27 yanvar 2024 02:37
271

"Dirijor çubuğu" ilə idarə olunan ölkədə mətbuata basqı

Nikol Paşinyanın "dirijor çubuğu" ilə idarə olunan bu ölkədə söz və mətbuat azadlığı daim təhdid altındadır. Dövlət məmurlarının jurnalistləri yaxın buraxmamaları, onlarla kobud rəftar etmələri, vacib məsələlər barədə açıqlamalar verməmələri artıq adi hala çevrilib.

Məsələn, erməni mətbuatında yer alan xəbərlərə görə, 2023-cü ildə Ermənistanda media əməkdaşlarına təzyiq halları daha da artıb. 60-dan artıq hüquq pozuntusu qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə xeyli çoxdur. Söz Azadlığının Qorunması Komitəsinin rəhbəri Aşot Melikyan Ermənistanda 2023-cü ildə söz azadlığının vəziyyəti, jurnalistlərin və media resurslarının hüquqlarının pozulması ilə bağlı hesabatı təqdim edib. Ötən ili media və jurnalistlər üçün çətin il kimi qiymətləndirən Aşot Melikyan kütləvi etirazları və gərginləşmiş ictimai-siyasi vəziyyəti, paytaxtın yeni merinin seçilməsi ilə nəticələnən İrəvan Ağsaqqallar Şurasına seçki kampaniyası zamanı gərgin mübarizəni və seçkidən sonrakı hadisələri xatırladıb.

Hesabata əsasən, ötən il jurnalistlərə qarşı təzyiqlər, o cümlədən media nümayəndələrinə qarşı təhdidlər olub: "Baş prokuror hökumətə sosial şəbəkələrdəki məlumatları nəzarətdə saxlamağı və lazım gəldikdə hər hansı nəşri bağlamağı təklif edib". Komitə rəhbəri son vaxtlar dövlət qurumlarının jurnalistlərə akkreditasiya verilməsini "iş icazəsi" kimi nəzərdən keçirməsindən də narahatdır. Media eksperti müxalif "Joxovurd" qəzetinin əməkdaşı Knar Manukyanın parlamentdə akkreditasiyadan məhrum edilməsini daha mənfi hal sayır: "Son 30 ildə bir jurnalistin akkreditasiyadan məhrum edilməsi halının olub-olmadığını xatırlamaqda çətinlik çəkirəm. Amma bu, indiki hakimiyyətin dövründə ikinci hadisədir və tamamilə əsassızdır".

Hesabatda məlumat azadlığının məhdudlaşdırılması hallarından da bəhs edilib. Bildirilib ki, hökumət orqanları ötən il media nümayəndələrinin sorğularını əsassız olaraq rədd edib və ya lazımi cavab verməyib. "İnformasiya əldə etmək və yaymaq hüququnun pozulması ilə bağlı 2023-cü ildə 135 fakt qeydə alınıb. 2022-ci ildə 115 belə hal olub. 135 işin hamısında açıq məlumat tələb olunub. Dövlət qurumları bunu vermədilər, natamam məlumat və qeyri-müəyyən cavablar verdilər".

A.Melikyan vurğulayıb ki, komitənin araşdırdığı bütün hallarda dövlət və ya hərbi sirri ehtiva edən heç bir məlumat tələb olunmayıb: "Biz bu məlumatları çox diqqətlə təhlil edirik. Əgər media orqanı, jurnalistlər dövlət və ya hərbi sirri ehtiva edən məlumatların verilməsi üçün dövlət qurumuna sorğu göndəriblərsə və ona rədd cavabı verilibsə, biz bunu pozuntu saymırıq. Çünki sirri açmaq olmaz". Ekspert belə hallarda jurnalistlərə inzibati məhkəməyə müraciət etməyi tövsiyə edir. Aşot Melikyanın fikrincə, bu, təkcə dövlət qurumundan lazımi məlumatları əldə etmək üçün deyil, həm də onu məsuliyyətə cəlb etmək üçün lazımdır.

Hesabatda 2023-cü ildə məhkəmələrdə jurnalistlərə qarşı daha çox iddia qaldırıldığı da vurğulanıb. İddiaçıların əksəriyyəti barələrində yayılan xəbərlərlə bağlı təkzibin dərc olunması və ya məhkəməyə ərizə göndərməmişdən əvvəl cavab hüququndan istifadə ilə bağlı təklifdən imtina ediblər.

Beləliklə, sadaladıqlarımız çoxsaylı faktların bir hissəsidir. Bəzi beynəlxalq təşkilatlar və AŞPA üçün əsas maraqlardır. Lakin onun üçün Fransa və Almaniyadan aldığı qərəzli tapşırıqlar daha əsasdır. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrel başda olmaqla avropalı diplomat və deputatlar üçün bu faktlar da yəqin əsas olmayacaq. Erməni sevgiləri və tapşırıq aldıqları ölkələr buna imkan verməyəcək. Separatizmə açıq dəstək göstərən Borrelin və həmkarlarının bu yanaşmaları, yəni ermənipərəst mövqeyi  Avropa dəyərlərinə tüpürmək deməkdir. Ancaq onların hədəfi Ermənistan deyil, yalnız Azərbaycandır. Biz otuz beş ildir ki, bu cür ədalətsizliklərin və hücumların şahidiyik. Lakin belələri anlamalıdırlar ki, Azərbaycan güclü dövlətdir və heç kəs, heç bir qüvvə onunla təhdid dilində danışa bilməz. Çünki yalanla, iftira ilə nəyəsə nail olmaq mümkün deyil. Bir çoxları artıq bunu anladıqları üçün daha da aqressivləşir və daha sərt tədbirlərə əl atmağa başlayır. Göründüyü kimi, hamısı da boşa çıxır. Bir də ki, sirkə nə qədər tünd olsa, öz qabını çatladar.

Vəli İlyasov, "İki sahil"