25 yanvar 2024 01:14
271

Üçüzlü Borrelin ikili standartları

Hayların "şeypurçalan"ı bizə dürlü yaramazlıqları ilə tanışdır

Beynəlxalq təşkilatlarda əleyhimizə çalışan daha biri var. Bu, Cozep Borreldir. Bu adamı yaxşı tanıyırıq. Çəkinmədən əleyhimizə həyasızlıqla "fəal iş" aparanlardan, haylara yarınanlardan biridir. Saç-saqqalından və tutduğu məsul vəzifədən utanmayan bu adamı belə çirkin yollara, haylara məhəbbət, azərbaycanlılara nifrət etməyə sövq  edən nədir? İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra ortaya çıxıb işğalçını müdafiə edən Borrel burnunu hər yerə soxur və öz bəsit düşüncəsinə uyğun olaraq oralardan ölkəmizin əleyhinə nəsə tapır. Özü də bilir ki, ayrı-seçkiliyə yol verir, haqqı-ədaləti tapdalayır, amma bilərəkdən əməlindən əl çəkmir. Tapdığını üfləyib şişirdir, Azərbaycana təzyiq göstərilməsi üçün əlindən gələni beş qaba çəkir. Məsələn, Laçın yoluna Azərbaycan tərəfindən qanuni gömrük nəzarət məntəqəsi qoyulanda bunu az qala hayların faciəsi kimi qələmə verməyə çalışırdı. Avropada oturub Qafqaza darğalıq etmək iddiasında bulunan Cozep bu günlərdə yenə də ölkəmiz haqqında hədə, uydurma və qərəzli fikirlər səsləndirib. Lakin lazımi cavabını da alıb.

“Yanvarın 22-si Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik”.

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin iddialarına dair şərhində qeyd olunub. Ayxan Hacızadə davam edərək deyib: “Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-Avropa İttifaqı münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir.

Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır."

Göründüyü kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Cozep Borrelin fikirlərini rədd edir və haqlı reaksiyadır. Vəzifəsinə və şəxsiyyətinə hörmət qoymayan bu adam rədd olunmağı haqq edib. O cür yüksək qurumun ali nümayəndəsi postunu tutmuş Borrel özünü Makronpərəst və həm də ermənipərəst mövqeyi ilə gözdən salır.

İkili standartların yetişdirdiyi Borreldən bundan artıq bir şey gözləmək də mənasızdır. O cür mühitdən bu cür başabəla diplomatın çıxması təəccüblü deyil. Görünür, fransız ətiri və İrəvan konyakı damarıboş Cozepi çox cəzb edib. Həm də elə cəzb edib ki, onu demokratik dəyərlərdən və həqiqət meyarlarından uzaq salıb.

Azərbaycan həmişə olduğu kimi, özünün beynəlxalq öhdəliklərinə və hüquqa sadiq olmaqla yanaşı, milli maraqlarına zidd olan hər hansı iddiaları və təhdidedici hərəkətləri qətiyyətlə rədd edir. Dövlətimizin rəhbərliyi öz mövqeyini dəfələrlə bildirib, Borrel və onun kimilərin diktəsini qəbul etməyəcəyini, öz siyasətini müstəqim surətdə yeridəcəyini bəyan edib. Borrelin və onun kimi ermənipərəstlərin saxta “ikilikləri” isə hər vaxt bumeranq kimi qayıdıb öz sifətlərinə  çırpılacaqdır. Avropa dəyərlərini Borrel kimiləri təcəssüm etdirəcəksə onda vay o dəyərlərin halına...

Vəli İlyasov, "İki sahil"