26 yanvar 2024 02:16
554

"Şir"in quyruğu qapı arasında qalanda...

İranın ali dini rəhbəri Seyid Əli Xamenei müsəlman ölkələrinin hökumətlərini tənqid atəşinə tutub. Onları İsraillə bütün siyasi və iqtisadi əlaqələri kəsməyə çağırıb.

İran mediasının yaydığı məlumatda həmçinin bildirilir ki, Xamenei islam ölkələri rəsmilərinin İsraillə bağlı mövqe və fəaliyyətinin “qeyri-məqbul” adlandırıb: “İslam ölkələri rəsmiləri sionist rejimin həyati damarlarını kəsməli, bu rejimlə siyasi və iqtisadi əlaqələrini dayandırmalı və ona kömək etməməlidirlər”.

Xub, bu ultimatum Xameneinin şəxsi mövqeyidir. Təbii ki, islam ümmətindən çox sırf İranın dövlət maraqlarını güdən bir çağırış, hətta tənədir. Ancaq hər yerdə öz ümmətini qıran və ya hədə-qorxu gələnin bu cür çağırış etməyə mənəvi haqqı çatırmı? Əlbəttə, yox.

İsraillə sıx əlaqələrə malik islam dövlətlərindən biri də Azərbaycandır. Bəlli ki, iki ölkə arasında təkcə hərbi sahədə deyil, digər sferalarda da qurulan əməkdaşlıq xüsusilə son illər xeyli inkişaf edib. Yəhudi dövləti Azərbaycan neftinin əsas alıcılarındandır. Bu dövlətin rəhbərləri daim Azərbaycanın mövqeyini dəstəkləyib.

Biz iyirmi səkkizillik erməni işğalından təzəcə qurtulmuş müsəlman ölkəsiyik. Ancaq  iyirmi səkkiz ildə nədənsə İrandan, onun rəhbərlərindən Azərbaycanın müdafiəsi üçün analoji çağırışları, “İşğalçı Ermənistanın həyati damarları kəsilməlidir”, “İslam dövlətləri məscidlərə donuz, mal-qara saxlayan təcavüzkarla bütün əlaqələri kəsməlidir” kimi sərt sözlər eşitmədik. Azərbaycan ərazilərini işğal edən Ermənistana “dur” dediyini, ona təsir etdiyini görmədik.

Ancaq tam bunun əksinə olaraq sözdə özünü “İslam respublikası” sayan İran Azərbaycan ərazisində müsəlmanlara qarşı soyqırımları törətmiş, dini abidələri təhqir etmiş, sərvətlərini talamış vandal Ermənistana hər cür dəstək verdi, faktiki İkinci Qarabağ müharibəsi bitənədək onun üçün yeganə “nəfəslik” pəncərəsi oldu. Cənub qonşumuz hətta ondan sonra da ərazi bütövlüyü və suverenliyimizə məhəl qoymadan separatçı-terrorçulara köməyini əsirgəmədi. Haylara xoş gəlsin deyə Araz qırağına qoşun topladı, oraya panton körpülər gətirdi, bizə hədə-qorxu gəldi. Hazırda da Ermənistanla dostluq və qardaşlıq əlaqələri saxlayır. Halbuki digər İslam ölkələri, özəlliklə Türkiyə, Pakistan, Özbəkistan hər hansı xahiş-çağırış gözləmədən işğalçı Ermənistanla bütün əlaqələri kəsdi və  sərhədlərini qapadı. Pakistan İslam Respublikası günü bu gün də Ermənistanı dövlət kimi belə tanımır, İrəvan qarşısında Bakı ilə sülh müqaviləsinin imzalanmasını şərt kimi qoyur. Nə vaxt lazım gələrsə hərbi dəstək verəcəyini bildirir.

Əsl qardaşlıq, müsəlman həmrəyliyi budur. Həmçinin musəvi İsrail torpaqlarımızın işğaldan azad olunmasında özünəməxsus rol oynadı, öz modern silahları, PUA-ları ilə tarixi qələbəmizi yaxınlaşdırdı. Qədirbilən xalqımız bunu minnətdarlıqla xatırlayır və heç vaxt unutmayacaq. Biz indi vaxtilə dar günümüzdə arxamızda duranın "həyati damarlarını" niyə kəsməliyik? Özü də kimin sözü ilə? Düşmənimizə "qardaş" deyib bağrına basan və ona kömək edən dinindən azmış hansısa mollanınmı sözü ilə?

Hələ unutmamışıq. Keçən il yanvarın 27-də Tehrandakı səfirliyimizə xain terror hücumunun ildönümü olacaq. Ancaq bir səfirlik əməkdaşının qətli, digərinin yaralanması ilə nəticələnən və iki ölkə arasında diplomatik əlaqələri ən aşağı səviyyəyə endirən bu cinayət əməlinə İran hələ də hüquqi qiymət verməyib. Terrorçu Yasin Hüseynzadə layiqli cəzasını almayıb.

Ötən bir ildə biz Tehran rəsmilərindən bu xüsusda yalnız quru bəyanatlar, boş vədlər eşitdik. Azərbaycan tərəfinin haqlı şərti isə yerində qalır: terror aktı ədalətli hüquqi qiymətini almayınca, cinayətkar haqq etdiyi cəzaya çatdırılmayınca və Tehran real təhlükəsizlik zəmanəti verməyincə səfirlik öz fəaliyyətini bərpa etməyəcək. Hələ demirik ki, İran tərəfindən maliyyələşdirilən radikal din adamları Azərbaycanda “Kərimə” adlı bir dövlət qurmaq üçün illərdir ki, pozucu təbliğat aparırlar. Bu barədə saysız-hesabsız faktlar və dəlillər də var. Onlardan narkotik maddələrin, ədəbiyyatların və atıcı silahların tapılması bu işin təhlükəsindən xəbər verir. Bu, özünü dövlətə qarşı qiyamlarda da büruzə verib. Bütün bu əməllərin sahibləri bizdən dəstək umurlar. Ancaq nahaq yerə. Çünki bizimlə dostluğu deyil, əksini haqq ediblər.

İndi Seyid Əli Xamenei və İranın digər başçıları bizdən yox, özlərindən inciməlidirlər. Atalar sözüdür: "Nə qatarsan aşına, o da çıxar qaşığına." Ona görə də İran bu məsələdə bizi məzur tutsun!

Vəli İlyasov, "İki sahil"