətbiq etməklə heç bir dövlətin ərazisi ondan alına bilməz. Etnik təmizləmə qəbul edilməzdir. Nəhayət, sənəddə vurğulanırdı ki, vəziyyətdən çıxış yolu BMT-nin məlum 4 Qətnaməsinə əməl etməkdədir. Və işğal olunmuş bütün ərazilərdən silahlı qüvvələr çıxarılmalıdır.

Azərbaycan Respublikasının Parlamenti bu sənədə reaksiya vermişdir. 2005-ci il iyunun 17-də Milli Məclis AŞPA-ya Müraciət qəbul etmişdir. Həmin Müraciətdə deyilir: “Azərbaycan Respublikasının Milli Məclisi tələb edir ki, qondarma “Dağlıq Qarabağ respublikasının parlamenti”nə “seçkilər” keçirilməsi qətiyyətlə pislənilsin, Avropa Şurasına daxil olan ölkələrin rəsmi nümayəndələrinin bu “seçkilər”də müşahidəçi qismində iştirakı Avropa Şurasının prinsiplərinə zidd olduğundan, yolverilməz hesab edilsin. Azərbaycan Respublikasının parlamenti Avropa Şurasının Parlament Assambleyasını Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması prosesinə kömək etmək üçün səylərini artırmağa çağırır”.

Azərbaycan tərəfinin qəbul etdiyi sənəddə hüquqi və siyasi baxımdan prinsipial əhəmiyyət kəsb edən məqamlar vardır. Birincisi, Milli Məclis AŞPA-nın “Dağlıq Qrabağ regionu” kimi süni ifadəsinə bilərəkdən reaksiya vermir. Çünki öncə bütövlükdə münaqişəni Azərbaycanın ərazi bütövlüyünün bərpası kontekstində həll etmək lazım idi ki, sonra həmin o qondarma region məsələsinə avtomatik baxılacaqdı. Yəni, rəsmi Bakı AŞPA-nın özünün qəbul etdiyi beynəlxalq hüquq normalarını pozmasını sülh naminə arxa plana atmışdır.

İkincisi, diqqət edək, Azərbaycan tərəfi AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatları xəbərdar edir: qanunsuz və qondarma bir terrorçu, separatçı “rejimin” “seçki şousu”nu dolayısı ilə real seçki kimi təqdim etməyə çalışmayın! Bu, AŞPA da daxil olmaqla bütövlükdə AŞ-nın prinsiplərinə ziddir. Və həmin ziddiyyət bumeranq kimi Avropanın özünə qayıda bilər. Lakin faktdır ki, AŞ-na üzv olan bir sıra dövlətlərin nümayəndələri erməni terrorçu, işğalçı və separatçıların “seçki şousunu” müşahidə etmişlər! Bu, uydurma deyil, faktdır!

 Azərbaycan tərəfi münaqişənin sülh və danışıqlar yolu ilə həllinə sadiqliyini bir daha təsbit və təsdiq edir! Yəni, bu qədər haqsızlıq, hüquqsuzluq, ədalətsizlik olduğunu çox gözəl bildiyinə baxmayaraq, Azərbaycan Respublikası dövləti yenə də məsələni danışıqlarla həll etməyə üstünlük verir. Azərbaycan Respublikasının bu humanistliyinə, beynəlxalq hüquqa və ədalətə sadiqliyinə AŞPA necə reaksiya vermişdir? Həmin hərəkəti necə qiymətləndirmişdir? Prosesin gedişinə baxsaq, görərik ki, tam laqeydlik, etinasızlıq və saymazlıq.

2020-ci ilin payızına qədər AŞPA da daxil olmaqla, beynəlxalq təşkilatların münaqişə ilə bağlı davranışları bu qənaətə gəlməyə tam əsas verir. Azərbaycan isə səbrlə öz saatını gözləyirdi. Bu siyasi cəfəngiyyatı aradan qaldırmaq üçün imkanlarını səfərbər edirdi. 2020-ci il sentyabrın 27-də AŞPA ilə yanaşı, Qərb təşkiatlarının başına “qaynar su töküldü”. Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünün bərpası əməliyyatına başladı.

Həmin dövrə qədər AŞPA azərbaycanlıların öz yurdlarına qayıtmaları üçün hansı konkret əməli addımı atmışdı? Heç bir addım atmamışdı! Neçə dəfə Ermənistanı xəbərdar edib, onu təşkilatdan qovacağını bəyan etmişdir? Heç bir dəfə! Harada və hansı məzmunda Ermənistan rəhbərliyindən qətiyyətlə və açıq surətdə işğalçı qüvvələrini Azərbaycan ərazisindən çıxarmaq tələbini qoymuşdur?

