26 yanvar 2024 16:58
381

İslamofob və türkə nifrət təfəkkürlü antidemokratların yuvası

AŞPA-dakı ermənipərəstlər qulaqlarındakı pambıqları çıxarmalıdırlar

Azərbaycan xalqı növbəti dəfə beynəlxalq təşkilatların riyakarlıqları, ikili standartları ilə üzləşib. Azərbaycana təsir etmək üçün erməni lobbisindən, diaspor təşkilatlarından istifadə edən Avropa Şurası Parlament Assambleyası (AŞPA) son antidemokratik əməli ilə nüfuzunu daha da aşağı salıb. Təşkilatın qış sessiyasının ilk günündə Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyətinin etimadnamələrinin təsdiqlənməməsi bu qurumun ölkəmizə qarşı növbəti qərəzi, səmərəsiz cəhdlərinin tərkib hissəsidir. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırması yenilməz, əmrə itaət etməyi milli qüruruna sığışdırmayan Azərbaycan xalqının birlik və həmrəyliyinin ifadəsidir. Fransa kimi neokolonist dövlətin başqalarına təsiretmə aləti olduğunu bu cür qərəzli addımları ilə bildirən AŞPA-nın ölkəmizə qarşı riyakarlığı ilk deyil. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, fəaliyyətini erməni lobbisinin istəklərinə uyğun tarazlayan AŞPA Azərbaycanı hədəf seçmişdir. Dövlət başçımızın Dünya Azərbaycanlılarının Zəfər Qurultayında bildirdiyi kimi, qurumda formalaşan ermənipərəst, Azərbaycanın reallıqlarına, İkinci Qarabağ müharibəsində qazandığı Zəfərə qısqanan avropalı deputatlar «ermənilərə qarşı etnik təmizləmə» iddialarını bəhanə gətirərək ölkəmizə qarşı qarayaxma kampaniyalarını davam etdirirlər. Amma ötən əsrdə erməni qaniçənlərinin Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri, qəddarlıqları etiraf etmək, tarixi reallıqları görmək istəmirlər.

Ermənistan qaniçənlərinin iki əsr ərzində soydaşlarımıza qarşı apardıqları «etnik təmizləmə» siyasəti nəticəsində tarixi yurd yerlərimiz olan Qərbi Azərbaycanda əsasən azərbaycanlılarn yaşadıqları 605-dən çox kənd boşaldılıb. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından didərgin düşüb.500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirilib. Xankəndidən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min km² ərazisi erməni qəsbkarları tərəfindən zəbt edilib. Erməni tarixçisi Leonun yazdığına görə, Batum müqaviləsinə əsasən, Ermənistanın ərazisi 8400 kvadrat kilometr olmuşdur. Ən yaxın tariximizdə əsl mənzərə belə olduğu halda BMT-nin Qaçqınlar üzrə Ali Komissarı utanmadan Ermənistanda hal-hazırda təxminən 30 nəfərə qədər azərbaycanlının yaşadığını bildirir. Bəyan edilir ki, onların əksəriyyəti ayrı- seçkiliyə məruz qalmamaq üçün adlarını dəyişmiş və kimliyini belə gizli saxlamağa məcbur olmuşlar.

1988-ci ildə Qərbi Azərbaycandan təkcə azərbaycanlılar yaşayan 172 kənddən, 89 qarışıq kənd və 6 şəhər tipli yaşayış məntəqəsindən 49928 ailə (300000 nəfərə yaxın azərbaycanlı) öz doğma yurdlarından zorla, vəhşicəsinə qovulmuşlar. Bu zaman 255 nəfər soydaşımız ermənilər tərəfindən öldürülmüş,400 nəfərdən çox adam bədən xəsarəti almışdır. Bir çox azərbaycanlıların evləri, əmlakları yandırılmışdır.

1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq edərək borunu hündür uçurumdan dərəyə yuvarlamışlar. Həmin ilin noyabrında Quqarkda (Böyük Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşaqlara qarşı da eyni cinayətlərini təkrar etmişlər. 1987-1991-ci illərdə baş vermiş faciələrin sayı-hesabı yoxdur. Bütün bu vəhşiliklər erməni dəstəkçiləri Fransa, AŞPA kimi dövlət və beynəlxalq təşkilatların gözləri önündə baş vermişdir.

