25 yanvar 2024 15:42
361

AŞPA Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edir - Sahil Kərimli

"Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyətini dayandırmaqla bağlı verilən qərar çox vaxtında, qətiyyətli və düzgün qərardır. Çünkü, AŞPA son günlər Azərbaycana qarşı düşmənçilik mövqeyindən çıxış edir".

“İki sahil” xəbər verir ki,  bu sözləri Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib:

"Bu, daha çox qisasçılıq xarakteri daşıyır. Çünki, Azərbaycan dövləti öz gücü hesabına 44 günlük Vətən müharibəsində və ondan sonrakə dövrlərdə işğalçılığa son qoydu, işğalçı Ermənistanı məğlub etdi və bununla da öz ərazi bütövlüyümüzü bərpa etmiş olduq. Bu addımlar, Azərbaycanın qətiyyətli və barışmaz mövqeyi bu gün Avropa dairələrində müəyyən qısqanclıq və qisasçılıq hissi yaradır. Bütün bunların səbəbi bundan ibarətdir. Əlbəttə ki, Azərbaycan dövləti öz qətiyyətli mövqeyini ortaya qoymalı idi və biz artıq bunun şahidiyik. Gələcəkdə nə proseslər baş verəcək? Təbii ki, burda itirən Avropa, AŞPA olacaq. Çünki, Azərbaycan Cənubi Qafqazda Avropanın yeganə əvəzedilməz və güclü tərəfdaşlarından biridur. Azərbaycan Avropanın enerji təhcizatında çox böyük və mühim rol oynayır. Əgər proseslər belə davam edərsə, Azərbaycana qarşı düşmənçilik mövqeyi dayanmazsa, Azərbaycan da öz ədalətli və qətiyyətli addımlarını atmış olacaq və bu proseslər irəlilədikcə Avropa dairələri Cənubi Qafqazda Azərbaycan kimi bir tərəfdaşını itirmək üzrə olacaq".