25 yanvar 2024 16:12
445

AŞPA qərəzli və ədalətsiz mövqeyi ilə deqradasiyaya uğramış təşkilatdır

İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfər qazanaraq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ədalətin təntənəsi olmaqla yanaşı, bölgədə davamlı sülhün yolunu açmış oldu. Təbii ki, bütün bunlar geostrateji əhəmiyyətinə görə önəmli coğrafiyada yerləşən Cənubi Qafqazda maraqları olan geosiyasi güc mərkəzlərini narahat etməyə bilməxdi. Məhz bu səbəbdən də bəzi Qərb dövlətləri və onların təsiri altında olan ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən ölkəmizə təzyiqlərə strat verildi. Regionda öz maraqlarını təmin etmək üçün daim erməni amilindən istifadə edən, bölgəyə soxulmaq üçün ən çirkin vasitələrə əl atan Fransasnın məkrli oyunları sayəsində anti-Azərbaycan kampaniyası gündən-günə daha da güclənir.

Məhz ötən günlərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin fəaliyyətinin məhdudlaşdırılması, səsvermə hüququnun bloklanması, üstəlik, mandatının təsdiqlənib-təsdiqlənməməsi ilə bağlı Monitorinq Komitəsinə müraciət edilməsi bunun əyani təsdiqidir. Bu prosedurun təşəbbüskarı AŞPA-dakı sosial-demokratlar qrupunun rəhbəri, Almaniyanın təşkilatdakı nümayəndəliyinin lideri Frank Şvabedir. Siyasi əxlaqı alver mənbəyinə çevirən Frank Şvabe həyasızcasına ölkəmizi «Qarabağda insan hüquqlarını kütləvi şəkildə pozmaq»da və bölgədən «erməniləri zorla çıxarmaqda» ittiham edib.

 Eyni zamanda, Azərbaycanın 2023-cü ildə qurumun Laçın dəhlizinə səfərinə və Qarabağdakı vəziyyəti müşahidə etməsinə icazə verilməməsi də bəhanələr sırasında yer alıb. Əslində erməni lobbisinin pulları ilə bəslənən bəzi avropalı deputatları narazı salan Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə AŞPA-nın müşahidə missiyasının dəvət edilməməsidir. Birmənalı demək olar ki, F.Şvabenin bu cür çirkin əməlləri bir daha təsdiq edir ki, Qərbdə erməni lobbisinin təsiri ilə  uzunmüddətli anti-Azərbaycan kampaniyası aparan Fransa Almaniyanı da öz çirkin oyunlarına cəlb edə bilib. Şübhəsiz, Fransa kimi neokolonist ölkələrin maşasına çevrilən AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması qərarı, əslində, Cənubi Qafqazda sülhə və stabilliyə qarşı yönəlib.

Əlbəttə, ermənipərəst Fransanın təsiri altında olan AŞPA-dan bundan artıq nəsə gözləmək mümkün deyil. Bu təşkilatın ötən ilin oktyabr ayında qəbul etdiyi «Dağlıq Qarabağda humanitar vəziyyət» adlı qətnaməyə diqqət etsək hər şey bir daha açıq-aydın görünəcək. Həmin sənəd başdan-ayağa yalan və iftiralarla dolu, riyakar, qərəzli və reallıqdan uzaq, Azərbaycana qarşı əvvəlcədən planlaşdırılmış böhtan kampaniyasının tərkib hissəsidir. Bu bədnam qətnamə ilə AŞPA məqsədyönlü şəkildə ölkəmizə açıq-aşkar hörmətsizlik nümayiş etdirir. Hər kəs yaxşı bilir ki, Azərbaycanda «Dağlıq Qarabağ» adında inzibati və coğrafi ərazi yoxdur. Bundan başqa, qətnamənin 1-ci maddəsində Assambleya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, dərhal ölkəmizin öz suveren ərazisində 2023-cü il sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror tədbirlərini “hərbi əməliyyat” adlandıraraq qətiyyətlə pislədiyini vurğulayır. Beləliklə, bu bədnam təşkilatın deputatları heç bir tərəddüd etmədən Azərbaycanın suveren ərazisində qeyri-qanuni fəaliyyət göstərən, azərbaycanlı mülki əhaliyə, hərbçilərə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror təxribatları törədən separatçı erməni silahlı qruplarına dəstək verdiklərini gizlətmirlər. Bu günlərdə Avropada artıq siyasi çəkisini, nüfuzunu itirən bu təşkilatda ölkəmizin nümayəndə heyəti ilə bağlı baş verənlər bir daha təsdiq etdi ki, AŞPA-nın 2023-cü il oktyabrın 23-də qəbul etdiyi qətnamədə nümayiş etdirdiyi anti-Azərbaycan ritorikası heç də təsadüfi olmamışdır. Təbii ki, bütün bunlar qərəzli, reallıqla heç bir əlaqəsi olmayan əsassız iddialardan başqa bir şey deyil.

Bütün bunların fonunda əminliklə demək olar ki, Fransa kimi ermənipərəst neokolonist bir dövlətin maşası rolunu oynayan, riyakar və məkrli siyasət makinasına çevrilən, deqradasiyaya uğrayan AŞPA həm “qoca qitə”də, həm də beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Ona görə də bu təşkilatın müstəqil xarici siyasət yeridən, milli maraqları uğrunda inadla mübarizə aparan ölkəmizin əleyhinə davam etdirdiyi qarayaxma kampaniyası tezliklə fiaskoya uğraycaq.

Məlumdur ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edərək AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiyaya qarşı iradını bildirib. Eyni zamanda, belə bir ədalətsiz mühitdə Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri