25 yanvar 2024 00:11
321

Baş tutmayan alçaq niyyət

Baronessa Koksun və curlarının təxribatının qarşısı necə alındı?

Ermənistanla Azərbaycan arasında ikitərəfli danışıqlarda müsbət dinamikanın üstünlük təşkil etdiyi indiki mərhələdə bölgədə əmin-amanlığın bərpasını arzulamayan bəzi qüvvələr getdikcə fəallaşırlar. Burada qatı ermənipərəst, türk xalqlarına və İslam dininə düşmən münasibət bəsləyən Baronessa Karolina Koksun “fəaliyyət”ini xüsusi vurğulamaq lazımdır. Erməni lobbisinin pulu ilə var-gəl edən  “Beynəlxalq Xristian Həmrəyliyi” xristian hüquq-müdafiə təşkilatının rəhbəri, Humanitar Yardım Fondunun təsisçisi və prezidenti  Baronessa Karolina Koks yəqin ki, hamımıza yaxşı tanışdır. Böyük Britaniya parlamentinin Lordlar Palatasının sabiq vitse-spikeri, ermənidən də betər ermənilik edən Baronessa Koksu deyirik. Xatırladınızmı? Bəli, bu həmin Baronessa Koksdur ki, Qarabağın erməni işğalı altında olduğu illər ərzində ora 70 dəfə­dən çox səfər edib. Guya, bu səfərlər “humanitar xarakter” daşıyıb və sakin­lərə lazımi dərmanlar çatdırıb. Əslində isə o, erməni qəsb­karlıqlarını və onların işğalçılıq siyasətini beynəlxalq ictimaiyyətin gözündə haqq davası kimi leqallaşdırmaq istiqamətində fasiləsiz təbliğat aparıb. “Xidmətlərinə” görə yaxşı bəxşişlər də alıb. Hətta 2022-ci ildə  ermənipərəstliyinin 30 illiyi “təntənəli şəkildə” qeyd edilib. Bu həmin Koksdur ki, “Qara Bağ” kitabının müəllifi Tomas de Vaal onu  “Qarabağ ermənilərinin çılğın tərəfdarı” adlandırıb. Ölkəmizin razılığı olmadan Qarabağa səfərlər etdiyinə görə Koks Azərbaycan Xarici İşlər Nazirli­yi tərəfindən arzuolunmaz şəxs elan edilib, onun ərazimizə daxil olması qadağan olunub. Bu həmin Koksdur ki, İkinci Qarabağ mü­haribəsi zamanı dünya “ədalət” yanaşması baxımından kar və kor oldu demişdi. Bununla əlaqədar döymədiyi qapı, yalvarmadığı ictimai-siyasi xadim qalmamışdı. Sən demə,  beynəlxalq ictimaiyyət Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə ma­neçilik törətməli imiş. Qarabağ erməni terrorçu-separatçılarından tam azad edildikdən sonra da Britaniya Parlamentinin Lordlar Palatasının üzvü bu istiqamətdə fəaliyyətini davam etdirir. Daha doğrusu, əlinə düşən hər fürsətdən istifadə edərək  ölkəmizdən “qisas almağa”, onun əleyhinə qərəzli fikirlər səsləndirməyə çalışır.

Bu günlərdə Baronessa Koks yenidən haylar haqqında uydurduğu  nağıllarla gündəmə gəlmək istəyibmiş. Belə ki,  bu ermənidən betər erməni ona dəstək verən Lord de Moli TD və Ermənistanın Birləşmiş Krallıqdakı səfiri Varujan Nersesyanla, həmçşinin erməni diasporu ilə birgə 5 fevral 2024-cü ildə Londonun mərkəzində yerləşən məşhur Karlton Klubunda “Ermənistan: Dağlıq Qarabağın etnik təmizlənməsi” mövzusunda tədbir keçirmək fikrinə düşübmüş. Bununla da haylara öz növbəti xidmətini göstərməyə çalışıbmış.

Amma Koksun bu bədnam niyyəti ürəyində qalıb. Belə ki, Britaniya Azərbaycanlıları Cəmiyyəti sözügedən ölkədəki Azərbaycan İcmasının adından Karlton Klubunun rəhbərliyinə açıq etiraz məktubu göndərib. Məktubda Azərbaycana qarşı etnik təmizləmə iddialarının tamamilə əsassız olması, erməni mülki şəxslərinin məcburi köçürüldüyünə dair heç bir fakt aşkar edilməməsi, hətta bunun BMT missiyası tərəfindən təsdiqini tapması bir daha yada salınıb. Eyni zamanda, Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamağa yaxın olduğu bir zamanda belə tədbirin tarixi bir məkanda təşkilinin iki ölkə arasında sülh perspektivlərini açıq şəkildə pozmağa, həmçinin Birləşmiş Krallığın sülhü dəstəkləyən mövqeyinə xələl gətirməyə hesablandığı vurğulanıb. Nəticədə Karlton Klubunun katibi Simon Robinsonun adından Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovaya ünvanlanan 22 yanvar 2024-cü il tarixli rəsmi məktubda bu görüşün klubda baş tutmayacağı bildirilib. Bununla da Baronessa Koksun və erməni diasporunun növbəti təxribatının qarşısı alınıb. Şübhəsiz, bu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı diasporumuzun erməni diasporu və ermənipərəstləri, o cümlədən koksların üzərində qələbəsidir. Bu fakt həm də onu göstərir ki, xarici ölkələrdə yaşayan azərbaycanlılar və Azərbaycan diaspor təşkilatları tutarlı dəlillərlə erməni təbliğatına qarşı mübarizə aparmaqdadırlar. Şübhəsiz, bu uğur digər ölkələrdəki diaspor təşkilatlarına da ruh yüksəkliyi verəcək. Bu, həm də Avropada Azərbaycan diasporlarının artıq böyük təsir imkanlarına malik təşkilatlara çevrilməsi deməkdir.

Yalana, saxtakarlığa söykənən feyk-informasiyaları, eləcə də hayların uydurduqlarını siyasi təzyiq alə­tinə çevirməyə cəhdlər edən və bölgədə separatizmi alovlandırmağa çalışan  kokslar isə bilməlidirlər ki, bu kimi üsullarla onlar heç nəyə nail ola bilməyəcəklər. Onların bütün beynəlxalq normaları aşaraq müdafiə etməyə çalışdıqları  Ermənistanın Azərbaycanla ikitərəfli təmaslara başlamaqdan, sülh sazişinə aparan yola gəlməkdən savayı heç bir şansı yoxdur.

Qvami Məhəbbətoğlu, “İki sahil”