AŞPA Xocalıda qətlə yetirilənlərin məsələsini ciddi və konkret nəticəli olaraq hansı iclasında müzakirə etmişdir? Və yaxud Qarabağdan qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı bir konkret proqramı mövcud olmuşdurmu? Azərbaycan isə həmin məqamları görmək üçün düz 30 il gözlədi! Səbr etdi və nəhayət, özü məsələni həll etdi.

Demokratiya sözdə deyil, hüquqda və əməldə olur!  AŞPA-nın  qəbul etdiyi 1416-cı Qətnaməni tam “çeynəyərək”, xəbis, ədalətsiz, tərəfkeşli bir qərar qəbul etmişdir. Almaniya sosialdemokratı Frank Şvabenin təklifi və tələbi əsasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiq edilməmişdir. Və məsələ Monitorinq Komissiyasına baxılmasına göndərilmişdir. F.Şvabe isə məhz həmin komissiyanın üzvüdür.

F.Şvabe hansı səbəbləri göstərir? Onlar aşağıdakılardır:

1. “Azərbaycanda “siyasi məhbuslar var”;

2. Qarabağdan “erməni sakinlər zorakılıqla çıxarılıb”;

3. 2023-cü ildə AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri azı 3 dəfə baş tutmayıb”;

 4. Azərbaycan fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməyib”.

Onun bu təklifini AŞPA-nın 30 üzvü dəstəkləyib. F.Şvabe çıxışında deyib ki, bu təklifi verməkdə “tutarlı arqumentlərə” əsaslanır. Həmin “arqumentlər” bizi maraqlandırdı və doğrudan da onlardan F.Şvabe və onun kimi düşünənlərin əsl niyyətləri aydın olur.

F.Şvabe deyir:  Məsələ təkcə siyasi məhbusların sayının dramatik şəkildə artması deyil, təkcə 100 mindən çox insanın (erməniləri nəzərdə tutur) Dağlıq Qarabağdan zorla çıxarılması da deyil. Bizim məruzəçilərin 2023-cü ildə azı üç dəfə Laçın dəhlizinə səyahət edə bilməməsinə və ya siyasi məhbuslara baş çəkə bilməməsinə görə Azərbaycan nümayəndə heyəti birbaşa məsuliyyət daşıyır”.

Və sonra davam edir ki, “7 fevral prezident seçkilərinin müşahidə edilməsinə AŞPA-nın çağrılmaması Avropa Şurasını “zəiflətmək cəhdi”dir”.

Biz burada yazını bitirə bilərdik, lakin Frank (yenə də bu “frənglər”?) Şvabe öz çıxışında bilmədən elə məqamlara işarə vermişdir ki, onları aydınlaşdırmadan AŞPA-nın Azərbaycanla bağlı son qərarının əsl məğzini hörmətli oxucu anlamaqda çətinlik çəkər. Məsələ isə bir qədər dərinliklərə gedir və dövlətləri əhatə edir. Aydın olur ki, burada hüquqdan, ədalətdən və demokratik davranışdan əsərəlamət yoxdur. F.Şvabenin sözləri çoxlu kontekstə və sifarişə bağlıdır.

AŞPA deyilən qurum Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri “etnik təmizləmə” kimi qələmə verərək, yenə anti-Azərbaycan mövqeyindən çıxış edir”.

AŞPA-nın destruktiv mövqedədir, bu qurumu etnik ermənilərin könüllü şəkildə Qarabağdan çıxmaları ilə bağlı həqiqəti təhrif edir: “Halbuki köç prosesi və etnik ermənilərlə sivil davranış bütün dünyanın gözü qarşısında baş verirdi. Amma AŞPA yenə həqiqəti görmək və eşitmək istəmədi”.

Azərbaycan Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qeyri-ciddi və qərəzli təşkilatla əməkdaşlığı davam etdirə bilməz. Bizim üçün vacib olan milli maraqlarımızdır. Azərbaycan müstəqil, suveren, demokratik və multikultural dövlət kimi dünyada nüfuz sahibinə çevrilib. AŞPA ilə əməkdaşlığın dayandırılması və qurumun Azərbaycana qarşı qərəzli ittihamları ölkəmizin imicinə təsir etməyib, bundan sonra da edə bilməz.

Lalə Bağırova,
Xətai rayonu T.Bağırov adına 59 saylı tam orta məktəbin sinif müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü