27 yanvar 2024 01:57
246

Qarabağ Azərbaycandır, Zəfərimiz əbədidir!

AŞPA-nın və Avropa İttifaqının saxta bəyanatları, Almaniya nümayəndə heyətinin qurumda təmsil olunan üzvü, öz ölkəsində pozulan insan hüquqlarından «xəbərsiz» deputat Frank Schwabenin sayıqlamaları bu həqiqətə kölgə sala bilməz

Azərbaycanın Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi qeyri-ciddi və qərəzli təşkilatla əməkdaşlığını dayandırması son günlərdə daha radikal, anti-Azərbaycan mövqeyini bildirən korrupsioner quruma əsl türklərə layiq paşa şilləsi oldu. Ölkəmizə qarşı ədalətsiz, ikili standartlarla yanaşan AŞPA kimi Avropa İttifaqının, Fransanın ermənipərəst sevgisini «Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir» sözləri ilə alt-üst edən Prezident İlham Əliyev milli maraqlarımıza uyğun daha bir qətiyyət göstərdi. Azərbaycanla əməkdaşlığı, ikitərəfli münasibətləri yüksək dəyərləndirən bir neçə dövlət başçısının həmkarları Prezident İlham Əliyev haqqında söylədikləri xoş sözlər, səmimi etiraflar bir daha təsdiqləndi. AŞPA kimi digər Avropa təsisatlarının kağız parçası dəyərində olan qətnamələrinin cılızlığı sübut olundu. Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi təklifinin « müəllifi» Almaniya nümayəndə heyətini qurumda təmsil olunan üzvü, deputat Frank Schwabe getsin öz ölkəsində pozulan insan hüququqları ilə məşğul olsun.

30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb, təbii sərvətlərimizi talayıb AŞPA-nın çoxüzlü prizmanı xatırladan cənablarına yedizdirən Ermənistan üçün göz yaşı tökənlərin «demokratik prinsiplərə sadiqliklərinin» pərdəarxası görüntüləri aşkarlandı. Sanki yarışa girirmişlər kimi, biri-birinin ardınca Azərbaycanla bağlı qərəzli qətnamələr qəbul edən AŞPA, Avropa İttifaqı, Fransa «miatsum» xəstəliklərinin əlaclarını bu kağız parçalarını qalaqlamaq da gördülər. Amma atalar demişkən hər hansı yalanın ömrü 40 gün çəkər. Erməniləri təbərik edib gözlərinin üstündə saxlayan cənabların böhtanlarının üstü 44 gün davam edən İkinci Qarabağ müharibəsi ilə aşkarlandı. Erməni mifologiyasını müasirləşdirməklə daşnak tör- töküntülərinin fərari ordusunun «gücü, hərbi qüdrəti» ilə Azərbaycanı təhdid edən AŞPA mənsubları indi yalanlarının xəcalətini əsası olmayan bəyanatları, təhdidləri ilə pərdələmək istəyirlər. Amma daha o zamanlar arxada qaldı. İndi bütün dünya Azərbaycan həqiqətlərini etiraf edir. Çünki dünyanın tarixində Azərbaycan Silahlı Qüvvələrinin rəşadəti ilə müqayisə oluna biləcək ədalətli müharibə olmayıb. Heç bir millət Azərbaycan xalqı kimi torpaq müqəddəsliyi, Vətən yolunda canından keçməyib. Azərbaycan dövləti üçün ən vacib amil milli maraqlar, ölkəmizin müstəqilliyi, suverenliyi olub. Demokratik və multikultural dəyərləri əsas götürərək dünyada böyük nüfuz sahibinə çevrilən Azərbaycan üçün AŞPA ilə əməkdaşlığın dayandırılması və antidemokratik bu qurumun qərəzli ittihamları ölkəmizin beynəlxalq aləmdə möhkəmlənən nüfuzuna təsir edə bilməz. Zirvələrdə yer alan, qala kimi tarix boyu bütün düşmənlərinə qalib gələn Azərbaycana hər əsən külək təsir edə bilməz. Başqa sözlə, yel qayadan heç nə apara bilməz. Əksinə, korrupsiyalaşmış bu qurumun Azərbaycanın
 nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklifi bütövlükdə Avropa Şurasının özünə zərbə olacaq.