Azərbaycanın quruma üzv olduğu 2001-ci ildən başlayaraq ermənipərəst, islamofob qüvvələr «erməni kartı»ndan istifadə edərək Azərbaycana qarşı ikili əməllərini daha da gücləndirmişlər. Bu təşkilatlar bir dəfə də olsun erməni vəhşilərinin törətdikləri Xocalı soyqırımı ilə bağlı müzakirə keçirməmişlər. 1987-1991-ci illərdə Ermənistandan qovulmuş üç yüz minə yaxın Qərbi azərbaycanlının taleyi ilə maraqlanmayıbdır. AŞPA islamofob və «türkə nifrət» təfəkkürlü antidemokratların yuvasıdır. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana hərbi təcavüzü və ərazilərin işğalı faktını nəinki təsdiqləməyib, təcavüzkara qarşı qətnamələr belə qəbul etməyib. Yalnız ara -sıra heç bir hüquqi çəkisi olmayan xəbərdarlıq xarakterli sənədlər qəbul etməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alınmalı idi. Amma bunun əksinə olaraq ölkəmizə qarşı qərəzli qətnamənin 23-cü bəndində təşkilat açıq-aşkar Azərbaycanı təhdid edərək, ötən ilin 19 sentyabrında Azərbaycanın Qarabağda apardığı lokal xarakterli antiterror tədbirlərini hərbi əməliyyatlar kimi qiymətləndirərək, qərəzli «Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən «ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.

İslamofob, irqçi kimi tanınan Almaniyadan olan deputat Frank Şvabe bu təşəbbüsü irəli sürərkən çıxışında «100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulduğu» ifadəsini işlədib. AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi uydurma təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin, qurumdakı müxtəlif qərəzli fraksiyaların durduğu bəllidir.

Heç bir əndazəyə sığmayan və Azərbaycana qarşı kin və nifrətlərini gizlədə bilməyən AŞPA-nın erməni zehniyyətli sabiq və hazırkı rəhbərliyi əleyhimizə səs verməklə təşkilatın artıq öləzimiş nüfuzuna ciddi zərbə vurmuşdur. Qurduqları məkrli ssenarilərə uyğun olaraq bir sıra hallarda öz istəklərini ermənipərəst Fransanın və ya Fransanın ruporu olan Almaniya vasitəsilə reallaşdırmağa çalışmışlar. Sözsüz ki, bu riyakarlığın başlıca səbəbi Fransanın xarici siyasətində yaşanan ardıcıl uğursuzluqlar, qüdrətli Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyidir. Buna görə də Fransa Almaniya vasitəsilə AŞPA-nı Azərbaycana qarşı maşa kimi istifadə etməyə çalışır, bu qurumdan istifadə etməklə ölkəmizə davamlı təzyiq göstərmək niyyətlərindən əl çəkmirlər. Əlbəttə AŞPA-nın davranışı Fransanın ölkəmizə qarşı kampaniyasının davamıdır. Avropadakı digər anti-Azərbaycan qüvvələr də bu qurumdan ölkəmizin əleyhinə istifadə edirlər. Artıq dünya çox sürətlə dəyişir. İnsanlar çox həqiqətləri ağılla təhlil edir, yaxşını pisdən seçməyi bacarırlar. Təşkilatların riyakar siması, ədalətsizliyi, haqsızlığı ifşa olur. Əminik ki, bu cür ədalətsizliklər, beynəlxalq təşkilatların, Fransa kimi neokolonist dövlətlərin başqa xalqlara qarşı hegemonluq ambisiyalarının son çırpıntılarıdır. Çünki Azərbaycan xalqı, onun yenilməz Lideri, cənab İlham Əliyev öz sözünü Zəfərimizlə demiş, haqqın və ədalətin müdafiəçisi olduğunu 44 günlük Vətən müharibəsində sübut etmişdir.

Məhbubə Vəliyeva,
Qərbi Azərbaycan İctimai Birliyi Qadınlar Şurasının üzvü,
Azərbaycan Tibb Universitetinin kafedra müdiri, elmlər doktoru, professor