27 yanvar 2024 02:58
271

AŞPA Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməz

Yaxın tarixdən də məlumdur ki, bu yolu seçənlərin aqibəti heç də yaxşı olmayıb

Bu gün bir çox beynəlxalq təşkilatlardakı mövcud islamofobiya və türkofobiya amilləri onlara fəaliyyətlərində ədalətli və vicdanlı olmağa imkan vermir. Məhz qlobal məsələlərin və münaqişələrin müzakirələrində xristian ölkələrinin mənafeyini qorumaq istəyi bütün vaxtlarda ikili standartların yaranmasına səbəb olub. Belə ədalətsiz təşkilatlardan biri də  Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA) ki, heç vaxt  Azərbaycana qarşı səmimi olmayıb. Əvəzində ölkəmizdə ictimai-siyasi mühitin gərginləşdirilməsi istiqamətində fəaliyyəti ilə fərqlənib.

Xatırladaq ki, Azərbaycan 2001-ci ildə insan haqlarını və qanunun aliliyini müdafiə etməli olan bu təşkilata böyük ümidlərlə üzv olmuşdu. Belə ki, biz bu təşkilatdan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpası istiqamətində ədalətli qərarlar gözləyirdik. Lakin ötən illər ərzində AŞPA işğalçı Ermənistanı bir dəfə də sərt şəkildə qınamadı. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir.

Xüsusilə Azərbaycan Ordusunun  həm İkinci Qarabağ müharibəsində, həm də 2023-cü il sentyabrın  19-da Qarabağ iqtisadi rayonunda başladığı və cəmi bir günə uğurla başa çatdırdığı lokal antiterror tədbirlərindəki hərbi  qələbələr bu kimi beynəlxalq təşkilatların  gözünə ox olub batır. Hətta bu üstünlüyümüzlə  Ermənistan barışsa da AŞPA barışmaq istəmir. İndi AŞPA-nın bir riyakar məqsədi var- Azərbaycanı nüfuzdan salmaq, ölkəmizin inkişafına mane olmaq.

Bu qruma üzv olduğumuz  ötən 23 ildə  Azərbaycan nümayəndə heyəti AŞPA-da erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən onlar bizim deputatlara deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələləri müzakirə etmir. İndi isə həmin AŞPA və bu qurumun böhtançı deputatları bunun əksini söyləməklə ikiüzlü olduqlarını və ölkəmizə qarşı düşmənçilik hisslərilə yaşadıqlarını tam çılpaqlığı ilə ortaya qoymuş oldular.

Təbii ki, indi  dünyada heç kim, o cümlədən AŞPA Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməz. Bu yolu seçənlərin aqibəti isə yaxın tarixdən də məlumdur ki, heç də yaxşı olmayıb. Məhz buna görə də  AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”. Amma onlar unutmasınlar ki, Avropanın indiki enerji qıtlığı yaşadığı bir dövrdə bu «qoca qitə»nin təminatçısı məhz ölkəmiz olub. Vicdanlarını qatı ermənipərəstlik dumanı bürümüş bu çürük təşkilatın ikiüzlü deputatları anlamalıdırlar ki, Azərbaycan həmişə öz haqlı mövqeyini qorumaqda israrlıdır və bundan sonra da bu qətiyyətini davam etdirəcəkdir.

AŞPA-nın tarixinə nəzər yetirəndə görmək olur ki, bu təşkilat əslində o qədər maraqsız və dəyərsiz bir status qazanıb ki, indiyə qədər bir dəfə də olsun nəinki ciddi qlobal münaqişələrin, hətta lokal münaqişələrin həllinə nail ola bilməyib. Ya qərəzliliyindən, yada ki, zəifliyindən…

Qeyd edək ki, AŞPA həmişə Azərbaycanla bağlı qəbul etdiyi qərarlarda qərəzli olmaqla həm də  «beşinci kolon»un maraqlarına xidmət edib. Bu həmin «beşinci kolon»dur ki, davamlı olaraq ölkəmizdəki siyasi sabitliyi pozmağa çalışıb. Lakin Qərb Azərbaycanı digər ölkələrlə müqayisə etməsin. Ona görə ki , Azərbaycan xalqının inandığı, etibar etdiyi Prezidenti, Müzəffər Ali Baş Komandanı var.  Məhz onun sayəsində heç bir xarici güc xalqımızın milli maraqlarına qarşı çirkin məqsədinə nail ola bilməyəcək.

AŞPA-nın ölkəmizə qarşı ədalətsiz hərəkətləri, eyni zamanda, onun Fransa kimi ermənipərəst dövlətin əlində alət olmasının göstəricisidir. Belə ki, 2023-cü ildə də məhz Fransanın təkidi ilə Azərbaycana qarşı qərəzli qətnamələrin qəbul edilməsinin şahidi olmuşuq. Lakin çox təəssüflər olsun ki, Angela Merkel, Gerhard Şröder, Helmut Kol, Konrad Adenaur kimi rəhbərləri olmuş və öz müstəqil siyasəti ilə Avropaya ağsaqqallıq etmiş Almaniya hazırda dünyada nüfuzunu günü-gündən itirən Fransanın marionetkasına çevrilib. Belə ki, ölkəmizə qarşı qərəzli, böhtan xarakterli addımların atılmasında daha çox fransız və alman deputatlardan istfadə edirlər. Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi ilə bağlı məsələni almaniyalı deputat Fran Şvabe irəli sürüb. Dəhşətli siyasi mənzərədir-sırf ermənipəstlik sindromu bu təşkilatın qanına işləyib. Amma AŞPA unutmasın həm xalqımız, həm də tarixin ədalət prinsipi gec, ya da tez bu AŞPA-nın «aşını da suynu da» verəcək.

Elçin Zaman, «İki sahil»