26 yanvar 2024 23:46
242

AŞPA-ya züy tutan milli satqın və dönüklərin özünüifşa tamaşası

Ucuz pafos, isterika, əsassız iddiaların eyni ifadə tərzi və naşı təhlillər

Heç kimə sirr deyil ki, bəzi beynəlxalq təşkilatlarda, xüsusilə də AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. O da acı gerçəklikdir ki, müəyyən qərəzli və məkrli dairələr bu və bu kimi təşkilatlardan bəzi üzv dövlətləri hədəfə almaq üçün bir platforma kimi istifadə edirlər. O da həqiqətdir ki, bu gün Xankəndidə, Şuaşada dalğalanan Azərbaycan Bayrağından xoflanan AŞPA dəfələrlə Azərbaycana qarşı bu cür qərəzli, qeyri-obyektiv mövqe sərgiləyib. Bu günlərdə bu qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin tanınmaması ilə bağlı qətnaməsi qurumda ikili standartların, ədalətsizliyin və ikiüzlülüyün artıq pik həddinə çatmasını bir daha təsdiq etdi. Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin tanınmaması ilə bağlı qətnamə 76 lehinə, 10 əleyhinə və 4 bitərəf olmaqla qəbul edilib.

Hələ bundan əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edərək təşkilatda fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdığını bildirmişdi. Təbii ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmasıın əsas səbəblərindən biri qırx dörd günlük müharibədən və lokal antirerror tədbirlərindən sonra bu qurumda ölkəmizə qarşı davamlı sərgilənən ədalətsizliyin, əsassız iddiaların, Azərbaycanofobiya və İslamofobiyanın ən yüksək səviyyəyə çatmasıdır.

Sirr deyil ki, Azərbaycan beynəlxalq birliyin rəsmən tanıdığı ərazilərini 30 illik erməni işağlından azad edərək suverenliyini və ərazi bütövlüyünü bərpa etdiyinə, regionda yeni reallıqlar yaratdığına görə Fransa və Almaniya kimi dövlətlərin əlində alətə çevrilən AŞPA tərəfindən, necə deyərlər, “cəzalandırılır”. Çünki Cənubi Qafqazda öz çirkin niyyətlərini gerçəkləşdirmək istəyən bəzi məkrli qüvvələr bölgədə müstəqil siyasət yürüdən, söz sahibinə çevrilən güclü Azərbaycan görmək istəmirlər. Belə olmasaydı təşkilatdakı müzakirələrdə və səsvermədə, eləcə də qətnamənin mətnində Azərbaycana qarşı absurd ittihamlar irəli sürülməz, ölkəmizin ərazi bütövlüyü və suverenliyi şübhə altına alınmazdı.

Burada diqqəti cəlb edən cəhət odur ki, ölkəmizin nümayəndə heyətinə qarşı AŞPA-da ədalətsiz qərarın verilməsindən dərhal sonra ölkəmizdəki dağıdıcı müxalifətin təmsilçiləri, eləcə də “siyasi mühacir” adı ilə Qərbin ayrı-ayrı ölkələrində sığınacaq tapan və xarici təhlükəsizlik orqanlarının təsiri altında olan təşkilatların bəslədikləri savadsız, mənəviyyatsız anarxistlər birdən-birə fəallaşdılar. Bütün bunlar əlbəttə ki, təsadüfi sayıla bilməz. Qənimət Zahid, Sevinc Osmaqızı, Arif Şahmarlı (Məmmədov), Tural Sadıqlı kimi “sapı özümüzdən olan baltalar” AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyindən bəhrələnərək son günlər ölkəmizin əleyhinə həyasızcasına apardıqları “qara piar” kampaniyasını daha da genişləndiriblər. İş o yerə çatıb ki, ruhunu şeytana satan bu virtual terroristlərin həşəmətli nümayəndələrindən olan, Avropanın müxtəlif ölkələrində veyl-sərgərdan həyat tərzi keçirən Arif Şahmarlı həyasızcasına, vicdansızcasına Q.Zahidin “Azərbaycan saatı” internet tv-də “Biz bu qətnaməni çoxdan gözləyirdik. Nəhayət ki, qırmızı düyməyə basıldı” deməkdən belə çəkinmir.

Bu üzdəniraq zümrə ilə yanaşı, antimilli missiyalarını ləyaqətsizcəsinə davam etdirən, artıq siyasi meyitə çevrilən AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının sədri Arif Hacılı, “Milli Şura” adlı antimlli qurumun rəhbəri Cəmil Həsənli, Gültəkin Hacıbəyli, “Toplum TV”-nin baş redaktoru Xədicə İsmayıl kimilər Qərbdəki ağalarının təlimat və dirijor çubuğu ilə hərəkət edərək mənəviyyatsızcasına AŞPA-nın ölkəmizlə bağlı məlum ədalətsiz, qərəzli, absurd beynəlxalq hüquqa zidd qətnaməsinə haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxırlar. Buna görə də bütün etik-mənəvi dəyərləri tapdalayaraq ölkəsinə, millətinə, dövlətinə şər-böhtan, təhqir yağdıran bu xəyanətkar autsayderlər cəmiyyətimizin böyük təpkisi və ictimai qınağı ilə üz-üzə qalıblar.

Təbii ki, məlum marginal zümrənin sosial şəbəkələrdə çıxışlarındakı, necə deyərlər, notların eyniliyi, bəsitlik, məntiqsizlik, isterika və primitivlik, səsləndirdikləri əsassız iddiaların üslübu və ifadə tərzi bir daha təsdiq edir ki, bu xəyanətkarlar xaricdəki ağalarından aldıqları tapşırıqları canla-başla yerinə yetirirlər. Bütün bunlar kənardan kifayət qədər açıq-aşkar görünür. Ancaq nə bu xəyanətkar zümrə, eləcə də  onların sinxron işbirliyində olduqları ağaları unutmamalıdırlar ki, ölkəmizlə şantaj və təhdid dilində danışmaq mümkün deyil. Bunu dəfələrlə nümayiş etdirən Azərbaycan əvvəllər olduğu kimi, yenə də özünə qarşı bu cür ədalətsiz, haqsız, qərəzli münasibətlə də barışmayacaq, öz milli hədəf və maraqları naminə gərəkli bildiyi addımları ataraq yeni dünya nizamında öz layiqli yerini tutacaq.

Zahid Rza, “İki sahil”