27 yanvar 2024 00:36
230

Reallıq: Güclü iqtisadiyyat, qüdrətli ordu...

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da uğurla həyata  keçirildiyi siyasət nəticəsində Azərbaycan Ordusu təkcə bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub. Belə ki, “Global Fire Power” 2024-cü il üçün dünyanın ən güclü ordularına malik ölkələrinin siyahısını açıqlayıb. Azərbaycan bu siyahıda 59-cu yerdə qərarlaşıb. Ermənistan ordusu isə bizdən iki dəfə geridə, 145 ölkə arasında 102-ci yerdədir.

Göründüyü kimi, Azərbaycanda illərdir davam edən ordu quruculuğu prosesi sürətlə irəliləyir, təkmilləşir. Azərbaycan Ordusunun bazası ən son yeniliklərə uyğunlaşdırılır, zabit heyəti Türkiyə və NATO standartlarına uyğun təcrübə və təlimlərlə peşəkarlığını artırır, yeni döyüş birləşmələri yaradılır. Zəfərdən sonra Silahlı Qüvvələrin tərkibində tamamilə yeni struktur olan Hadrutda Komando Təlim Mərkəzinin yaradılması, Kəlbəcərdə yeni Komando hərbi hissəsinin açılışı və digər ərazilərdə Komando briqadalarının fəaliyyətə başlaması ilə peşəkar hərbçilərin sırası daha da genişlənir.

Ordumuzun qardaş Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması prosesi daha geniş vüsət alıb. Türkiyə Silahlı Qüvvələrinin bazasında hazırlanmış təlimatçıların cəlb olunması ilə Komando Təlim Mərkəzinin nəzdində “Snayper hazırlığı kursu”nun keçirilməsi də Silahlı Qüvvələrdə yeni nəsil döyüş arxitekturasının formalaşmasından xəbər verir. Kurs müddətində snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətlərinə yiyələnən hərbi qulluqçular atəş hazırlığı üzrə praktiki vərdişlərini təkmilləşdiriblər.

Azərbaycan Ordusunun tərkibində Quru Qoşunları, əməliyyat (komando) birləşmələri və Milli Müdafiə Universiteti yaradılıb. Həmçinin Xüsusi Təyinatlı Qüvvələr və Hərbi Dəniz Qüvvələrinin ştatlarının optimallaşdırılmasının həyata keçirilməsi də döyüş idarəetmə sisteminin təkmilləşməsinə, heyətlərin hazırlığı və onların komplektləşdirilməsi işlərinin təşkilinə xidmət edir.

Ordunun gələcək kadr təminatı ən müasir standartlara əsaslanır və hərbi mütəxəssislər hazırlayan təhsil müəssisələrinə diqqət daha da gücləndirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev ötən ilin 14 dekabr tarixində "Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında"  Fərman imzalayıb. Fərmanla Azərbaycan Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması məqsədilə Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində 3 xüsusi təyinatlı hərbi kolleci üç ay müddətində yaradacaq. Bu Fərman özü də məhz qarşıdakı dövrdə daha peşəkar, xüsusi ixtisaslı hərbi kadrların hazırlanması, ordunun tamamilə müasir standartlara uyğunlaşdırılması ilə bağlı hərbi strategiyanın tərkib hissəsidir.

Təbii ki, Azərbaycan hərbi potensialını genişləndirmək üçün özünün sürətlə artan iqtisadi imkanlarından hərtərəfli şəkildə bəhrələnməlidir. Hazırda bu iş lazımi səviyyədə həyata keçirilməkdədir. Bu gün ən müasir, daha yüksək dəqiqliyə malik olan silahlar alınır və orduda müasirləşmə prosesi daim aparılır. Bütün bunlarla yanaşı, Azərbaycanda hərbi sənayenin sürətlə inkişafı üçün böyük vəsait ayrılır, bu sahəyə xüsusi diqqət göstərilir. Əldə edilən uğurlar aparılan islahatların nəticəsində hasil olur. 20 ildən çox müddətdə Prezident İlham Əliyevin tapşırıqları əsasında dövlət büdcəsindən ordu quruculuğuna ayrılan vəsaitlər daim artırılıb. Əgər Azərbaycanın hərbi-müdafiə xərcləri 2003-cü ildə 150 milyon manat idisə, hazırda 6 milyard manatdan çoxdur. Yəni son ildə hərbi xərclər 40 dəfə artırılıb.

Ali Baş Komandan İlham Əliyevin 2022-cil il 31 dekabr tarixində Azərbaycan xalqına müraciətində bildirdiyi kimi, müasir silahların, texnikaların alınması, yeni hərbi birləşmələrin yaradılması bundan sonra da əsas diqqətdə saxlanılacaq: “Biz hərbi gücümüzü bundan sonra da artıracağıq. Yeni silahlar, texnikalar alınıb və alınacaqdır. Eyni zamanda, yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq”.

Beləliklə, Prezident, Müzəffər Ali Baş Komandan bundan sonra da İlham Əliyev iqtisadi gücü peşəkar ordu quruculuğuna yönəltməklə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində parlaq Zəfər qazanmasına nail oldu. Bu səbəbdəndir ki, Azərbaycan Silahlı Qüvvələrinin gücü və siması bu gün dünənkindən daha qüdrətli və möhtəşəmdir. Şübhəsiz, Azərbaycan Ordusu peşəkar və nümunəvi, dünya miqyasında özünü təsdiq edən xüsusi ixtisaslaşmış hərbçi kontingentinin sıralarını genişləndirəcəkdir...

Nigar Orucova, “İki sahil”