Quruma üzv olduğu 2001-ci ildən etibarən etibarlı tərəfdaş kimi özünü doğruldan Azərbaycan Ermənistandan fərqli olaraq qarşılıqlı münasibətlərin tərəfdarı kimi səmimi davranışları ilə başqalarına da nümunə olub. Qurumda təmsil olunan heç bir dövlətə qarşı «siyasi məhbus» axtarışı kimi, iyrənc təcrübəsini istisna hal kimi Azərbaycanda tətbiq edən AŞPA-nın mənfur niyyəti hər zaman hiss olunub. Bu qupumda təmsil olunan Andreas Qross, Andres Herkell kimi digər ermənipərəst , dırnaqarası məruzəçilərin Azərbaycanla bağlı rəzil «hesabatlarını» xalqımız bu gün də unutmur. Artıq təqaüdə göndərilmiş, «Nə hərb, nə sülh» siyasəti yeritməklə torpaqlarımızın 30 il işğal altında qalmasına şərait yaradan ATƏT-in Minsk qrupunun dirilməsinə çalışan avropalı «Şeyx Nəsrullah»ların fintnəkar, bədnam niyyətlərini , fəaliyyətsiz məqsəd və məramlarını xatırladaq. Minsk qrupunun həmsədrliyində ABŞ-ı təmsil edən sabiq həmsədr Riçard Hoqlandın artıq tarixin zibilliyinə atılmış «Dağlıq Qarabağ münaqişəsi» ilə bağlı açıqlamasını yada salaq. Riçard Hoqland Beynəlxalq Münaqişələrin Həlli Mərkəzinin saytında dərc olunmuş yazısında qrupun qaranlıq, «gərgin fəaliyyəti»nin illərdən bəri gizli saxlanılan məqamlarını bu sözləri ilə ifadə edir: «Etiraf edirəm ki, gördüyümüz işlər və o işlərin yerinə yetirilmə forması haqqımızdakı stereotiplərə tam uyğun idi. Beşulduzlu otellərdə qalırdıq və orada bizə lüks apartamentlər ayrılırdı. Restoranlardan, bardan pulsuz istifadə edirdik. Olduğumuz şəhərlərdə həmişə ən bahalı restoranları axtarırdıq. Bakı və İrəvanda ATƏT bayrağını göstərirdik, yaxşı yaşayırdıq. Lakin etiraf edirəm ki, çox az iş gördük.» Bu sözləri AŞPA haqqında daha sərt şəkildə söyləmək olar. «Nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status. Gorbagor oldu status. Yoxdur status. Və olmayacaq. Nə qədər ki mən Prezidentəm, olmayacaq» söyləyən Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Dağlıq Qarabağ adlı məhfum artıq yoxdur.

Torpaqlarımızın 30 il işğal altında qaldığı müddətdə Cənubi Qafqaza turist səfərləri ilə Ermənistan silahlı birləşmələrinin xalqımıza yaşatdığı vəhşilikləri, Xocalı soyqırımı kimi faciənin beynəlxalq aləmdə yayılmasının qarşısını alan AŞPA-da yaranan erməni təəssübkeşliyi qurum üçün utancverici hərəkətdir. Ermənilərin saxta göz yaşlarına inanaraq əsl gözü yaşlı qalan azərbaycanlıların haqq səsini « miatsum» sədaları ilə susdurduranlar hələ də erməniləri «etnik təmizləmə» siyasətinin qurbanı adlandırırlar. «Məzlum» ermənilərin pıçıltısını eşidənlər qətiyyətli, dərdini el içində çəkən Azərbaycan xalqının ürəkləri dağlayan harayını eşitmədilər. Ölkəmizə qarşı qətnamələr, bəyanatlar qəbul etməklə haqlı Azərbaycanı dünya ictimaiyyətinə ermənilərin istəklərinə uyğun «vəhşi» obrazında təqdim etdilər. Xalqımıza qarşı mənfi münasibətlərini hər məqamda bildirdilər.

AŞPA-dakı nümayəndə heyətinin çox haqlı qərar verərək bu qərəzli qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırması yenilməz, əmrə itaət etməyi milli qüruruna sığışdırmayan Azərbaycan xalqının birlik və həmrəyliyinin ifadəsidir. AŞPA-nın ələbaxan rəsmiləri bu qurumun üzvü işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə qınamayıb. 250 mindən artıq Qərbi azərbaycanlını doğma yurdundan zorla, vəhşicəsinə qovan erməni quldurlarının hərəkətlərini etnik təmizləmə hesab etməyən destruktiv AŞPA-nın suveren Azərbaycan ərazisində ermənilər üçün «müstəqillik» axtarması bu qurumun karlıq, korluq xəstəliyinə tutulduğunu göstərir.
 Prezident İlham Əliyevin «Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Cənubi Qafqaz əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olub. Biz tələb edirik: «Yetər artıq!» sözlərini uzun müddət xatırlayacaq AŞPA-nın ermənipərəst mənsubları Müsye Jordan kimi Azərbaycanın həsrətini çox çəkəcəklər. Səhvlərini başa düşəndən sonra isə artıq ürəklərində qara yara olan Zəngəzur dəhlizi açılmış olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»